Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın uğurlu, dayanıqlı iqtisadi inkişafı qeyri-neft sektorunun hesabına təmin edilməlidir. Ölkə iqtisadiyyatının son 15 ildə üç dəfədən çox artmasına baxmayaraq, bu, əsasən neft sektorunun hesabına mümkün olub. Deməli iqtisadi sahədə hələ də bir sıra problemlər mövcuddur. Xüsusilə, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində görüləsi işlər çoxdur. Düzdür, ölkə iqtisadiyyatına 135 milyard dollardan çox xarici sərmayə qoyulub. Ancaq bu sərmayənin də böyük əksəriyyəti neft-qaz sektoruna yatırılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi son struktur və kadr islahatları məhz ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafını təmin etmək məqsədi daşıyır.
Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycan özünün iqtisadi inkişafının elə bir mərhələsinə çatıb ki, burada ciddi keyfiyyət dəyişikliklərinin aparılmasına ehtiyac var: "İqtisadiyyatın strukturunun diversifikasiyası, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, əmək ehtiyatları və məşğulluğun təmin edilməsi, iqtisadi inkişafla demoqrafik inkişafın uzlaşması, sosial proqramlarla iqtisadi səmərəlilik arasında əlaqənin möhkəmləndirilməsi, şəffaflığın artırılması - bütün bunlar gələcəkdə görüləsi çox vacib işlərdəndəndir. Hesab edirəm ki, bu tədbirlərin həyata keçirilməsi Azərbaycanın inkişaf sürətini artıracaq, əhalinin mövcud problemlərinin həllini tezləşdirəcək".
Vergiler.az