Azərbaycan və Mərkəzi Asiya ölkələrinin mərkəzi bankları ödəniş sistemlərinin inteqrasiyası üzrə işçi qrupu yaradacaq | Banco.az

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin mərkəzi bankları ödəniş sistemlərinin inteqrasiyası üzrə işçi qrupu yaradacaq

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Düşənbə şəhərində keçirilən “Mərkəzi Asiya və Azərbaycan mərkəzi banklarının ödəniş sistemlərinin inkişafına dair 4-cü regional görüşü”ndə iştirak edib.

Banco.az bu barədə AMB-yə istiadən xəbər verir.

    Tədbirdə çıxış edən sədr müavini Azərbaycanda ödəniş sektorunun müasirləşdirilməsi, milli ödəniş infrastrukturunun dayanıqlılığının və səmərəliliyinin artırılması, müasir ödəniş həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər, eləcə də nəzarət prosesində süni intellektin tətbiqinə dair ölkə təcrübəsi barədə məlumat verib. O, həmçinin region ölkələri arasında təcrübə mübadiləsinin və əməkdaşlığın dərinləşdirilməsinin ödəniş sistemlərinin inkişafı, qarşılıqlı inteqrasiyası və innovativ həllərin tətbiqi baxımından əhəmiyyətini vurğulayıb.

    Mərkəzi Bankın nümayəndələri maliyyə sektorunda innovasiyaların tətbiqinin genişləndirilməsi, tənzimləyici çərçivənin təkmilləşdirilməsi və məlumatların idarə edilməsi sahəsinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüsləri də diqqətə çatdırıblar.

    Görüş çərçivəsində region ölkələrində ödəniş sahəsi üzrə mövcud tendensiyalar, milli ödəniş infrastrukturlarının inkişafı, ani ödəniş sistemlərinin tətbiqi, vahid QR-kod standartlarının qəbulu və müasir maliyyə texnologiyalarının inteqrasiyası məsələləri müzakirə olunub.

    Görüşün yekununda Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın mərkəzi banklarının nümayəndələri milli ödəniş sistemlərinin inteqrasiyası imkanlarının araşdırılması məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılığa gəlib, həmçinin ödəniş sektorunda gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən birgə protokol imzalayıblar.

    Qeyd edək ki, regional görüş regionun mərkəzi bankları arasında ödəniş sistemlərinin inkişafı üzrə təcrübə mübadiləsinin aparılması, ortaq çağırışların müzakirəsi və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.