İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “Azərbaycan İqtisadi İslahatlar icmalı”nın növbəti buraxılışını “Doing Business” hesabatı istiqamətində aparılan islahatlara həsr edib. Qeyd olunub ki , Dünya Bankı tərəfindən təqdim olunan “Doing Business” hesabatında Azərbaycan ardıcıl şəkildə öz mövqelərini gücləndirir, daha da yüksək pilləyə qalxır.
Hesabatda “Doing Business” üzrə aparılan islahatlar barədə geniş məlumatlar da yer alıb. Bildirilib ki, 2018-ci ildə açıqlanacaq “Doing Business-2019” hesabatında Azərbaycanın mövqeyinin gücləndirilməsini təmin edəcək - biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənilməsi, xarici ticarətin aparılması, müqavilələrin icrasının təmin edilməsi və müəssisənin bağlanması - islahat istiqamətləri üzrə ciddi iqtisadi islahatlar aparılıb.
Hesabatın “Tikintilərə icazələrin alınması” indikatoru üzrə Azərbaycanın mövqeyini yaxşılaşdırılması üçün tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi prosedurlarının sayı azaldılaraq 10-a endirilib. Tikinti obyektlərinin tikinti layihəsi ekspertiza tələb olunan və tələb olunmayan obyektlərə ayrılmış və ekspertizası tələb olunmayan obyektlərin siyahısı genişləndirilib. Həmçinin bu istiqamət üzrə texniki şərtlər “Bir Pəncərə” prinsipi ilə sadəcə 1 sorğu vasitəsi ilə “ASAN Xidmət” mərkəzlərində əldə olunur.
İcmalda qeyd olunub ki, “Doing Business” hesabatının elektrik təchizatı şəbəkələrinə qoşulma indikatoru üzrə ciddi islahatlar aparılıb. Belə ki, 150 kilovata qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlər, indi yerləşdiyi rayondan asılı olmayaraq, “Azərişıq” ASC tərəfindən “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzləri vasitəsi ilə maksimum 24 gün müddətində verilir. Nəzərə almaq lazımdır ki, dünyanın inkişaf etmiş bir çox ölkələrində biznes fəaliyyəti üçün elektrikə qoşulma aylarla vaxt aparsa da Azərbaycanda sahibkarın elektrikə qoşulması prosesi 69 gündən 24 günə endirilib. Bu sahədə daha bir yenilik edilərək vahid pəncərə sistemi üzrə prosedurlar 7-dən 3-ə azaldılıb. Sahibkarların bu islahat prosesindən əldə etdiyi daha bir üstünlük, əməliyyatların elektronlaşdırılması və məmur-vətəndaş kontaktının minimuma endirilməsidir.
Hesabatın daha bir indikatoru – kreditlərin alınması üzrə bu il ərzində sahibkarlara yeniliklər təqdim olunub. Aidiyyəti dövlət qurumları tərəfindən aparılmış təşviqedici tədbirlərin nəticəsində Azərbaycanda ilk Özəl Kredit Bürosu yaradılıb. Büroda bank və bank olmayan kredit təşkilatlarla yanaşı mobil və kommunal xidmət operatorları məlumat təchizatçı roluna malikdir. Eyni zamanda, skoring və digər sistemlər tətbiq edilib.
Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatası nəzdində Daşınar Əmlakın Yüklülüyü Reyestri xidməti yaradılıb. Bütün bu islahatlar nəticəsində sahibkarların maliyyə resurslarına çıxışı artırılıb. Kredit təşkilatları üçün müştəri dairəsi genişlənib.
Hesabatda yer alan digər 7 indikator üzrə ciddi işlər görülüb və ölkədə biznesin aparılması asanlaşdırılıb.
Qeyd edək ki, ki “İslahatlar icmalı”nın xüsusi buraxılışı ilə hər üç dildə bu link vasitəsilə tanış olmaq mümkündür:
http://iqtisadiislahat.org/store//media/documents/Doing%20business/DOING_BUSINESS_AZE.pdf
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi İslahatlar icmalının “Doing Business” hesabatına həsr olunmuş xüsusi buraxılışı əsasında hazırlanan nəşrinin təqdimatını planlaşdırır.
Qeyd edək ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65 – ci pillədən 57-ci yerə yüksəlib və Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşdirilib.