Azərbaycanda ilk dəfə olaraq təbii fəlakətlərə dair risk modeli hazırlanıb və yaxın müddətdə istifadəyə veriləcək.
Banco.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktorunun müavini Seymur Mirzəyev XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, hazırda üzərində işlənən bir neçə əlavə layihə də var: "Buna misal olaraq "Open Insure Data", "Insure Bus Gateway" kimi layihələri göstərmək olar. Bu layihələr daha çox məlumat əsaslı qərarların qəbuluna və sığorta şirkətlərinin əməliyyatlarının optimallaşdırılmasına xidmət edir".
S. Mirzəyevin sözlərinə görə, bütün sığorta məhsulları tam şəkildə rəqəmsallaşdırılıb və bu məhsulların idarə olunması elektron platformalar vasitəsilə təmin edilir: "Təbii ki, bu yeniliklər, bu rəqəmsallaşma yalnız ölkə daxilində aparılan işlərlə məhdudlaşmır. Biz xarici dövlətlərdə qeydiyyata alınmış nəqliyyat vasitəsi sahiblərinin Azərbaycana səfərləri zamanı sığorta məhsuluna çıxış imkanını tam təmin etmişik.
Artıq digər ölkələrdən Azərbaycana gələn şəxslər sığorta məhsulunu ölkəyə daxil olmamışdan əvvəl əldə edə bilərlər. Vətəndaşlar üçün sığorta məlumatlarına və xidmətlərinə çıxışın genişləndirilməsi məqsədilə şəxsi sığorta kabinetini təkmilləşdirmişik. Bu şəxsi kabinet vasitəsilə vətəndaşlar artıq bir çox əməliyyatları onlayn formada yerinə yetirə bilirlər. Buna nümunə olaraq, qiymətləndirmədən narazı qalan şəxslərin müstəqil ekspertləri onlayn qaydada təyin etməsini və ekspertiza rəyi ilə tanış olmasını göstərmək olar".
Report
