İnsanlara təsir göstərməyin 8 əsas üsulu ilə tanış olaq | Banco.az

İnsanlara təsir göstərməyin 8 əsas üsulu ilə tanış olaq

Tamara Mustafayeva, Banco.az

İnsanlarla düzgün münasibət qurmaq və yaxşı ünsiyyət yaratmaq olduqca mühümdür. Düzgün ünsiyyət qurmadan hər hansı bir satış icra edə bilməz, yeni bir əşya ala bilməz, karyeranızda uğur qazana bilməz, heç kəsə heç nə öyrədə bilməzsiniz. Şirkət rəhbərləri sərt rəftar etməklə deyil, insanlara həssas yanaşmaqla öz işlərində uğur qazana bilirlər. Bununla da digər insanların onların yolu ilə getməsinə nail olur, hər zaman başqalarına ilham mənbəyi hesab edilirlər.

Demək olar ki, hər kəsin həyatında ona ilham mənbəyi olan insanlar mövcuddur. Belə ki, həmin insanların hərəkət və davranışları sizə təsir edər, motivasiya verər və nəticədə uğura aparar. Bəs siz də başqa insanların həyatına təsir göstərmək və onlara ilham olmaq istərdinizmi?

1. Müstəqil olun

İnsanlara müsbət cəhətdən təsir göstərmək üçün müstəqil olmalısınız. Yəni, heç kəsdən asılı olmadan, başqalarını təqlid etməyə çalışmadan məxsusi cəhətlərinizi ortaya çıxarmalısınız.

Sosial media influenserlərinin insanlar tərəfindən bu qədər rəğbət görməsinin əsas səbəblərindən biri özləri üçün məxsusi məzmun formalaşdırmaları və ya məlum məzmunə fərqli perspektivlərdən yanaşmalarıdır. İnsanlar özünə məxsus dəyərləri olan şəxslərə hər zaman hörmət edirlər.

Ziddiyyətlər isə hər kəsi narahat edir, çünki adətən qətiyyətlilik və qərarlılıq görmək istəyirik. Kimsə bizə həyat hekayəsindən və dəyərlərindən bəhs etsə, ancaq, əslində, bu düşüncə və fikirlərinə zidd həyat sürsə, həmin insanlara qarşı inamımız zədələnər.

2. Dinləyin, çünki insanların buna ehtiyacı var

Başqa insanlara təsir göstərmək üçün əvvəlcə onların nə söylədiyini dinləməli, söyləmədiklərini isə anlamalısınız. Çünki insanlar hər zaman dəstəklənmək üçün çalışırlar.

3. Məşğul olduğunuz sahənin mütəxəssisi olun

Demək olar ki, bütün insanlar öz sahəsinin bilicisi olan şəxslərin fikir və düşüncələrinə daha çox etibar edirlər. Hər hansı bir mübahisəli məsələdə adətən mütəxəssis rəyinin nəzərə alınması da məhz bu səbəbdəndir. Odur ki, məşğul olduğunuz, çalışdığınız, oxuduğunuz sahənin peşəkar bilicisi olmağa çalışın.

4. Hekayələr danışın

Şəxsi təcrübələr və yaşanılmış, real hekayələr hər zaman insanlara təsir göstərən güclü vasitə olmuşdur. Yerində və zamanında danışılan bu hekayələr insanların böyük marağına səbəb olacaqdır.

İnsanlara təsir göstərmək istəyirsinizsə, hekayə nəql etməyi bacarmalısınız. Təbii ki, düzgün, aydın və şəffaf informasiya verməyiniz və danışdıqlarınızın məsələ ilə bağlı olması zəruridir.

5. Hər kəsin ən az bir üstün cəhəti var

İnsanlara müsbət təsir göstərməyin güclü üsullarından biri də onların hansı işi yaxşı icra etdiklərini ortaya çıxarmaqdır. Problem axtarmaq əvəzinə uğurları araşdırın.

Ən sərfəli kredit üçün müraciət et

6. Təriflərə xüsusi diqqət yetirin

Əgər tabeliyinizdə çalışan işçilər varsa və siz onların rəhbəri isəniz, bu zaman onların işini və uğurlarını hər zaman qiymətləndirməyi bacarmalısınız. Hər hansı bir müəssisədə çalışan işçi heyətinin bir üzvü isəniz, bu halda da iş yoldaşlarınızın məxsusi bacarıq və keyfiyyətlərini təqdir etməyi unutmayın.

7. Hər zaman həqiqətləri söyləmək əvəzinə nəzakətli olun

İnsanın özünü təsdiqləməyə çalışması çox normal hadisədir. Özünəinam hissi zəif olan və ya tez-tez başqalarının fikirlərinə üstünlük verən insanlar üçün haqlı olmaq vacibdir. “Haqlı” olduğunu bilmək həmin şəxslərin eqosuna müsbət təsir göstərir. Ancaq hər zaman “haqlı” olmağa çalışarkən bəzən digər insanlara istəməsək də, zərər verə bilirik. Hər hansı bir insana qarşı kobud rəftar etdiyimiz zaman ona çatdırmaq istədiyimiz məlumatı dinləməsi, dinləsə belə, qəbul etməsi asan olmayacaq.

8. Qarşıdakı insanın məntiqi, emosional və əməkdaşlıq ehtiyaclarını başa düşməyə çalışın

Məntiqi ehtiyac rasional və öyrədici ehtiyaclardır. Emosional ehtiyac isə insanlara dərindən və şəxsi təsir göstərən informasiyadır. Əməkdaşlıq ehtiyacı fərdlərin ehtiyac duyduğu əməkdaşlıq səviyyəsini anlamaq və buna müvafiq olaraq hərəkət etməkdir.

Ümumi sistemin açar nöqtəsi isə fərqli insanların fərqli ehtiyaclarının olduğunu anlamaqdır. Belə ki, bəzi insanlar emosional həll yolunu məntiqi yanaşmadan yaxşı qavrayacaq, bəziləri isə əməkdaşlıq fürsəti əldə etməyi emosional ünsiyyətdən üstün tutacaqlar.

Hədəf kütləsini tanımaq onlara düzgün təsir göstərmək üçün nə etməli olduğunuzu anlamağınıza yardımçı olacaq. Odur ki, təsir göstərməyə çalışdığınız insanlar haqqında kifayət qədər məlumatlı olmalısınız.

Həmçinin oxu: Sahibkarlığın ilk ili yaranan problemlərlə necə mübarizə aparmaq olar?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram