Müəllif: Gülbəniz Hüseynli/ Banco.az
Azərbaycanın İqtisadiyyat Nazirliyi makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürüb.
Banco.az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin dərc etdiyi "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, 2024-cü ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 590 milyon manat, 2025-ci ildə - 2 milyard 891,5 milyon manat, 2026-cı ildə - 2 milyard 379,8 milyon manat, 2027-ci ildə isə - 2 milyard 589,8 milyon manat məbləğində proqnozlaşdırılır.
Dövlət büdcəsinin kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
2024-cü ildə kəsirin maliyyələşmə mənbəyi olaraq xarici və daxili borclanmanın payının 62,2 %, ortamüddətli dövrün sonunda isə 42,5 % təşkil edəcəyi gözlənilir. Eyni zamanda, gələn ildə imzalanmış layihələr üzrə cəlb edilən kreditlərin büdcə kəsirinin maliyyələşdirilməsində payının 9,4 %-ə artacağı, dövrün sonuna isə 46,3 %-ə çatacağı proqnozlaşdırılır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60,0 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə ölkədə ÜDM-nin real ifadədə 1,9 faiz artaraq 119,6 milyard manat, o cümlədən qeyri-neft -qaz ÜDM-nin real ifadədə 4,0 faiz artaraq 77,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-nin real ifadədə 0,3 faiz azalacağı gözlənilir.
İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.
Məqalədə qeyd edilib ki, inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcəkdir. Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106,0 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!