Müəllif: Mehin Qasımova, Banco.az
Banklarla maliyyə texnologiyaları (fintex) şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, açıq bankçılığın inkişafı və ani ödənişlər sistemindən istifadənin artırılması isə rəqəmsal maliyyə xidmətlərinin inkişafında əsas istiqamətlərdəndir.
Banco.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bankların, fintex şirkətlərinin və tənzimləyici qurumların bir araya gəlməsi mövcud imkanların konkret biznes əlaqələrinə və birgə layihələrə çevrilməsinə şərait yaradır. Türk dövlətlərindən olan tərəfdaşların bu prosesdə iştirakı isə regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Z.Nuriyev qeyd edib ki, Azərbaycanda nağdsız ödənişlərin həcminin artması tendensiyası 2025-ci ildə olduğu kimi, 2026-cı ildə də davam edir. Nağdsız ödənişlərin genişlənməsi iqtisadi fəallığın artmasına, hesablaşmaların daha səmərəli həyata keçirilməsinə və müasir maliyyə xidmətlərinin əlçatanlığının yüksəlməsinə töhfə verir.
ABA prezidenti rəqəmsal ödənişlərin inkişafının növbəti mərhələsində ani ödənişlər sistemindən və digər müasir ödəniş həllərindən istifadənin genişləndirilməsinin əsas hədəflərdən olduğunu vurğulayıb.
O, həmçinin açıq bankçılığın inkişafının və banklarla fintex şirkətləri arasında texnoloji əməkdaşlığın dərinləşdirilməsinin prioritet istiqamətlər sırasında yer aldığını bildirib.
Z.Nuriyevin sözlərinə görə, bankların mövcud infrastrukturu və geniş müştəri bazası ilə fintex şirkətlərinin texnoloji imkanlarının birləşdirilməsi yeni məhsul və xidmətlərin yaradılmasına imkan verə bilər. Bu əməkdaşlıq vətəndaşların maliyyə xidmətlərindən daha rahat istifadə etməsinə, sahibkarların isə ödənişləri daha əlverişli şərtlərlə qəbul etməsinə şərait yarada bilər.
ABA prezidenti rəqəmsal maliyyə xidmətlərinin inkişafında təhlükəsizlik məsələlərinin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, yeni texnologiyaların tətbiqi ilə risklərin idarə olunması arasında tarazlığın qorunması sektorun dayanıqlı inkişafı üçün vacibdir.
Z.Nuriyev müştəri məlumatlarının qorunmasının, risklərin düzgün idarə edilməsinin və əhalinin maliyyə xidmətlərindən təhlükəsiz istifadə ilə bağlı maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, banklar, fintex şirkətləri və tənzimləyici qurumlar arasında əməkdaşlığın gücləndirilməsi rəqəmsal ödənişlərin yayılmasına, maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və nağdsız hesablaşmaların daha da genişlənməsinə xidmət edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
