Balans Hesabatı nədir? - Nümunəli | Banco.az

Balans Hesabatı nədir? - Nümunəli

Hər hansı bir şirkətin maliyyə vəziyyətinin təhlil edilməsi baxımından maliyyə hesabatları olduqca önəmlidir. Maliyyə hesabatları şirkətin investisiya cəlb etməsi, kreditorlar qarşısında öhdəliklərinin problemsiz həyata keçirilməsi və.s bu kimi amillərin reallaşmasında mühim rol oynayır.

Maliyyə hesabatlarının bir neçə növü vardır. Bu yazımda onlardan ən çox istifadə olunan - Balans hesabatı haqqında məlumat verəcəm.

Balans hesabatı -Bir-birini tamamlayan iki hissədən ibarət, müəyyən zaman müddətində hər hansı hadisə və ya fəaliyyətlə bağlı tarazlığı və nisbəti xarakterizə edən göstəricilər sistemidir.

Balans hesabatı bir müəssisənin müəyyən bir ana olan cari maliyyə vəziyyətini göstərir. Konkret tarixə müəssisənin əsas və dövriyyə vəsaitləri və ya kreditor və debitor borclarını əldə etmək üçün bu hesabatdan istifadə edilir. Balans iki hissədən ibarətdir: aktiv (balansın sol hissəsi) və passivlər (balansın sağ hissəsi). Adından da göründüyü kimi balans hesabatı tarazlığı, bərabərliyi əks etdirir. Ona görə də aktivlər və passivlər həmişə bərabər olmalıdır.

Balansın aktiv hissəsi müəssisənin maliyyə vəsaitlərini hara sərf etdiyini, passiv hissəsi isə maliyyə vəsaitlərinin hardan formalaşdığını göstərir. Passiv hissədə müəssisə pulu hansı mənbədən əldə edib (şəxsi vəsait, kredit v.s), aktiv hissədə isə əldə edilmiş maliyyə vəsaitini hara sərf edib – bunları görə bilərik. Passiv hissəyə öhdəliklər və şəxsi kapital da deyilir.

Aktivlər – keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resursdur. Bunlara misal olaraq, müəssisənin ofis və avadanlıqlarını, bina və nəqliyyatını v.s aktivlərini göstərmək olar.

Aktivlər özü də iki hissəyə bölünür:

  • Qısa müddətli aktivlər (Dövriyyə vəsaitləri) –Bir il ərzində öz dəyərini nağd pula çevirə bilən aktivlərdir. Bunlara, nağd pul, debitor borclar (nisyələr), xammal və hazır məhsul v.s aiddir.
  • Uzun müddətli aktivlər (Əsas vəsaitlər) – Bir ildən artıq müddətə öz dəyərini nağd pula çevirə bilən aktivlərdir. Bunlara bina, nəqliyyat, avadalıqlar, müəssisənin torpaq ehtiyyatları v.s aid edilir.

Passiv hissə də iki hissədən ibarətdir: Öhdəlikər və şəxsi kapital.

Öhdəliklər qısa müddətli və uzun müddətli öhdəliklər olmaqla iki hissəyə ayrılır. Öhdəliklər müəssisənin yerinə etirməli olduğu borclarıdır.

  • Qısamüddətli öhdəliklər – bir il ərzində ödənilməli olan borc vəsaitləridir.
  • Uzunmüddətli öhdəliklər – bir ildən artıq müddətə ödənilməli olan borc vəsaitləridir.

Öhdəliklərə, müəssisənin təchizatçılara olan borclarını, bank kreditlərini və digər borclarını aid etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Şəxsi kapital – şirkətin sahibinə və sahiblərinə məxsus pul vəsaitləridir. Bu da özlüyündə iki hissəyə ayrılır:

  • Bölüşdürülməmiş mənfəət – şirkətin ötən ilki mənfəətindən toplanmış amma şirkət sahibləri arasında bölüşdürülməmiş mənfəətdir.
  • Nizamnamə kapitalı – şirkət sahib və ya sahiblərinin müəssisə yaradılarkən ortaya qoyduqları kapitaldır.

Gəlin Balans hesabatına dair bir nümunəyə baxaq:

Geyim istehsalı ilə məşğul olan X şirkətinin 15.03.2019 cu il tarixinə olan balansına nəzər salaq.

Nağd pul ( Şirkətin kassasında)     2000

Bankdakı pul                                    15000

Hazır məhsul (Hələki satılmamış) 7000

Debitorlar (Nisyə satılmış mallar) 30000

Şirkətin binası                                   60000

Nəqliyyat (2 ədəd yük maşını)       30000

Avadanlıq                                          40000

Torpaq (şirkətin əlavə torpağı)      30000

Balansın aktiv hissəsinin cəmi 214000 dir. Deməli Passiv hissə də eyni olmalıdır. İndi passiv hissəyə nəzər salaq:

Xammala gör borc                            10000

Digər (hansısa xidmət qarşılığı)     3000

Bank öhdəlikləri                                60000

Şirkətin öhdəlikləri 73000 dir. Deməli, 141000 şəxsi kaptaldır. Fərz edək ki, şirkət qurularkən şirkət sahibləri 50000 dəyərində pul ilə başlayıblar. ( Nizamnamə kapitalı pul və digər formada ola bilər). Bu zaman 91000 bölüşdürülməmiş mənfəət olacaq.

Nüsrət Xəlilov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et