Mərkəzi Bank ölkədə innovativ maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi və rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması istiqamətində təşəbbüslərini davam etdirir. Bu çərçivədə Mərkəzi Bank tərəfindən maliyyə sektorunun nümayəndələrinin iştirakı ilə “Açıq bankçılıqda növbəti hədəflər və addımlar” mövzusunda tədbir keçirilib.
Tədbirin əvvəlində Mərkəzi Bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi çıxış edərək açıq bankçılığın ölkədə maliyyə sektorunun rəqəmsal transformasiyasının əsas dayaqlarından biri olduğunu vurğulayıb.
O, açıq bankçılıq platformasının banklarla fintex şirkətləri arasında etibarlı məlumat mübadiləsinin təmin edilməsinə, innovativ maliyyə xidmətlərinin formalaşmasına və bazarda rəqabət mühitinin təşviqinə mühüm töhfə verəcəyini bildirib.
Tədbir zamanı açıq bankçılıq sahəsində görülmüş işlər və qarşıda duran prioritetlər geniş müzakirə olunub. AMB-nin nümayəndələri tərəfindən iştirakçılara açıq bankçılıq üzrə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş təşəbbüslər, eləcə də bu sahənin inkişafında yeni çağırışlar, imkanlar və perspektivlər barədə ətraflı məlumat verilib.
Daha sonra tədbir Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə ölkə rəhbəri Aliyə Əzimova tərəfindən bu sahə üzrə beynəlxalq təcrübə və yeniliklərə dair təqdimatla davam etdirilib.
Təqdimatda açıq bankçılıq üzrə beynəlxalq yanaşmalar, praktiki tətbiq imkanları və aktual inkişaf istiqamətləri barədə məlumat təqdim olunub.
