Elçin Süleymanov: “Şirkətlərin əsas məqsədi daha az və savadlı kadrlarla işləməkdir” | Banco.az

Elçin Süleymanov: “Şirkətlərin əsas məqsədi daha az və savadlı kadrlarla işləməkdir”

Deyir ki, insanın həyatda qarşısına müəyyən fürsətlər çıxır. Çalışmaq lazımdır ki, onlardan müsbət mənada istifadə edə biləsən. Bununla yanaşı hər şeyin insanın özündən asılı olduğunu qeyd edir. Çünki həyatda hər kəs Harvard universitetindən məzun ola bilmir. Amma təkcə Harvardın məzunları uğur qazanır deyə bir mif yoxdur.  Düşünür ki, uğur qazanmaq istəyənlər daima çox çalışmalıdır.

Qeyd edim ki, Banco.az-ın bu dəfəki müsahibi Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, maliyyə kafedrasının dosenti Elçin Süleymanovdur. Müsahibim, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ”2016-cı ilin alimi” mükafat müsabiqəsində Humanitar və ictimai elmlər sahəsinin əsas nominasiya üzrə qalibidir.

- Başlayaq elə ənənəvi sualımızdan. Maliyyə sahəsinə maraq necə yaranıb?

- 1992-ci ildə ilk dəfə olaraq Azərbaycandan Türkiyəyə təhsil üçün tələbələr  göndərilirdi. O zaman ixtisas seçimini mənim öz üzərimizə buraxdılar. Mən o vaxt tibbə qəbul olmuşdum. Amma bu sahəni sevmədiyimə görə İzmirdə “Dokuz Eylül” Universitetində maliyyə üzrə təhsil aldım. O dövrdə maliyyə dünyada və Türkiyədə ən maraqlı sahələrdən hesab olunurdu. İqtisadiyyat bir qədər ümumi sahə olduğuna görə spesifik sahə seçmək istədim. Bu sahə mənə maraqlı gəldiyinə görə qərara gəldim ki, maliyyə sahəsində təhsil alım.

- Bakı Mühəndislik Universitetinə gəlişiniz necə oldu?

- Türkiyədə təhsilimi bitirdikdən sonra biznes idarəetməsi sahəsi üzrə magistr təhsili aldım. Daha sonra dünya iqtisadiyyatı üzrə doktorantura təhsili aldım. Bir-birindən fərqli sahələr olsa da, təhsilimin hər üç pilləsində tədqiqat istiqamətim əsasən maliyyə sahəsinə kökləndim. 1996-cı ildə Azərbaycana qayıtdığım zaman təhsil sahəsində çalışmağım təklif olundu. 1999-cu ildə Qafqaz Universitetində çalışmağa başladım. Beləcə akademik həyatla yollarımız kəsişdi. Uzun müddət keçmiş Qafqaz Universitetinin maliyyə kafedrasında kafedra müdiri kimi çalışmışam. 2017-ci ilin fevral ayından Azərbaycan Respublikasının Prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə qurulan Bakı Mühəndislik Universitetinin İqtisadiyyat Fakültəsinin Maliyyə kafedrasının müdiri və kafedranın dosenti seçildim. Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə 18 dekabr 2017-ci ildən Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoruyam.

- Müxtəlif ölkələrin təhsil sisteminə bələd olan biri kimi bizimlə onlar arasında  hansı fərqli və oxşar cəhətləri müşahidə etmisiniz?

- 2015-ci ildə tədqiqat işimlə bağlı  bir semestr Niderlandda Groningen Universitetində  oldum. Bu yaxınlarda isə yenə bir semestrə yaxın bir sıra ABŞ universitetlərində tədqiqat işi aparırdım. Avropada olduğum müddətdə Avropa tələbələrinin psixologiyasını öyrənməyə çalışdım. Ümumilikdə götürsəm, deyə bilərəm ki, orada bakalavr təhsili ixtisasa girişdir. İndi o qədər rəqabətli bir dövrdə yaşayırıq ki, şirkətlərin əsas məqsədi qısa müddətdə mənfəət əldə etməkdir. Şirkətlər daha az kadrla lazım olan işləri yerinə yetirmək istəyir. Amma universitetin məqsədi bu deyil. Mən bunu xüsusilə ABŞ-da olduğum müddətdə müşahidə etdim. Bu tələbə ilə şirkət arasında olan bir məsələdir. Universitet tələbəyə fundamental bilikləri verir. ABŞ-dakı tələbələr düşünür ki, imtahanlardan kəsrə qalmasınlar. Çünki kifayət qədər böyük məbləğdə təhsil haqqı ödəyirlər. Növbəti mərhələdə isə yaxşı iş tapmaq gəlir. Məsələn, bizim tələbələr istənilən sahə üzrə, məsələn, tarix, coğrafiya, politologiya və digər sahələr üzrə məlumatlı olmaq istəyirlər. Çünki bizim mentalitetə görə ali təhsil olmaq ziyalı olmaq deməkdir. Ziyalı isə hər şeyi bilməlidir. Hansısa ABŞ Universitetinin professoru Çinin prezidentini bilmədiyini etiraf edəndə mənə çox qəribə gəlmişdi. Orada hər kəs öz sahəsinə fokuslanıb. Buna görə onlar heç utanc hissi də keçirmirlər. Bundan başqa Türkiyə və Azərbaycan təhsil sistemlərində Qərblə müqayisədə nəzəriyyə daha çox üstünlük təşkil edir. Qərbdə isə təhsil təcrübə və kollektiv tədqiqat bacarığını artırmaq istiqamətlidir. Orada tələbəyə resurslardan istifadə edərək uğur qazanmağın yollarını ödəyirlər. Bizdə isə bəzən nəzəriyyə ağırlıqlı və  əzbərçilik metodu ilə nəsə öyrətmək əsas götürülür.

- Bəzən tələbələr ixtisas seçimi zamanı səhvlərə yol verirlər. Bu nə ilə bağlıdır?

- Son illər Azərbaycanda bu tendensiya bir qədər müsbətə doğru dəyişib. Bizim tələbə olduğumuz dövrlərdə daha çox hüquq, beynəlxalq münasibətlər sahəsi daha populyar və məşhur idi. Müəyyən dövrdən sonra insanlar reallığı qəbul etməyə başladılar. Məsələn, beynəlxalq münasibətlər özlüyündə yaxşı ixtisasdır. Amma Azərbaycanın xarici ölkələrdə olan səfirliklərinin sayı və ya Xarici İşlər Nazirliyinin kadr sayısı məhduddur. Bu sahə üzrə iş tapmaq heç də asan məsələ deyil. İndi tələbələr daha realist düşünməyə başlayıblar. Pafoslu ixtisaslarda təhsil alan tələbələr sonradan iş tapmaqda çətinlik çəkirlər. Hazırda gənclərin çoxu daha  konkret sahələrə meyllənirlər. Tələbələr ixtisas seçərkən gələcəyi düşünməlidirlər. Qəbul imtahanında 4 səhv bir düzü aparırsa, ixtisas seçimi zamanı bir səhv bir karyera ömrünü aparır. Çünki seçəcəyiniz ixtisas sizin həyat tərziniz olur. Universitetə qəbul olum, daha sonra ixtisası sevərəm düzgün yanaşma deyil.

- Tələbələrin bir qismi məzun olduqdan sonra əmək bazarında özünə yer tapa bilmir. Bu haqda nə düşünürsünüz?

- Burada təkcə tələbələri günahlandırmaq olmaz. Çünki onların alternativi o qədər də böyük deyil. Gənclər məcburiyyət qarşısında qalıb bazarın diktə etdiyi sahələrə yönəlir. Məsələn, tutaq ki, kimsə marketinqi dərindən öyrənir, amma bazarda bu sahəyə ehtiyac yoxdur. O da məcbur olub maliyyə üzrə analitik olur. Dünya təcrübəsində şirkətlər işçini qəbul etdikdən sonra ona işi öyrədirlər. Çünki hər şirkətin özünəməxsus iş strategiyası var. Tələbələr universitetdə öyrənməyi öyrənirlər. Çalışdığı şirkətdə isə o, konkret sahə ilə bağlı informasiya əldə edir. Gənclər iş elanlarına müraciət edərkən ondan nələrin tələb olunduğuna diqqət yetirməlidir. Çünki günümüzdə ingilis dili və kompüter bilikləri o qədər də böyük əhəmiyyət daşımır. Məsələn, BP şirkəti bu təcrübəni həyata keçirdi. Əvvəllər şirkət işçilərinin əhəmiyyətli hissəsi Azərbaycan Dillər Universitetinin məzunlarından sırf dil bacarıqlarına görə təşkil edirdi. Çünki o ərəfədə ingilis dilini bilən adam az idi. Sonradan dilçilərə ixtisası öyrətmək o qədər çətin oldu ki, şirkət bunun fərqinə vardı. Mütəxəssisə dil öyrətmək daha asan məsələdir. Amma yaxşı bir mütəxəssis üçün dörd-beş il gözləmək lazımdır. Yəni dil bilikləri ixtisasdan sonra gəlir. Önəmli olan ixtisası dərindən bilməkdir. İxtisasını bilməyən insanın İELTS imtahanından 9 almasının heç bir önəmi yoxdur.

-Necə düşünürsünüz, uğurlu karyeranın qurulmasında universitet nə dərəcədə rol oynayır?

- Karyerada təhsil aldığın universitet böyük rol oynayır. Məsələn, Türkiyədə “Boğaziçi”, ODTÜ universitetində oxuyanlar fikirləşir ki, şirkətlər onsuz da bu universitetlərlə əməkdaşlıq edir. Bu faktı inkar etmək olmaz. İndiki dövrdə əksər şirkətə iş üçün müraciət edərkən ilk növbədə hansı universitetdən məzun olduğun soruşulur. Məsələn, ola bilər ki, iki namizəddən biri Harvard Universitetindən, digəri isə region universitetlərinin birindən məzun olub. Bu zaman həmin tələbə oyuna bir addım geridə başlayır. Amma növbəti mərhələ insanın özünü necə yetişdirməsindən asılıdır. Burada universitet və şəxsin özü 50 faiz rol oynayır.

Ən sərfəli kredit üçün müraciət et

- Müasir dövrdə müəllim-tələbə münasibətləri əvvəlki illərə nisbətən dəyişib. Sizcə bunun hansı müsbət və mənfi tərəfləri var?

- İşlədiyim dövr ərzində tələbə və müəllim münasibətlərinin sıx olmasına çalışmışam. Düzdür, müəllim və tələbə arasında müəyyən sərhəd olmalıdır. ABŞ-da və Avropada olan mən müşahidə etdim ki, dərs vaxtı müəllim dərsin rəhbəridir. Dərs xaricində müəllim uşaqlarla bağçada çay içib söhbət edir. Əslində müasir dövrün tələbi belədir. Müəllim əslində rəhbər və yol göstərəndir. O fənnini tədris edərkən tələbə ilə səmimi olduqca daha çox uğur qazana bilər. Azərbaycanda indinin özündə də bəzi universitetlərdə tələbələr müəllimlərin əlçatan olmadığından şikayətlənir. Çünki müəllim tələbə ilə ünsiyyətdən yayınır. Bu psixologiya bizə sovet dövründən miras qalıb. Biz uşaq vaxtı fikirləşirdik ki, müəllim yemək yemir, su içmir. Tələbələrlə dost olan, onlara yol göstərən müəllimlər onlara daha səmimi gəlir. Müəllim fənnindən əlavə şəxsiyyət olaraq özünü də sevdirməlidir. Çünki şəxsiyyət olaraq qəbul olunmayan müəllimin keçdiyi dərs tələbə tərəfindən ciddi qəbul olunmur. İndi əksər müəllimlər öz təcrübələrini paylaşmağa da açıqdır. Bu isə tələbələrə mənəvi motivasiya verir. Müəllimin ən böyük motivasiyası isə  tələbənin onun etimadını doğrultmasıdır. Bu yaxınlarda İngiltərənin bir universitetindən təşəkkür e-maili almışdım. Bu mənim  referansımla həmin universitetdə  artıq 20-ci tələbənin təhsil alması ilə bağlı bir təşəkkür maili idi. Səmimi desəm, bu faktin özü mənə çox xoş təsir etdi. Tələbələrimizin növbəti mərhələdə daha yaxşı yerlərdə təhsil almağı bizi ancaq sevindirə bilər.

- Sizcə, müəllim-tələbə münasibətləri ilk gündən, yoxsa zamanla formalaşır?

- Burada xarakter məsələsi böyük rol oynayır. Məsələn, mən Türkiyədə təhsil alarkən oradakı müəllimlərlə ünsiyyət qurmaqda çətinlik çəkirdim. Çünki auditoriyada 170 nəfər tələbə təhsil alırdı. Amma Qərbdə böyük auditoriya kütləsi ilə sadəcə ümumi dərslər keçirilir. Spesifik dərslər daha kiçik qruplarda öyrədilir. Bundan başqa auditoriyanın xaricində müəllimlərlə görüş saatı var. Müəllimlərin özləri də bu məsələdə maraqlıdır. Bəzi universitetlərdə bu hətta tədris yükünün bir hissəsi hesab olunur. Bizim universitetlər Qərbdən tyutorluq sistemini mənimsəyib. Qərbdə tyutor tələbəyə həqiqətən tyutorluq edir. Və onu digər istiqamətlərdə də düzgün sahəyə yönəldir. Bəzi universitetlərdə isə tyutor sadəcə məmur olaraq çalışır. Əslində, bu belə deyil. Tyutor tələbənin həyatının formalaşmasına təsir göstərən məsləhətçidir.

- Dünyanın məşhur elmi tədqiqat bazalarındakı nəşrlərinizdən istifadə statistikasına görə  yuxari pillələrdə qərarlaşmısınız...

- Müəyyən fürsətlər olur ki, onlardan müsbət mənada istifadə etmək indiki internet əsrində zərurətdir. Mən ilk akademik təhsilimi türk dilində almışam. Türk dilini hər kəs başa düşə bilər. Amma akademik türk dili bir qədər çətindir. Bu mənim ilk üstünlüyüm idi. Elmi məqalələrim hazırda  dörd dildə – türk, Azərbaycan, ingilis və rus dillərində dərc olunub. 2002-ci ildən bu günə qədər yüzə yaxın məqalənin, 15-ə yaxın kitabın müəllifiyəm. Bütün bunların dörd dildə dərc olunması mənim müəyyən mənada üstünlüyüm hesab oluna bilər. Beynəlxalq platformalarda xeyli məqalələrimiz dərc olunub. Bu platformalarda məqalələrin yayımlanması üçün bəlli standartlar mövcuddur. Hiss etdim ki, bu sahədə bəzi boşluqlar var. Çünki elmi ictimaiyyətdə xüsusiylə ictimai elmlərdə Azərbaycanla əlaqəli akademik materiallara  ciddi ehtiyac var. Amma belə məqalələrin sayı çox azdır. Yazılan elmi məqalələr, dissertasiyalar isə əlçatan deyil. Bunun mənim  tədqiqatlarımın xüsusiylə Türkiyədə və diğər ölkələrdəki istifadəşi aktivliyinə təsiri çox böyük  oldu. Həmçinin, FAO-nun postsovet ölkələrində kənd təsərrüfatı məhsullarının ticarət siyasəti tədqiqat qrupuna hər ölkədən bir mütəxəssis dəvət edilir. Azərbaycandan isə bu qrupa mən qatılmışdım. Hər il post-sovet ölkələrinin aqrar-ticarət siyasəti layihəsini hazırlayırıq və bu tədqiqat iki dildə ingilis və rus dilində  2015-ci ildən hər il BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəsmi nəşri olaraq çap edilir və onların rəsmi nəşrlər siyahısına daxil edilir. Bu mənim tədqiqat bazalarındakı aktivliyimə xeyli təsir göstərdi. FAO mərkəz ofisi bu layihəyə özü  mənim tədqiqat bazalarındakı aktivliyimə görə dəvət etmişdi. Eyni zamanda The Korea Institute for International Economic Policy (KIEP) və World Economic Survey kimi bir sıra mötəbər qurumun eksperti olaraq Azərbaycanla əlaqəli tədqiqatlarda yer almağımın böyük təsiri olmuşdur.. Yüzdən çox məqalə və tezislərim ABŞ, İtaliya, Almaniya, Rusiya, İsveç, Rumuniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Makedonya və başqa ölkələrdə nəşr olunmuşdur. Dünyanın məşhur elmi tədqiqat portallarından SSRN, EconPaper, RePEc , University Library of Munich, Germany MPRA, Academia, Researchgate, Citeulike, Scholar.google,academic, Research.microsoft, Mendeley, ORCID ,Web of Science Thomson Reuters, Socionet və diğər elmi resurs bazalarına daxil edilib və bu bazaların statistikalarına görə yüzdən çox ölkədən beşyüz minə yaxın tədqiqatçı istifadə etmişdir. Xüsusiylə dünyanın məşhur elmi tədqiqat paylaşım portallarından olan Academia.edu, Researchgate.net  və SSRN  şəbəkəsindəki  tədqiqatlarımızdan istifadə aktivliyinə  ən çox istifadə edilən müəlliflərdən olmaq təbii ki bizi sevindirir və yeni tədqiqatlara həvəsləndirir. Məqalələrimiz indiyə kimi Renewable and Sustainable Energy Reviews, Economic Modelling ,Economies, Expert Journal of Economics, Academic Journal of Economic Studies kimi impact factorlu elmi jurnallarda nəşr olunmuşdur. Bu jurnallardan bəzilərinin impact faktoru 10-a yaxındır və bu Azərbaycandan ictimai elmlərdə impact faktorlu jurnallarda nəşr olunan ən yüksək göstəricilərdəndir. Bütün bu işlərin nəticəsi olaraq ictimai elmlər üzrə «İlin alimı» mükafatına layiq görüldüm. Mən tələbələrimə də bunu tövsiyə edirəm. Hansısa kurs işi və ya müəllimlərin tapşırıqlarını, referatları mütləq elmi platformalarda paylaşsınlar. Bunun onlara gələcəkdə böyük faydası ola bilər. İndi gördüyünüz iş sizin gələcəkdəki uğurlarınız üçün referans ola bilər.

- Bu qədər tədqiqat işlərindən sonra istirahətə vaxt qalırmı?

- Bu həyat yoldaşımın ən çox  şikayət etdiyi mövzulardan biridir. Əgər sən elmi tədqiqatlar işi ilə məşğulsansa, ildə bir neçə  dəfə müxtəlif ölkələrdə konfranslara qatılmalı olursan. Çalışıram ki, səyahət və gəzinti işlərimizi elə bu ərəfədə həll edək. Amma yorucu işdən sonra istirahət də lazımdır. Səmimi desəm, idman və digər fəaliyyətlərlə çox məşğul ola bilmirəm. Amma çalışıram ki, gün ərzində bir qədər yürüş edim. Gündə ən azı 10 min addım atmağa çalışıram. Musiqiyə qulaq asmaq mənim üçün çox önəmlidir. Xüsusilə də milli musiqimizi çox sevirəm. Türkiyədə tələbə olarkən kirayə qalırdıq. O dövrdə hər gün birimiz növbə ilə yemək bişirir, evi təmizləyirdik. Bu kimi ev işlərində problemim olmayıb. Yeməkləri bizim ağız dadımıza uyğun olmadığına görə xaricdə olanda da çox vaxt yeməyi  özüm bişirirəm. Evdə isə imkanım olduğu qədər mətbəxdə vaxt keçirməyə çalışıram. Həyat yoldaşım da elm adamıdır,ingilis dili səhəsində tədqiqatçıdır. O da Avropada və Amerikada müxtəlif ali təhsil qurumlarında uzun müddətli tədqiqat grantlarını alaraq Azərbaycanı layiqincə təmsil edib. Amma etiraf edim ki, xanıma yük daha çox düşür. Mən isə əlimdən gəldiyi qədər ona kömək olmağa çalışıram.

Şəbnəm Mehdizadə, banco.az