Uğurlu bir bank işçisi rəqəmlərlə sülh içində olmalıdır | Banco.az

Uğurlu bir bank işçisi rəqəmlərlə sülh içində olmalıdır

Müsahibimiz: Azər-Türk Bank ASC-nın İdarə Heyətinın Sədri Mehmet Sami Acarözmen

Mən Türkiyənin Karaman Rayonunda dünyaya göz açmışam. Bu rayon İç Anadolunun cənubuna düşür, Konya ilə Mersin arasında yerləşir. Karaman tarixi bir yerdir. Burada Yunus Əmrə və Mövlanə kimi tarixi şəxsiyyətlər yaşayıb. Mövlanənin gənclik illəri burada keçib, anasının və yaxınlarının qəbirləri də burada yerləşir. Onu da qeyd etməliyəm ki, Karamanlı türklərin mənşəyi  Azərbaycandan gəlir. Buna görə də, Azərbaycan Türkçəsi mənə doğma gəlir. Çünki ailəmizdəki böyüklər eyni dildə danışırdılar. Karaman rayonunun mərkəz əhali sayısı 150 000-dir və bu rayon Türkiyədə işsiz insanın olmadığı az saylı yerlərdən biridir, çünki şəhərin sənayi bölgəsində kənd təsərufatı ilə əlaqəli çox sayda (Peçenye, meyvə şirəsi, şokolad, süd fabrikləri) fabrikləri mövcuddur.

İlk-orta təhsilimin 4 illik hissəsini Adana şəhərinə bağlı Pozantı qəsəbəsində, qalan hissəsini, yəni orta təhsilimi Karamanda tamamladım.

Uşaqlıq illərimdə daha çox memarlıq və mühəndislik oxumaq istəyirdim.

Universitet təhsilimi İstanbul Universitetinin İqtisadiyyat fakultəsində aldım. Eyni universitetin Sosial Elmlər İnstitutunda magistratura və aspirantura təhsili aldım.

İş fəaliyyətimin ilk 3 ili İstanbulda Dövlət qulluqçuluğu, sonraki 3 ili Özəl bir Bankda Müfəttiş Müavini, daha sonrakı illərdə isə Türkiyyə Respublikası Ziraat Bankında Müfəttiş, Baş Müfəttiş və Filial Müdürlüyü   vəzifələrində işlədim. Hal-hazırda 25.08.2003-cü il tarixində başladığım Azər-Türk Bank ASC-nin İdarə Heyəti Sədrliyi vəzifəsini davam etdirirəm.

Gənc yaşlarımda stol arxasında çalışmağı, Bankda işləməyi təsəvvür belə etmək istəməzdim və daha çox hərəkətli işlərdə işləməyi arzulayırdım.

 Ancaq qismətimiz Bank sektorundan açıldı və 01.01.1981-ci il tarixindən bəri Bank sektorunda işləyirəm.

Çünki mən hərəkətliliyi, çevikliyi, idmana meylli işləri sevirdim, pul ilə təmasda olacaq bir işi, bütün günün bir masa arxasında olmağı ağlıma belə gətirmirdim.

Həmin dövrdə universitetdə akademik dərəcələr üzrə oxumağa başlamışdım və təklif də edirdilər ki,  universitetdə qalıb, dərs deyim. Amma işin maddi tərəfləri də vardı və Türkiyədə o zaman həmin kadr üçün təklif edilən əməkhaqqı çox cüzi idi. 

Həmin maaşla elm təhsil etmək, ailə dolandırmaq, elm öyrənmək mənə çox çətin görünürdü.

Özünü sürətli şəkildə təkmilləşdirmək lazımdır, amma hər hansı bir kitabı qarşınıza açıb qoyanda, “Mən bu ayın sonunda kirayə haqqımı necə ödəyəcəm?” sualı ağlınıza gəlirsə bu sizin üçün bir sıxıntıya çevrilir.

Nəticədə gəlir səviyyəsi bir az daha yüksək olan işlər axtarmağa başladım. Belə məsləklərə isə imtahanla qəbul olmaq mümkün idi, bir universitet təhsili kifayət etmir. Imtahanlar üçün həmişə əlavə hazırlaşmaq lazım gəlir. Hansı peşəyə müraciət etməyinizdən asılı deyil bu, hətta həkim olmaq istəsəniz belə imtahanlara hazırlaşıb, peşəkar təlim keçməyiniz tələb olunur.

Mən də o zaman diqqət yetirdim ki, dövlət müəssisələrində çalışanların aldığı əməkhaqqı elə də yüksək deyil, bununla müqayisədə isə banklar nisbətən daha yaxşı əməkhaqqı təklif edirdi. Beləliklə seçimim bankları üzərində dayandı. İmtahanlara hazırlaşdım. Bir neçə imtahandan keçdim. Özəl bankların bir neçəsinə müraciət etdim, müfəttişlik imtahanı verdim.

Bank sektoruna sadəcə daha rahat yaşamaq, daha yaxşı şərait təklif etdiyi üçün gəldim, sözün doğrusu bankir olmaq istəmirdim.

Bank sektorunun ən sevdiyim xüsusiyyəti müştərilərlə işləmək, həmişə yeni müştərilərlə tanış olmaq, qısacası Bazardakı və Ölkədəki iqtisadi inkişafdan yaxından xəbərdar olmaqdır.

Uşaqlıq və gənclik illərimdə çox kitab oxuduğum üçün bu illərdə ədəbiyyat yönlü bir insan olduğum halda, Bank sektoruna girdikdən sonra riyaziyyatı və rəqəmlərin dünyasını da sevdim.

Mənə stimul verən səbəb işimə duyduğum hörmət, yaxşı bir kollektivlə işləməyim və ən əsasıda o gün görüşməli olduğum müştəriləri Bankdan razı bir şəkildə yola salmaq məcburiyyəti və məsuliyyəti ən əsas səbəblərdir.

Ailədən gələn bir anlayış və təhsil aldığım çox qiymətli müəllimlərimin təsiri ilə Türk Dünyasına həmişə maraq göstərən insan olmuşam. Bu səbəblə T.R. Ziraat Bankı Müşahidə Şurasıca Azər-Türk Bank ASC İdarə Heyəti Sədrliyi təklif edilərkən, bu vəzifəni sevərək qəbul etdim.

Azərbaycana 2003 ili avqust ayının isti bir bazar günündə (yəni 24.08.2003-cü il tarixində) gəldim. Doğrusunu demək gərəkirsə Şəhərin Bakı Soveti, Tarqovi küçəsi, Sahil parkı, İçəri Şəhər və Şəhidlər Xiyabanı xaricindəki bölgələri heç də xoşuma gəlməmişdi. Ancaq şəhərdə 2004-cü ildən etibarən başgicəlləndirici bir sürətlə başlayan abadlaşdırma işləri ilə birlikdə her şey dəyişməyə başladı. Mən bu dəyişikliyə maraqla və həvəslə tamaşa etməyə başladım.

Başda Bakı olmaqla Azərbaycanda baş verən bütöv bir  böyük dəyişikliyin canlı şahidi oldum.

Uğurlu bir bank üçün 3 təməl parametri var:

  1. Pul kapitalı yaxşı olacaq.
  2. İnsan kapitalı yaxşı olacaq.
  3. Texnologiyadan yaxşı yararlanacaq.

Bank işi həddindən artıq nizam-intizam istəyir. Beynin həmişə işləyəcək, ondan yaxşı istifadə etməyi bacaracaq, düşünməyi biləcəksiniz. Vaxtında yatmağı və vaxtında durmağı biləcəksiniz. Gecə həyatı sürən bir insan bankir ola bilməz, çünki rəqəmlərlə işləyir.

Etdiyiniz bir səhv ya banka, ya da müştəriyə ziyan edəcək.

 Ona görə də dincəlməyi bacarmalısınız ki, vaxtında işləyə biləsiniz. Aktiv olmalı, özünüzə diqqət etməlisiniz. Danışmaq qabiliyyəti və davranışlarınız çox önəmlidir.

Bir bankirin bilikdən öncə, onun danışmaq qabiliyyəti gəlir. Necə deyirlər: “Şirin dil ilanı yuvasından çıxardar”.  Yaxşı danışmalı, davranış və hərəkətlərinizdə gözəllik olmalıdır. Geyiminizə, fikir verməlisiniz. Kişilər hər gün üzlərini təmizləyəcək, qadınlar saç düzümünə diqqət edəcəklər. Danışıq, geyim və davranış bir-birini tamamlamalıdır.

Dünyanın bir çox ölkələrinə, Avropaya nəzər salın, orada müxtəlif peşə sahibləri, müəllimlər və ya biznes adamları işə gedərkən çox sərbəst geyinir, istədiyi kimi geyim seçə bilir. Amma banklara girsəniz görərsiniz ki, bankçıların belə bir seçim imkanı yoxdur, onlar daim səliqəli və ciddi görünməlidir. Kostyum geyinib, qalstuk taxmalıdır.  

Əlbəttə ki, hər zaman oxumaq, sürətli şəkildə təkmilləşmək və bazarı ən yaxşı formada təqib etmək lazımdır.

 Mənim hər səhərim Türkiyə və Azərbaycan bank sektorunun təqibi ilə başlayır, xüsusi informasiya xidmətləri vardır ki, mənə ən zəruri xəbərlərin icmallarını təqdim edirlər, istər xəbərlər onlayn məkanda olsun, istər televiziya, istər də qəzet və çap materiallarında, hər gün 30 səhifəyə yaxın sadəcə icmallara baxıram. Mən bazarda baş verənlər ilə bağlı xəbərləri nəzərdən keçirməmiş günə başlamıram. Bazarı çox diqqətlə izləmək lazımdır.

Yaxşı bir bankçı rəqəmləri sevəcək, rəqəmlər ilə sülh içində olacaq.

Tez-tez Türkiyədən iş adamları və s qonaqlarım gəlir. Bildiyiniz kimi mən həm də ATİB-in (Azərbaycan-Türkiyə İş adamları Birliyi)  İdarə heyətinin sədr müaviniyəm. Gələn qonaqların həmişə fərqli sualları olur:

  • Azərbaycanın ÜDM-i nə qədərdir?
  • Bank sektorunun balans böyüklüyü necədir?
  • Problemi kreditlərin həcmi ümumi kredit portfelində nə qədər paya sahibdir?
  • ÜDM-də sənayenin payı nə qədərdir?
  • Dövlət büdcəsinin illik gəlir və xərcləri və s.

Uğurlu bir bank işçisi rəqəmləri sevməli, rəqəmlərlə sülh içində olmalıdır

İqtisadiyyatla bağlı gün ərzində oxuduqlarım 100 səhifəni keçir, bayaq dediyim ki, xəbərlərdən əlavə hər gün çoxlu sayda sənətə imza atmaq məcburiyyətim var. Oxumadığın bir şeyə isə imza ata bilməzsən. Qarşımdakı bu masa dolub-dolub boşalır. Gələn jurnalları oxuyuram, yəni oxumaq ehtiyatlarım dolur. 

Amma gecələr daha rahat yuxuya getmək üçün klassikləri oxuyuram, inanmayacaqsınız, bəlkə də siz qəribə gələcək rus ədəbiyyatının klassikləri - Dostoyevski, Mixael Şoloxov, Maksim Qorkiy, Turgenyev.

Əslində mən bu əsərləri uşaq ikən oxumuşdum, amma işin bu tərəfi çox maraqlıdır ki, onları bu qədər ildən sonra yenidən oxuyurkən, yenidən kəşf edirəm və bu mənim üçün ayrıca bir maraq doğurur.

Amma bu bölgənin tarixi və coğrafiyası ilə əlaqədar da kitablar oxumağı sevirəm. Hazırda oxuduğum kitablardan biri isə Zeki Velidi Tuganla bağlıdır, o, Başkurtların böyük lideri olmuşdur, onun xatirələrini oxuyuram.

Tələbərimizə gəldikdə isə, bir qism var ki, çox oxuyurlar və çox yaxşı yetişiblər, oxuduqlarını da sosial mediada paylaşırlar. Amma kitabı əlinə almağı  heç sevməyən qisim də var, o uşaqlar ki, yalnız sosial mediada oxuduqları ilə kifayətlənir.

Mən tələbələrimə həmişə ilk növbədə deyirəm ki,

  1. Ölkə tarixi və bölgənin tarixi ilə bağlı təməl biliklərə yiyələnsinlər.

Azərbaycanın keçmişi və bu bölgənin keçmişini bilmək lazımdır. Çünki keçmişini bilməsən, bu günü anlaya bilməzsən, bu günü anlaya bilməsən, gələcəklə bağlı strategiyanı qura bilməzsən.

    2. Mədəniyyətlə bağlı təməl biliklərə yiyələnmək vacibdir. Azərbaycanın zəngin tarixi mədəniyyəti vardır, buna görə də Azərbaycan gənci və xüsusən də institut tələbəsi olan Azərbaycan gənci Sabiri, Cavidi oxumamışsa, Nizamidən xəbərsizsə, Məhəmməd Fizulini tanımırsa, heyiflər olsun.

Bir dəfə əməkdaşlarımız ilə bankın ad günündə bir yerə yığışmışdıq. Adəti üzə proqramı özüm aparmağı sevdiyim üçün həmişəki kimi yenə də söz məndə idi və yığışmış hədiyyələrin çoxluğunu gördüm və Fizulidən bir beyt söyləmək istədim ki, kim tapsa bu hədiyyəni ona verəcəyəm. Əməkdaşlardan biri isə Google-un köməkliyi hələ mən beyti oxuyarkən cavabı tapdı. Mən bundan duyuq düşmüşdüm, amma hədiyyəni ona verdim, çünki digərləri də cavabı bilmirdi.

Öz mədəni dəyərlərimizi bilməliyik, təbii ki, bundan əlavə gələcəyə yönəlmiş. Gələcəyi anlamağa imkan verən kitablar da oxumaq lazımdır.

Dünyada qloballaşma tendensiyası sürətlə davam edir. Gələcək yüzilliklərə bağlı dünya görüşümüzü, baxışımızı genişləndirmək məqsədi ilə də kitablar oxumağımız şərtdir.

Mən sadəcə rahat yuxuya getmək üçün klassikləri oxuyuram, çünki oradakı kompozisiyaların gözəlliyi insana rahatlıq gətirir. Onları oxuyaraq gecəni tamamlamağa çalışıram.

Biz ailə olaraq və mənim yaşadığım mühit, ətrafımdakı çevrəm təhsilə sıx bağlı idi. Hələ Türkiyədə Sol Sovet ruzigarlarının əsdiyi dövrdə biz bilirdik ki, Sovet ittifaqı gec tez çökəcək.

İstanbul universitetində çox gözəl müəllimlərdən dərs aldıq. Onlardan biri də Turan Yazqan Hoca. Turan Hoca türk dünyasının ağsaqqalı idi. O, iki il öncə Allah rəhmətinə getdi. 

Bakıdakı Atatürk liseyi onun zəhmətinin bəhrəsidir, həmçinin İqtisad Universitetindəki Türk Dünyası İşlətmələri Fakültəsi onun dəstəyi ilə formalaşıb. Türkiyədə yaratdığı xeyriyyə fondunun köməyi ilə bu kimi layihələrin gerçəkləşməsinə kömək olmağa çalışan bir insan idi.

Bütün bunlar Türk Dünyasında gənclərə sahib çıxmaq, onların daha yaxşı mühitdə təhsil alması üçün şərait yaratmaq, daha gözəl biliklənməsi üçün çalışmaq məqsədi illə həyata keçirilirdi.

2004-cü ildə Turan Hoca Bakıya gəlmişdi, mən də onun yaxın bir tələbəsi idim. Biz təsadüfən bir nahar süfrəsində qarşılaşdıq. Bakıda olma səbəbimi ona izah etdim “Qərb küləyinin məni bura atdı”-ğını söylədim. O, isə dedi ki, “Yaxşı ki gəlmisən, artıq səndə bizim məktəblərə sahib çıx, köməyini əsirgəmə”.

Onun bu sözlərini bir tapşırıq kimi qəbul etdim, ondan sonra 9 ildir dərslərə girirəm. Bunu heç bir təmənna olmadan edirəm. Sərmayə bazarları, kapital bazarları, bankçılıq və s dən dərslərə girirəm. Beş ildə Qafqaz universitetinin magistratura tələblərinə dərs dedim.

Biliklərimi paylaşmağın mənim tam bir məsuliyyətim olduğunu düşünürəm.

Nəyi paylaşıram? Təbii ki mən akademik bir müəllim deyiləm, düzdür bu işin təməl bilgilərini aldım, həmçinin magistr və aspirantura təhsilim də oldu. Sadəcə mən akademik yolla getmədim, yəni özümü elmi fəaliyyətə həsr etmədim. Mən tələbələrimlə öz təcrübəmi və iş dünyasının reallıqlarından qazandığım bilikləri paylaşıram. 

Mən tələbələrimlə dost kimiyəm, əlbəttə ki ilk növbədə müəllim, amma həm də onları hər bir sirrinə şərik ola bilək dostları olmağa çalışdım.

Mən insan olaraq, fərqli xarakterə sahibəm, necə ki iş yoldaşlarımla, eləcə də tələbələrimlə dost olmağa çalışdım.

Mən işçilərimlə də sadəcə sədr kimi davranmıram.

Təbii ki. qarşıdakı insan sizin davranış tərzini anlamayacaqsa, onlarla anlaya biləcəyi dildə davranmaq lazımdır. Amma qarşınızda parlaq bir gənclər varsa, gözəl insanlar varsa (necə ki, tələbələrim gözəl insanlardır) onlarla dostcasına davranmamaq mümkün deyil.

Biz oturar, onların gələcəyi və karyera planları ilə bağlı söhbətlər edərik. Mən onlarla həmişə səmimi davrandım,  zatən səmimilik mənim təbii xüsusiyyətimdir, səmimilik içdən gəlir.

Onlar da çox bacarıqlı, gələcəkləri parlaq gənclər, onlar süni və təbii davranışı seçə bilir ki, əlbəttə ki və siz onlara təbii olaraq səmimi davranırsınızsa, onlar da sizə eyni şəkildə qarşılıq verir. Bizim tələbələrimiz ilə olan yaxınlığın təməli budur.

İnsan təbii olmalı, səmimi davranmalıdır, mən onların dərdləri ilə ortaq olmağa, sevinclərini paylaşmağa çalışdım.

Yüzlərlə tələbəyə bu bankda praktika keçmək şansı yaratdım və ya onların başqa yerlərdə təcrübə keçməsi üçün dostlardan, tanışlardan xahiş etdim ki, daha yaxşı hazırlansınlar.

Tələbələrimə çox dəyər verirəm, onlar Azərbaycanın gələcəyidir

 Ingils. Türk. Rus dilini çox gözəl bilən tələblər var, onlar artıq dövlət qurumlarında belə gözəl mövqelərə yüksəlməyə başlayıb, bəziləri təhsili davam etdirmək üçün Avropa və Amerikaya gedib.

Təəssüf ki, gedənlərin bəzi qismi geri qayıtmır, amma qayıdanlar da var, ümid edirəm ki, digərləri də qayıdacaq. 

Tələbələrimin uğurlu, müvəffəqiyyətli olması mənə sevinc həyəcanı bəxş edir.

Bunu gördükcə, ən yorğun günümdə belə, dərsə gedərkən və dərs başladıqda bütün yorğunluğumu unuduram.

Onlardakı o enerji, gözlərindəki ümid işığı mənim yorğunluğumu tamamı ilə yox edir. Tələbələrimizlə bu qədər yaş fərqinə baxmayaraq dostuq və əlimdən gələn hər şeylə onlara kömək etməyə hazıram.

Banco.az-ı təqib edirəm, yazdığı yazıları ciddi əsaslandırma baxımından  digərlərindən çox fərqlənir, bank sektoruna yönəlik yazıları hamı tərəfindən ciddiyə alınır. Bu yolda sizə daha da uğurlar arzu edirəm.

Ən sərfəli krediti almaq üçün müraciət et