Müəllif:Mehin Qasımova,Banco.az
Çin və Şimali Koreyanı birləşdirən, tikintisi 12 il əvvəl başa çatan nəhəng körpü nəhayət nəqliyyatın istifadəsinə açılıb.
Banco.az xəbər verir ki, Yalu çayı üzərində yerləşən, təxminən 300 milyon avro dəyərində olan və üç kilometr uzunluğundakı dördzolaqlı körpünün tikintisinə 2010-cu ildə başlanılıb. Tikili 2014-cü ildə hazır olsa da, Şimali Koreya tərəfində birləşdirici yollar və gömrük infrastrukturu tamamlanmadığından uzun müddət istifadəsiz qalıb.
Məlumata görə, yeni körpüdən ilk yük maşınları oktyabrın 15-də keçib. Oktyabrın 24-də isə Şimali Koreya lideri Kim Çen In körpüdən keçərək Çin rəsmisi Van Huninq ilə görüşüb.
Yeni nəqliyyat bağlantısının iki ölkə arasında yükdaşımaların həcmini artıracağı və logistika imkanlarını genişləndirəcəyi gözlənilir. İndiyədək ticarətin böyük hissəsi ağır yük maşınları üçün məhdudiyyətləri olan köhnə körpü vasitəsilə həyata keçirilirdi.
Körpünün açılması Pekinlə Pxenyan arasında iqtisadi əlaqələrin güclənməsi baxımından da əhəmiyyətli hesab olunur. Bununla yanaşı, yeni marşrutun fəaliyyətə başlaması Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaların icrası ilə bağlı suallar yarada bilər.
