Rəşad Məmmədov: "Heç bir inkubasiya mərkəzi bir biri ilə rəqabət aparmır" | Banco.az

Rəşad Məmmədov: "Heç bir inkubasiya mərkəzi bir biri ilə rəqabət aparmır"

Müsahibimiz "Baku Business Factory"nin (BBF) layihə rəhbəri Rəşad Məmmədov

Rəşad bəylə, hazırda ən aktual mövzulardan biri olan Azərbaycanda startap mühitinin inkişafı və BBF-in bu sahədəki töhfələrindən danışdıq.

  • Rəşad bəy, necə oldu ki, BBF-ə gəldiniz?

Bu ilin oktyabr ayında mənim BBF-də fəaliyyət göstərməyimin bir ili tamam oldu. Bundan daha öncə mən bir neçə beynəlxalq daşıma şirkətində, kommunikasiya şirkətində, xarici şirkətlərin yerli nümayəndəliyində, yerli şirkətlərdə, inşaat sektorunda  bir sözlə fərqli sahələrdə işləmişəm. Əsas çalışdığım sahə korporativ satış sahəsidir və bu sahə bir çox şirkətlərin ürəyi hesab olunur, çünki satış olmasa heç bir şirkətin inkişafından danışmaq olmaz.

Bunun üçün də mən BBF-ə müraciət etdim və burada layihə rəhbəri kimi fəaliyyət göstərirəm.  BBF - ideya olaraq, 2014-cü ildə formalaşıb, reallaşması, dizayn, layihənin sənədləşməsi, nizamnamə və s. işlər 2015-ci ildə yekunlaşıb.

BBF kimdənsə nəsə öyrənə biləcəyin və kiməsə nəsə öyrədə biləcəyin bir layihədir. Mənim üçün maraqlı tərəfi odur ki, burada hər zaman yeni layihələr olur, yeni-yeni insanlar, qruplar ilə tanış olmaq imkanı yaranır və bu birlikdə inkişaf etməyə əsas kömək olur.

  • Bəs, özünüzün biznes qurmaq ideyası olub nə vaxtsa?

2009-cu ildə  Azercell-də çalışarkən, regionlardan birində korportiv satışlar üzrə nümayəndə idim. Bakıya döndüyümdə  belə bir ideya ağlıma gəldi, kiçik bir ailə biznesimi qurum, iki ay içərisində çox uğurla inkişaf edirdi. Sadəcə daha yaxşı bir iş təklifi aldığım üçün o layihəni buraxmalı oldum, çünki daha gəlirli bir sahədən təklif almışdım və onu dostuma həvalə etdim: bu çay biznesi idi, orqanik çayın qablaşdıırlması və satışının təşkili. Layihə hələ də işləyir.

  • Biznesə başlamaq istəyənlərin üç seçimi var: fərdi - özəl ofis, biznes plazalar və kovörkinq mərkəzləri. Bəs kimlərin kovörkinqə müraciəti daha çox məsləhətdir?

Əslində şirkət açmaq istəyən hər kəs müəyyən növ satış həyata keçirəcək – bu məhsul satışı ola bilər, ya xidmət satışı və ya beynəlxalq təmsilçilik.  Bunun üçün ilk öncə bir neçə müştəri olmalıdır. İdeyası yaxşı olan gənclər çox ola bilər. Amma gerçəkləşdirmək üçün onlara ofis tələb olunacaq.

Bu gün Bakıda normal, mərkəzdə, şəraiti olan ofis qurmaq üçün təxminən ayda 800 - 1000 manat xərciniz çıxacaq.  Kövörkinqlərin üstünlüyü nədir?

Şirkət balaca bir ideyadan yarandığı zaman sizin 3-5 nəfərdən ibarət komandanız olur, özünüzü tanıtmaq üçün müəyyən məkan seçməlisiniz. Kovörkinqlərin üstünlüyü odur ki, bura gəlib gedənlərin və müxtəlif sahələrdə işləyən insanların sayı çoxdur. Bunlar bir biri ilə sıx əlaqədə olurlar və özləri ətrafında olan dostların  PR-nı etməyə başlayırlar, bu da onların inkişaf etməsinə dəstək olur.

Baku Business Factory - BBF adlı şəxsin şəkli.

  • Hazırda Azərbaycanda startap mühiti necədir? Bəs startap inkubasiya mərkəzləri arasında rəqabət varmı?

Yenicə Almaniya-Azəbaycan iqtisadiyyat Nazirliklərinin birgə həyata keçirdikləri “Menecerlərin treninq və təlim proqramı”ndan qayıtmışam və Almaniyanın startap mühitini çox yaxından izləmişəm.

Təbii ki, Almaniya və Azərbaycan arasında fərqlər çox ciddidir və startap mühitləri də çox fərqlənir

Səbəb ondan ibarətdir ki, onlar artıq 20 ildir ki, bu startap rejiminə keçiblər, biz də isə kovorkinq və startapların başlanğıcı 2009-2010-cu illərdə qoyulub.

Onlara görə startup sayılan şirkətlər bizə görə mikro şirkətlərdir. Onların mikro saydığı şirkətlər bizdə artıq orta ölçülü şirkətlərdir.  Çünki onlar kiçik sahibkarlıq deyəndə ən azı 200- 300 nəfər işçisi olan şirkət nəzərdə tuturlar. Bundan əlavə olaraq onların bazarı çox genişdir, bazarda hər kəs üçün pay var, orada yaranan startapların inkişaf etməsi ehtimalı bizə nəzərən daha yüksəkdir.

Azərbaycan startapları isə cavandır.

Startap mühiti üçün dövlətin özünün bir proqrmı vardır, hal-hazırda bu proqramın fəaliyyətini daha da genişləndirməyə çalışırlar, yenicə bir toplantı oldu. İqtisadiyyat nazirliyinin nəzdində və bütün startap və inkubasiya mərkəzləri  bir araya gəlib bu mühiti necə inkişaf etdirə bilərik, ekosistemi  necə gücləndirə bilərik, mövzusunda görüş keçirdik. Bu görüşlər mütəmadi olaraq keçiriləcək. 

Xoş hal ondan ibarətdir ki, heç bir inkubasiya mərkəzi bir biri ilə rəqabət aparmır. 

  • Məncə rəqabət inkişaf deməkdir, niyə rəqabət olmaması yaxşı hal olsun ki?

Bütün startap mərkəzləri hazırda bir birinə dəstək olmağa çalışır və ümumi məqsəd üçün, Azərbaycanda startap mühitinin inkişafı üçün çalışır. Digər inkubasiya mərkəzləri bizim startaplara dəstək olmağa çalışır, biz  digər inkubasiya mərkəzlərində olan startaplara dəstək olmağa çalışırıq.

Almaniyanın bir dövlət kimi inkişaf etmə səbəbi kiçik və orta sahibkarlığın inkişafıdır. Çünki KOS-lar nə qədər çox inkişaf edərsə, həmin ölkədə iqtisadiyyat o qədər güclənir. Nəyə görə bu bizdə də olmasın.

Startplar üçün yeni imkalar axtarılır, yeni sponsorlar, investorlar axtarılacaq.

  • Hazırda BBF-də neçə startap fəaliyyət göstərir?

Bu günə qədər BBF-də 30-dan çox startap iştirak edib, onların içərisində uğurlu və uğursuz startaplar da olub. Uğurlu saydığımız layihələr sırasında ObaNatur, Mr.Bee, Keepface, TicketSetup kimi layihələr var. 

Kovörkinq xidmətinə gəldikdə isə - əslində xarici ölkələrdə kovörkinq xidməti ödənişli olur. Yəni yerlərin müqabilində ödəniş alınır, azərbaycanda da bu praktika var.

Biz seçimdən sonra layihələrə yer veririk və bizim ofisdə 3-6 ay qalmasına şərait yaradırıq.  Bu müddət ərzində biz onların işini izləyirik və həqiqətən də ciddi şirkətdirsə və böyüməyə maraqlıdırsa, biz gələcəkdə olan hər hansı bir investor üçün zəmanət daşımağa hazır oluruq. Artıq startap  kimi fəaliyyət göstərə biləcəyini biz əminliklə həmin investora bildiririk.

  • Startapların seçim prosesi necə olur?

Bu günə qədər bizə 1000-dən çox müraciət olunub. Çoxu primitiv, sadə layihələrdir:  Onlayn satış saytı açmaq istəyən, köynək çap edən, restoranlara qiymət və menyu siyahısı dərc edən və ya dükan açmaq istəyən şəxslər. Bunlar adi bizneslərdir. Bu tip layihələri biz  qəbul etmirik. Çünki kimsə dükan açmaq istəyirsə, gedib açsın, onun bizim ofisdə oturması gərəkmir.

Daha vacib olan və böyümə potensialı olan,  maraqlı layihələrə yer veririk.

Bizim missayımız fərqlidir, ofisimiz 24 saat açıqdır, həftənin hər günü fəaliyyət göstərir. Bu şəraiti biz o insanlara yaratmışıq ki, onlar həqiqətən ölkə iqtisadiyyatına dəstək olacaq, böyüyüb bir şirkətə çeviriləcəklər, onların öz komandası olacaq, gəlirləri olacaq və böyüyüb dövlətə vergi ödəyəcəklər.

Gələn bütün müraciətlər idarə heyətinə göndərilir, iqtisadçılar onlara baxır, onların uğurlu olub-olmayacağı haqqında ilkin fikirlər formalaşır.  Sonra ideya müəllifləri dəvət olunur və onlar bizim üçün təqdimat edir. Sonra həmin intervü zamanı bizə bəlli olur ki, bu layihə rəhbəri öz işinə ciddi yanaşacaq ya yanaşmayacaq. Ona uyğun olaraq  biz qərar veririk. Qısa müddət ərzində kovörkinq mərkəzində əyləşir və orada bizə  mütəmadi olaraq, iki üç aydan bir hesabat verir.

  • BBF daha hansı xidmətlər təklif edir?

Bizim şüarımız gənclərin öz təşəbbüsünü ideayadan reala çevirməsində yardımçı olmaqdır.

Düzdür, bizim kovörkinqdə, startap sahəsində oturan gənclər var, amma biz bununla kifayətlənmirik.  Azərbaycanda olan iqtisadi duruma kiçik də olsa bir töhfəmiz olmasını istəyirik.

Tanıdığımız ən yaxşı mentorları, öz sahəsinin peşəkarlarını biz könüllü olaraq dəvət etmişik BBF-ə.  Onlarla birlikdə gənclərin, universitetlərin sonuncu kurs tələblərinin “BBF-lə startap” layihəsində iştirak etməsinə səy göstəririk. Bu layihədə gənclər “Şirkət necə qurulmalıdır; Satışı  necə etməlidirlər?; Marketinq  necə olmalıdır?; Digital marketinq necə olmalıdır?; Vaxt planlaması; Netvökinq; Hüquqi şirkət necə yaranmalıdır?; Vergi ödənişləri necə edilməlidir?” və s kimi suallara cavab tapırlar. Bu da hər bir ilkin biznesə başlayan startapçı üçün maraqlı və vacib olan mövzulardır.

İkinci mərhələdə biz öz məzunlarımız öz netvörkinqimizə qoşuruq, yeni layihələr olduğu , yeni mentorluq təlimləri olduğu zaman onları dəvət edirik.

Bundan başqa yerli və xarici bazarı çox yaxşı bilən marketoloqu onların görüşünə dəvət edəcəyik. “Hansı sahələr boşdur və bu sahələri necə doldurmaq” olar mövzusunda onlarla ətraflı görüş keçirəcəyik.

  • Mənə hərdən elə gəlir ki, BBF-in potensialı tam istifadə olunmur

Razıyam sizinlə, potensial ona görə tam istifadə olunmur ki, bizə müraciət edən layihələrin çoxu bizim gözləntilərə cavab vermir.  Əksəriyyəti qısa müddətli və bazarda özünə yer tuta bilməyəcək layihələrdir. Bizim isə gözləntimiz gənclərin böyüyüb, bazarda özünə yer və pay tuta biləcək ideya və layihələrlə müraciət etməsidir.

Bizim uğurumuz o olacaq ki, layihələrimiz müəyyən bazar payı tutmuş olsun, özləri ofis götürsün, yeni əməkdaşları, kadrları olsun, vergi ödəyicilərinə çevrilsin.

  • Azərbaycanda insanlar ümumi götürdükdə fərdiliyə, tənhalığa meylli olur, yəni hərə başını aşağı salıb, öz küncünə çəkilib öz işi ilə məşğul olur. Bəs, sizin kovörkinqdə çalışanlar arasında qaynaşma necə varmı?

Bizim kovörkinq sakinləri bir birinə dəstək olmağa çalışır. Əslində fikir versəniz, görərsiniz ki, bizim kövörkinqdə bir-birinə rəqib olmayan və tam fərqli sahələrə aid startaplardır. Ona görə də istər digital marketinqlə bağlı MediaMark olsun, istər bizim dizaynerlər digər kovörkinq üzvlərinə kömək edirlər, dəstək olmağa çalışırlar.

Amma hal-hazırda biz daha da inkişafa meyli startapların cəlb olunmasını istəyirik və bu zaman ortam daha da qaynar olacaq.

Startupların inkişafı fəaliyyət göstərən bütün inkubasiya mərkəzləri Azərbaycanda pilot layihələrdir.  Azərbaycanda startap mühiti hal-hazırda çox yaxşı vəziyyətədir –deyə bilmərik.

Avropa startpaları ilə müqayisə etdikdə bizim layihələr çox kiçikdir. Tək-tək hallarda bəzi layihələr böyüyür və beynəlxalq çıxış əldə edir. Digər layihələr  çox kiçikdir və bizim Azərbaycanda bazar payı çox balacadır. Onların bazara girməsi bir az çətin məsələdir.  Ona görə də düzgün ideya və düzgün startap seçilməlidir.

  • BBF olaraq, hansı xarici inkubasiya mərkəzləri ilə əməkdaşlıq edirsiniz və ya təcrübəsini öyrənirsiniz?

MyLittleJob deyilən bir təşkilat ilə görüşlərimiz var, onlar Almaniyada olan təşkilatlara həddindən  artıq dəstək göstərirlər. Onlar üçün müxtəlif seminarlar, oyunlar, təlimlər tədbirlər keçirirlər və təcrübələrini bizimlə paylaşmağa hazırdırlar. Belə bir seminarın birindən təzəcə qayıtmışıq. Biz orada BBF-i və Azərbaycanı təmsil etmişik

Öz növbəmizdə biz də onları  dəvət edirik Azərbaycana. Həmin startaplar Azərbaycana gəldikdə biz onları leqal xidmət, pulsuz ofis, şəhərdə gəzinti, bələdçilik ilə təmin  edirik, görüşmək istədikləri şirkətlər ilə görüş təşkil edirik. Və bütün bunların da qarşılığını onlardan gözləyirik.

Təşəkkürlər, Könül Soltanova

Ən sərfəli krediti almaq üçün müraciət et