Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi | Banco.az

Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi

Vergi hesabatları (vergi bəyannamələri) vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla təqdim edilə bilər. Vergi Məcəlləsinin 72.5-ci maddəsinə görə, təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədlərindəki məlumatlara uyğun olmadıqda, vergi ödəyicisi dəqiqləşdirilmiş hesabat təqdim etməlidir. Lakin bəzən vergi ödəyiciləri baş vermiş əməliyyatdan asılı olaraq, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi ilə dəqiqləşdirilmiş hesabatı qarışdırırlar. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Misal:
Tutaq ki, 2018-ci ilin oktyabr ayında ƏDV qeydiyyatında olan vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının dəyəri 30.000 manat olmuşdur, lakin vergi ödəyicisi səhvən ƏDV bəyannaməsində 20.000 manat qeyd etmiş, büdcəyə çatası vergini 3.600 manat göstərmiş və həmin məbləği büdcəyə ödəmişdir. 2019-cu ilin fevral ayında məlum olur ki, vergi ödəyicisi oktyabr ayı üçün vergi tutulan dövriyyəni düzgün bəyan etməmişdir və büdcəyə çatası vergini 1.800 manat az göstərmişdir. Bu halda, Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən, vergi ödəyicisi 2018-ci ilin oktyabr ayı üçün dəqiqləşdirilmiş hesabat təqdim etməli və vergi tutulan dövriyyə kimi 30.000 manat göstərməlidir. Əgər vergi ödəyicisinin dövlət büdcəsinə artıq ödəməsi yoxdursa, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vaxtında ödənilməmiş 1.800 manat vergi məbləği üçün ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün 0,1 faiz məbləğində faiz hesablanacaq.

Bəzən malları geri qaytaran müştəri malları təqdim etmiş vergi
ödəyicisinə geri qaytarılan mallar üzrə elektron qaimə
təqdim edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir

Vergi ödəyicisi elektron qaimə və elektron vergi hesab-fakturası əsasında 2018-ci ilin oktyabr ayında 35.400 manat dəyərində (o cümlədən 5.400 manat ƏDV) mal təqdim etmişdir. Lakin 2019-cu ilin fevral ayında müştəri 11.800 manat dəyərində malı (o cümlədən 1.800 manat ƏDV-ni) geri qaytarmışdır. Belə olan təqdirdə, vergi ödəyicisi 2018-ci ilin oktyabr ayı üçün Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən dəqiqləşdirilmiş hesabat təqdim etmir. Vergi ödəyicisi Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən əməliyyatın baş verdiyi ayda, yəni 2019-cu ilin fevral ayında vergi tutulan dövriyyənin azaldılması üzrə dəqiqləşdirmə aparır və ƏDV bəyannaməsinin 319-cu sətrində 10.000 manat qeyd edir. Nəticədə təqdim edilən bəyannamə üzrə 2019-cu ilin fevral ayı üçün büdcəyə çatası vergi 1.800 manat azaldılacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Əgər malları geri qaytaran müştəri 2018-ci ilin oktyabr ayı üçün təqdim edilən vergi hesab-fakturası üzrə 5.400 manat ƏDV məbləğini əvəzləşdirmişdirsə, Vergi Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, 2019-cu ilin fevral ayında vergi tutulan dövriyyənin artırılması üzrə dəqiqləşdirmə aparır və ƏDV bəyannaməsinin 318-cu sətrində 10.000 manat qeyd edir. Nəticədə təqdim edilən bəyannamə üzrə 2019-cu ilin fevral ayı üçün büdcəyə çatası vergi 1.800 manat artırılır.

Məlumat üçün onu da qeyd etmək lazımdır ki, bəzən vergi ödəyiciləri müştəri tərəfindən mallar geri qaytarıldıqda bu əməliyyatı qanunvericiliyin tələblərinə əsasən deyil, öz anladıqları səviyyədə həll etməyə çalışırlar. Məsələn, müştəri tərəfindən mallar geri qaytarıldıqda vergi ödəyicisi əvvəl təqdim etdiyi elektron qaimə-fakturanı və elektron vergi hesab-fakturasını ləğv edir və yeni faktura təqdim edir. Bəzən isə malları geri qaytaran müştəri malları təqdim etmiş vergi ödəyicisinə geri qaytarılan mallar üzrə elektron qaimə təqdim edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 163-cü maddəsi ancaq ƏDV qeydiyyatında olan vergi ödəyicilərini nəzərdə tutur.

Vergiler.az