Bank Respublikanın dəstəyi ilə “Bilik əsaslı iqtisadiyyata keçid potensial imkanlar” mövzusunda forum keçirilib | Banco.az

Bank Respublikanın dəstəyi ilə “Bilik əsaslı iqtisadiyyata keçid potensial imkanlar” mövzusunda forum keçirilib

Ötən gün respublikamızda təhsilin inkişafına xüsusi önəm verən “Bank Respublika”nın maliyyə dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) “Yüksək Texnologiyalar Parkı” tərəfdaşlığı ilə UNEC-də “Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar” mövzusunda forum keçirilib.

Forumun keçirilməsində əsas məqsəd inkişaf etmiş ölkələrdə uğurla həyata keçirilən Universitet-Dövlət-Sənaye (U-D-S) üçbucağının effektiv işləməsində fundamental əsaslar olan institusional amillər, təhsil, innovasiya ekosistemi, İKT və biznes sahəsinin rolunun və bununla bağlı görülə biləcək işlər haqda fikir mübadiləsi aparmaq olub.

“Bank Respublika”nın dəstəyi ilə təşkil olunan forumda UNEC rektoru, professor Ədalət Muradov açılış nitqi ilə çıxış edərək, bilik əsaslı iqtisadiyyata keçidin əhəmiyyətini qeyd edib. Universitet-Dövlət-Sənaye birliyinin faydalarına diqqət çəkən Ə.Muradov deyib ki, təhsilin keyfiyyətinin artırılması sırf real sektorla əməkdaşlıqdan keçir.

“Yüksək Texnologiyalar Parkı”nın direktoru Tural Kərimli MMC-nin biliklərə əsaslanan iqtisadiyyatın qurulması, innovasiyalı iqtisadiyyatın inkişafı, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi və s. kimi vəzifələr daşıdığını diqqətə çatdırıb. Direktor ölkəmizin enerji ixrac edən ölkədən texnologiya ixrac edən ölkəyə çevrilməsinin əsas hədəf olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

“Bank Respublika” ASC-nin baş direktoru Elşad Vəliyev də çıxışında Universitet-Dövlət-Sənaye əməkdaşlığının aktuallığından və mümkün inkişaf perspektivlərindən bəhs edib. Qeyd edilib ki, “U-D-S” platformasının məqsədi innovativ inkişafa zəmin hazırlayan əsas tərəfləri – akademik mühit, dövlət və iş dünyasını – müştərək hədəflər istiqamətində, mütəmadi şəkildə bir araya gətirərək sinerji dəyəri formalaşdırmaqdır.

Daha sonra forum işə başlayıb və bilik iqtisadiyyatı indeksinin kriteriləri, bilik iqtisadiyyatı çərçivəsində “U-D-S” modelinin tətbiqi mexanizmi, Milli İnnovasiya Sisteminin (MİS) bilik iqtisadiyyatındakı mövqeyi, İKT-nin inkişaf mərhələləri və bilik iqtisadiyyatına keçid və s. kimi mövzularda fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.