Müəllif : Şadiyyə Amanova, AFB Bank Audit Komitəsinin sədri
Azərbaycanda son dövrlərdə həyata keçirilən islahatlar bank sisteminin sabitliyinin və dinamik inkişafinın təmin edilməsi üçün əlverişli şərait yaratmaqdadır. Bu sistemin səmərəli fəaliyəti istər iqtisadi, istərsə də sosial inkişafımız üçün vacib hesab olunur. Bu baxımdan da müasir bank sisteminin dayanıqlığının və etibarlılığının təmin edilməsi xüsusi zərurətdən irəli gəlir. Son dövrlərdə bankların inkişafında daha yeni xidmətlər və meyillər nəzərə çarpmaqdadır. Xüsusilə də bu sistemin rəqəmsal istiqaməti və xidmətlərə meyilin artması müasir dünyanın çağırışları ilə də sıx bağlıdır. Hazırda bir çox ölkələrdə iqtisadiyyatın bütün sahələrində rəqəmsallaşma inkişaf edir. Əsasən də bankçılıq sahəsində qərarvermənin, zəruri təhlil və qiymətləndirmələrin avtomatlaşdırılması daha çox müşahidə edilən bir prosesdir. Bu sahədə dövlət səviyyəsində yaradılan mühit və infrastrukturun da öz müsbət təsirləri vardır (elektron imza, əməliyyatların elektron qaydada aparılması və s.).
Tədqiqatlar göstərir ki, 2008-ci il maliyyə böhranından sonra davamlı maliyyələşdirmə ehtiyacı birbaşa (P2P) kredit xidmətləri artımına və bu məhsulların populyarlığına gətirib çıxarmış və bu platformalar, ənənəvi maliyyə qurumları tərəfindən imtina edilənlərə maliyyələşmə imkanı vermişdir. Həmçinin, belə bir şəraitdə kreditorlar fərdi qaydada və daha yaxşı investisiya imkanları təklif edən aşağı faiz dərəcələri ilə maliyyələşdirmə imkanı əldə etmişlər. Nəticədə, bütün bu texnoloji yeniliklərin tətbiqi Maliyyə Texnologiyalarını və ya qısaca desək FinTech şirkətlərinin yaranmasına səbəb olmuşdur.
Klassik və ənənəvi bankçılıq sisteminə dağıdıcı təsir edən FinTech şirkətlər internetin sürətlə artması, smartfonların mövcudluğu və məlumatların toplanması, emalı və hesablama qabiliyyətinin yaxşılaşdırılması kimi müxtəlif texnoloji yeniliklərdən uğurla istifadə edərək, ödəniş prosesini istehlakçılar və şirkətlər üçün daha ucuz və əlçatan etdilər. Ödənişlərin emalı inqilabının yaratdığı kütləvi dəyişikliklər artıq milyonlarla insanın şirkətlərlə qarşılıqlı əlaqəsini kəskin şəkildə dəyişdirməkdədir. Nəticədə, FinTech şirkətlər maliyyə dünyasını dəyişərək fiziki şəxslər, startaplar və ənənəvi maliyyə qurumları üçün innovativ maliyyə sistemi məhsullarının yaradılmasına səbəb olmaqdadır. Qeyd etmək lazımdır ki, hazırda bu şirkətlər mövcud maliyyə qurumlarına qarşı mübarizədə müəyyən uğur əldə edirlər .
Təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə banklar əsasən də satış prosesinin rəqəmsallaşması üçün İT strategiyasında köklü dəyişikliklər edərək Fintech şirkətlər ilə birgə əməkdaşlıq çərçivəsində həm də xərclərin azaldılmasına müvəffəq olmaqdadır. Lakin ödəniş sistemi və xidmət proseslərində durmadan çevik və geniş inqilabi yeniliklər edən Alibaba, Facebook və Google və s. kimi şirkətlərlə ayaqlaşmaq, davamlı müştəri tələblərini həm vaxt və həm də xərc etibarıilə asanlaşdırmaq banklar üçün çətin olsa da çox mühüm və zəruridir.
Azərbaycanda da maliyyə xidmət sektorunun strateji hədəflərində rəqəmsal transformasiyasının sürətləndirilməsi və tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəflərdən hesab olunur.Qeyd edək ki, ilk öncə ölkənin bu sahə üzrə təkmil qanunvericilik bazası yaradılmalı, Fintech şirkətlərin lisenziya ilə fəaliyyəti təmin olunmalı və tənzimləyici orqanlar tərəfindən prudensial qaydalar çərçivəsində nəzarət gücləndirilməlidir. Qanunvericilik bazası yüksək nailiyyətlərin əldə olunmasını şərtləndirməklə, ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının şaxələndirilməsini, ödəniş sistemləri sahəsində effektiv tənzimləmə və nəzarət çərçivəsinin formalaşmasını, rəqabət mühitinin daha da artmasını təmin edə bilər. Rəqəmsal transformasiyanın tətbiqində mövcud dövlət proqramında nəzərdə tutulan tədbirlərdən biri də Ani Ödənişlər Sisteminin (AÖS) yaradılmasıdır. Ölkəmizdə mal və xidmətlərə tələbat artdıqca, müasir e-banking, m-banking həllərin tətbiqi sürətləndikcə günbəgün böyüyən iqtisadiyyatda ödənişlərin aparılması müasir, rahat və daha az xərcli üsulların tətbiqini qaçılmaz edir. Dünya ölkələri ilə rəqabətə davam gətirmək məqsədi ilə müasir bankçılığın,o cümlədən AÖS-nin tətbiqi, həmçinin banklarımızın Fintech şirkətlərlə birgə əməkdaşlığı növbəti beşillikdə hər bir istehlakçının fərdi-individual bank məhsul və xidmətləri ilə təmin olunmasını şərtləndirəcəkdir. Lakin texniki həllərlə yanaşı rəqəmsal platformalara keçiddə bu məhsullara əlçatanlığın təmin olunması və effektiv inkişafı üçün aşağıdakı addımların atılması da zəruri hesab olunur:
- Nağdsız ödənişə keçidi stimullaşdıran layihələrin tətbiqi;
- İstehlakçıların mütəmadi maarifləndirilməsi;
- Bütün biznes proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması;
- M-Banking və E-banking platformalarda rahat interfeys qurulması;
- Kiber təhlükəsizlik tələblərinin təmini;
- Bank və Fintech şirkətlər tərəfindən hər bir müştəriyə fərdi yanaşma tətbiqi.
Rəqəmsal transformasiya sayəsində ödəniş ekosisteminin qurulması iqtisadiyyatın genişləndirilməsi ilə nağdsız ödənişlərin stimullaşdırılmasına və səffaflığın təmin olunmasına səbəb olacaqdır. Bu baxımdan da rəqəmsal transformasiya ilə bağlı həyata keçirilməkdə olan dövlət əhəmiyyətli layihələr, konseptual sənədlərin vaxtında və gecikmədən tətbiq olunması zəruridir.
Müasir tələblər nəzərə alınmaqla bank və Fintech birgə əməkdaşlığı mövcud bazarların təkmilləşdirilməsinə, faəllaşdırılmasına səbəb olacaq həmçinin,şəffaflığın təmin olunması ilə risklərin minimiallaşdırılması və iqtisadi səmərəliliyin artırılmasınada təkan verəcəkdir.