2017-ci ildə dünya üzrə pul köçürmələrinin həcmi 2016-cı illə müqayisədə 7% artaraq 573 mlrd. ABŞ dollarından 613 mlrd. dollara çatıb.
Bu barədə Dünya Bankının hesabatında bildirilir.
Xatırladaq ki, qurumun eksperləri ötən ilin oktyabr ayında köçürmələrin illik müqayisədə 3,9% artaraq 596 mlrd. dollara çatacağını proqnozlaşdırırdı. Onların fikrincə, pul köçürmələrinin həcmində artımın gözləniləndən çox olması Rusiya, Avropa və ABŞ-dakı iqtisadi artımla bağlıdır. O cümlədən, Rusiya, Qzaxıstanda və Avrozonada qeydə alınmış iqtisadi inkişaf sayəsində Avropa və Mərkəzi Asiya ölkələrinə pul köçürmələri 3 illik azalmadan sonra ilk dəfə 2017-ci ildə 21% artaraq 48 mlrd. dollara çatıb.
Hesabata əsasən, ən çox pul köçürmələri Hindistan (69 mlrd. dollar) istiqamətində həyata keçirilib. Növbəti yerlərdə Çin (64 mlrd. dollar), Filippin (33 mlrd. dollar), Meksika (31 mlrd. dollar), Nigeriya (22 mlrd. dollar) və Misir (20 mlrd. dollar) qərarlaşıb.
Dünya Bankı 2018-ci idə pul köçürmələrinin həcminin 2017-ci illə müqayisədə 4,6% artaraq 642 mlrd. dollara çatacağını gözləyir. Halbuki, oktyabr proqnozunda köçürmələrin 3,4% artaraq 616 mlrd. dollara çatacağı deyilmişdi.
Report.az