Yüksək faiz siyasəti iqtisadiyyatda investisiya fəallığını məhdudlaşdırır – İqtisadçı ekspert | Banco.az

Yüksək faiz siyasəti iqtisadiyyatda investisiya fəallığını məhdudlaşdırır – İqtisadçı ekspert

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Pul yığmaq qədər, toplanan vəsaiti düzgün dəyərləndirmək də şəxsi maliyyə idarəçiliyinin vacib hissəsidir. Mövcud iqtisadi şəraitdə vətəndaşlar yığımlarını qorumaq və gəlir əldə etmək üçün müxtəlif maliyyə alətləri arasında seçim etməli olurlar. Bu baxımdan bank depozitləri və investisiya imkanları ən çox müzakirə olunan alternativlər sırasındadır. Depozitlər nisbətən sabit gəlir və vəsaitin qorunması imkanı təqdim etdiyi halda, investisiyalar daha yüksək gəlirlilik potensialı ilə yanaşı, müəyyən risklər də daşıyır. Bəs vətəndaşlar öz maliyyə məqsədlərinə, gəlir imkanlarına və riskə münasibətlərinə uyğun olaraq hansı seçimə üstünlük verməlidirlər? Yığımlarını dəyərləndirmək istəyən, lakin investisiya təcrübəsi olmayan şəxslərə hansı maliyyə alətlərini tövsiyə edərdiniz?

İqtisadçı ekspert Elçin Rəşidov Banco.az-a bildirib ki, hazırda Azərbaycanda depozit faizləri kifayət qədər yüksəkdir.

“Manatın devalvasiya təhlükəsi olmadığı və yaxın perspektivdə belə bir riskin gözlənilmədiyi şəraitdə depozit yerləşdirmək kifayət qədər sərfəli hesab olunur. Bu da insanların investisiya qərarlarına təsir edir. Yəni vətəndaşlar digər investisiya alətlərinə yönəlməkdə o qədər də maraqlı olmurlar.

Fərdi investor baxımından bank əmanətləri, əlbəttə ki, sərfəlidir. Lakin ölkə iqtisadiyyatı üçün bu vəziyyət müsbət qiymətləndirilə bilməz. Çünki bank əmanətləri üzrə faiz dərəcələri hazırda 10-12 faiz civarındadır. Halbuki ölkə iqtisadiyyatında açıqlanan artım göstəriciləri kifayət qədər aşağıdır. Hətta həmin artımın reallığı da sual doğurur. İqtisadi artımın aşağı olması və ya elan edilən göstəricilərin depozit faizlərindən xeyli geri qalması ölkədə investisiyaların gəlirlilik perspektivinin zəif olduğunu göstərir. Nəticədə investisiyaların həcmi artmaq əvəzinə azalır.

Digər investisiya alətlərinə gəldikdə isə, xarici bazarlarda səhmlərə yatırım etmək mümkündür. Azərbaycanda səhm bazarı zəif inkişaf edib. Monopoliyalara çıxışı olan şəxslər üçün həmin sahələrə investisiya yatırmaq, əlbəttə, sərfəli ola bilər. Lakin geniş əhali kütləsinin belə imkanları yoxdur. Buna görə də vətəndaşlar xarici bazarlarda fəaliyyət göstərən şirkətlərin səhmlərinə investisiya etməyə üstünlük verə bilərlər. Ancaq xarici şirkətlərin səhmlərindən əldə edilə biləcək gözlənilən gəlir Azərbaycandakı depozit faizlərindən aşağıdır. Bu baxımdan da yerli bankların təklif etdiyi faizlər kifayət qədər yüksəkdir”.

O deyir ki, Azərbaycanda istiqrazlar üzrə gəlirlilik isə depozit faizlərindən bir qədər yüksək ola bilər: “Lakin istiqrazların riski də bank əmanətləri ilə müqayisədə daha çoxdur. Buna görə də mən vəsaitin bir hissəsinin bank depozitlərində, digər hissəsinin isə istiqrazlarda yerləşdirilməsini tövsiyə edərdim. Bu bölgü şəxsin riskə münasibətindən asılıdır. Riskə daha çox meyilli olanlar istiqrazlara, riskdən yayınanlar isə bank depozitlərinə daha böyük pay ayıra bilərlər.

Qeyd etmək lazımdır ki, bu, Azərbaycan bazarının özünəməxsus xüsusiyyətidir. Belə bir vəziyyətin yaranmasında ölkədə həyata keçirilən monetar siyasətin yanlış istiqamətdə qurulmasının da rolu var.

Fərdi vəsaitlərini yatırmaq istəyən şəxslər üçün mövcud şəraitdə depozitlər rahat və cəlbedici seçimdir. Lakin bu vəziyyət ölkənin investisiya mühitinə və ümumilikdə iqtisadiyyatına zərər vurur. Üstəlik, yüksək depozit faizlərinin mənfi təsiri təkcə vəsaitini banka yerləşdirən vətəndaşla məhdudlaşmır. Bu siyasət iqtisadiyyatda iştirak edən digər vətəndaşlara da təsir göstərir və nəticədə ölkədə gəlirlərin azalmasına səbəb olur. Çünki insanların yığım edə bilməsi üçün ilk növbədə gəlirləri, gəlirlərin formalaşması üçün isə inkişaf edən iqtisadiyyat olmalıdır”.

İqtisadçı bildirir ki, mövcud vəziyyətin dəyişdirilməsi Mərkəzi Bankın həyata keçirdiyi monetar siyasətlə bağlıdır. “Depozit faizlərinin yüksək olması kredit faizlərinin də bahalaşmasına səbəb olur. Beləliklə, mövcud monetar siyasət investisiyalara iki istiqamətdən mənfi təsir göstərir.

Birincisi, yüksək depozit faizləri vətəndaşları və investorları digər investisiya imkanlarından çəkindirir. Çünki onlar daha az risklə bank əmanətlərindən yüksək gəlir əldə edə bilirlər.

İkincisi, yüksək depozit faizləri kreditlərin də bahalaşmasına gətirib çıxarır. Kredit faizlərinin yüksək olması isə biznes üçün borclanmanı çətinləşdirir, investisiyaların gəlirliliyini aşağı salır və yeni layihələrin həyata keçirilməsini demək olar ki, qeyri-mümkün edir. Nəticədə investisiyaların həcmi azalır.

Belə bir şəraitdə qazanan tərəf əsasən monopoliyalar olur. Çünki yüksək kredit faizləri və zəif investisiya mühiti rəqiblərin bazara daxil olmasını çətinləşdirir və mövcud rəqabəti zəiflədir”.

“Əslində, bu zərərli monetar siyasətin həlli yolları var. Mən bu təklifləri üç il əvvəl, Mərkəzi Bankın yeni rəhbərliyi fəaliyyətə başladığı dövrdə də təqdim etmişəm. Bu il isə təklifləri birbaşa Mərkəzi Bankın sədrinə, İdarə Heyətinə və digər rəhbər şəxslərə çatdırmışam. Məsələ müzakirə olunsa da, təkliflərin qəbul edilməməsi ilə bağlı ciddi iqtisadi əsaslandırma təqdim olunmayıb.

Nəticədə ölkədə investisiyaların həcmi azalır, bank depozitləri isə daha cəlbedici hala gəlir. Bu isə iqtisadiyyat üçün sağlam investisiya strukturu deyil” – deyə E.Rəşidov  qeyd edib.