Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Dünya Bankının təhsil və sahibkarlarla iş üzrə ekspertləri ilə görüşüb. ASK-dan banco.az-a verilən məlumata görə, görüş zamanı sahibkarlarla ali təhsil müəssisələri arasındakı mövcud əlaqələr və onların innovasiya bacarıqlarının artırılması imkanları, özəl sektorla təhsil müəssisələri arasında əlaqələrin günün tələblərinə uyğun qurulması istiqamətində dünya təcrübəsindən faydalanmaq və bu istiqamətdə gələcək addımlar müzakirə olunub.
Azərbaycan Sahibkarlar Konfederasiyası haqqında qonaqlara ətraflı məlumat verən Məmməd Musayev Konfederasiyanın 30-dan çox ölkə ilə əməkdaşlıq etdiyini, beynəlxalq əlaqələrimizin, həmçinin yerli təşkilatlarla, o cümlədən ali təhsil müəssisələri ilə sahibkarlar arasında əlaqələrin inkişafı istiqamətində iş apardığını bildirib. Azərbaycan Respublikası Təhsil Nazlirliyi, AMEA, ölkənin 10-dan çox universiteti ilə ASK-nın əməkdaşlıq müqaviləsi imzaladığını deyən Məmməd Musayev özəl sektorla təhsil arasında əlaqənin gücləndirilməsi istiqamətində görülən işlərdən də söhbət açıb. Məmməd Musayev ölkəmizdə iqtisadi sahədə həyata keçirilən dövlət proqramlarından, sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitindən və bu hədəflərə uyğun olaraq təhsil sahəsində aparılan islahatların özəl sektorun inkişafına müsbət təsirləri barədə missiya üzvlərinə məlumat verib.
Məmməd Musayev qonaqları 15 mart 2018-ci il tarixində UNEC-də Novruz mühazirələri çərçivəsində “İqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: qlobal çağirışlar və yeni imkanlar” mövzusunda təşkil ediləcək elmi-praktiki konfransa dəvət edib. Bildirib ki, tədbirdə “Qlobal çağırışlar kontekstində tədqiqat universitetinə keçid: beynəlxalq təcrübənin Azərbaycan Dövlət Iqtisad Universitetində tətbiqi”, “Biznes sektoru ilə universitet arasında əlaqələrin gücləndirilməsi üçün nə etməli?” mövzularında çıxışlar olacaq.
Məmməd Musayev qeyd edib ki, bu tədbir özəl sektor və ali təhsil müəssisələri arasında əməkdaşlığın bariz nümunəsidir.Bununla yanaşı ölkədə bir çox sahədə yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu deyən ASK-nın prezidenti bu sahədə dünya təcrübəsindən faydalanmağın gələcəkdə müsbət nəticələr verəcəyini də istisna etməyib. Bildirib ki, sahibkarlarla ali təhsil müəssisələri arasındakı əlaqələrin daha da qənaətbəxş vəziyyətə çatdırılması istiqamətində Azərbaycan Sahibkarlar Konfederasiyası Dünya Bankı ilə də əməkdaşlığa hazırdır.
Dünya Banknın təhsil üzrə nümayəndəsi İqor Xeyfets bildirib ki, ölkəmizə səfərlərinin əsas məqsədi Azərbaycanda özəl sektor nümayəndələri ilə ali təhsil müəssisələri arasında əlaqələri araşdırmaq və ölkənin iqtisadi inkişafına töhfə verəcək bu sahənin gücləndirilməsi imkanlarını müzakirə etməkdir. Bu məqsədlə də ali təhsildə innovasiya, özəl sektorun inkişafı üçün tələb olunan kadrlarla bağlı vəziyyəti qiymətləndirəcək, aidiyyatı dövlət qurumlarına hesabat təqdim edəcəklər.
Görüş zamanı qonaqları maraqlandıran suallar cavablandırılıb.Tərəflər arasında qeyd olunan mövzular üzrə Azərbaycandakı gələcək fəaliyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.