İpoteka borcluları üçün maraqlı olan 5 sığorta termini (ikinci hissə) | Banco.az

İpoteka borcluları üçün maraqlı olan 5 sığorta termini (ikinci hissə)

Gündəlik həyatda elə sığorta terminləri ilə qarşılaşırıq ki, çaş-baş qalmamaq əldə deyil. Əminəm ki, sığorta prosesinə maraqlı olan hər kəs yeni terminlər öyrənmək, sığorta barəsindəki savadlılığını artırmaq istər. Bu gün Banco.az kollektivi sizə 5 sığorta terminini izah edəcək, diqqətiniz bizdə olsun.

1) Fakültətiv təkrar sığorta - Təkrarsığortaçının fərdi qaydada təklif olunan risklərin qəbul olunmasında və ya bundan imtina etməsində səlahiyyətli olduğu təkrarsığorta.

Misal 

A sığortaçı bir inzibati binanı yanğın, subasma, zəlzələ, üçüncü şəxslərin qanunazidd əməlləri və digər bu kimi risklərdən sığortalamışdır. O, fakultətiv təkrarsığorta təminatı almaq üçün B təkrarsığorta şirkətinə müraciət edir. Əgər B təkrarsığortaçı obliqator təkrarsığorta formasında müəyyən müddət, məsələn bir rüb ərzində təqdim olunan bütün oxşar riskləri avtomatik (bir-bir nəzərdən keçirməməklə kütləvi şəkildə) təkrarsığorta edirdisə, fakultətiv təkrarsığorta müqaviləsi zamanı isə hər hansı predmetlə, məsələn yaşayış binası ilə bağlı təqdim olunan riskləri ayrıca nəzərdən keçirir və bu risklərin sığortalanmış olduğu sığorta müqaviləsi üzrə ayrıca təkrarsığorta müqaviləsi bağlayır (və ya riskin xarakterindən asılı olaraq təkrarsığortalamaqdan imtina edir). 

2) Franşiza - Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.

Misal

Sığortalanmış avtomobilin sığortası üzrə müqavilədə şərtsiz azadolma məbləği 500 manat müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 8900 manat həcmində zərər dəyir. Bu halda sığortaçı sığorta olunana 8400 manat (8900 – 500 = 8400 manat) məbləğində ödəniş verir. Əgər müqavilədə azadolma məbləği şərtsiz deyil, şərtli nəzərdə tutulsa idi, bu zaman zərər həmin məbləğdən çox olduğu üçün bütövlükdə, yəni 8900 manat məbləğində ödəniləcəkdi. Bundan əlavə, əgər dəyən zərərin həcmi 500 manatdan az (məsələn, 489 manat) təşkil etsə idi, müqavilədə azadolma məbləğinin şərtli və ya şərtsiz nəzərdə tutulmasından asılı olmayaraq, heç bir sığorta ödənişi verilməyəcək.

3) İkili sığorta - Əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığorta müqavilələri bağlandığı andakı həqiqi dəyərindən, yənisığorta dəyərindən artıq məbləğdə sığortalanması. Bu zaman sığorta hadisəsinin baş verdiyi halda sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada öhdəlik daşıyır.

Misal

Şəxsin mənzilinin dəyəri 200.000 manatdır və o, həmin mənzili iki sığortaçıda ayrı- ayrı müqavilələrlə sığorta etdirmişdir: “A” sığortaçıda 200.000 manat, “B” sığortaçıda qismən sığorta olaraq 50.000 manat sığorta məbləğində. Beləliklə mənzil ümumilikdə 250.000 manat məbləğində sığortalanmışdır və bu da onun müqavilə bağlandığı andakı həqiqi dəyərindən 50.000 manat artıqdır. Bu cür hala ikili və ya çoxqat sığorta deyilir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən subasma nəticəsində mənzilə 50.000 manat dəyərində zərər dəyir. Belə olan halda əmlaka dəymiş zərərdən artıq sığorta ödənişinin verilməməsi prinsipi əsasında hər bir sığortaçı ümumi sığorta məbləğindəki (250.000 manat) payına mütənasib olan faiz nisbətlərində zərərin əvəzini ödəyir: “A” sığortaçının sığorta müqaviləsindəki sığorta məbləği (200.000 manat) ümumi sığorta məbləğinin (250.000 manatın) 80%-ini təşkil etdiyi üçün o, zərərin (50.000 manatın) 80%-i, yəni 40.000 manatını ödəyəcək. “B” sığortaçı da eyni yanaşma ilə zərərin 20%-i, yəni 10.000 manat ödəyəcək, çünki onun ümumi sığorta müqaviləsindəki payı (50.000 manat) ümumi sığorta məbləğinin (250.000 manatın) 20%-i təşkil edir. Məhkəmədə sığortalının bu müqavilələri qanunsuz gəlir əldə etmək məqsədilə bağlamasının sübut edilməsi halında isə hər iki müqavilə bağlandığı andan etibarsız sayılacaq və hər hansı zərərə görə ödəniş verilməyəcəkdir

Ən sərfəli kredit üçün müraciət et

4) Komisyon - Sığorta və ya təkrarsığorta müqavilələrinin bağlanmasında göstərilən vasitəçilik xidmətinə görə, adətən həmin müqavilə üzrə daxil olan sığorta və ya təkrarsığorta haqqının razılaşdırılmış faiz nisbətində sığorta brokerinə və ya sığorta agentinə ödənilən məbləğ.

Misal

Sığorta agenti sığortaçı ilə vasitəçilik xidməti müqaviləsi bağlamış və bu xidmətə görə muzdun dəyəri sığorta haqqının 15 faizi məbləğində razılaşdırılmışdır. Agent sığortaçıya ay ərzində 10 fiziki şəxslə sığorta müqaviləsi bağlamaqda vasitəçilik xidməti göstərmiş və həmin 10 şəxs ümumilikdə 10.000 manat sığorta haqqı ödəmişdir. Bağlanılmış müqavilənin şərtinə uyğun olaraq, sığortaçının agentə ödəyəcəyi 1500 manat (10.000x 15%=1500 manat) komisyon (muzd) adlanır.

5) Mikrosığorta - Ümumqəbuledilmiş sığorta təcrübəsinə uyğun olaraq əhalinin az gəlirli təbəqəsi üçün sığortalana bilən risklər üzrə təklif olunan, cüzi sığorta haqqı müqabilində adi sığortaya nisbətən daha az məbləğdə sığorta təminatını nəzərdə tutan və lisenziyalaşdırılmış şəxslər tərəfindən həyata keçirilən sığorta mexanizmi.

Misal

Azərbaycanın sığorta bazarında hələ ki, tətbiq edilməyən mikrosığorta beynəlxalq təcrübədə ilk olaraq, əsasən yoxsul əhalinin daha çox olduğu ölkələrdə – Hindistanda, Braziliyada, Filippində, bəzi Afrika ölkələrində geniş yayılmışdır. Mikrosığorta xidmətlərinin təqdim olunması zamanı sığortaçılar daha az sığorta haqları aldıqlarına görə daha az əldəetmə xərcləri sərf etmək üçün adi sığorta əməliyyatlarına xas olmayan üsullardan istifadə edirlər. Məsələn, şəxs mobil telefonla SMS göndərməklə 1.000 dollar məbləğində həyat sığortası təminatı əldə edir. Yaxud kəndli gübrə aldığı zaman 20 dollarlıq gübrənin qiymətinin üzərində əlavə 1-2 dollar ödəməklə, becərmək istədiyi məhsulu 500-600 dollar məbləğində sığorta etdirmiş olur. Sığortaçılar eyni qayda ilə poçt şöbələri, bilet satıcıları vasitəsilə mikrosığorta xidmətlərini təqdim edirlər. Mikrosığorta müqavilələri üzrə hadisələr baş verdikdə də sığorta şirkətləri ciddi araşdırmalar aparmır, çünki araşdırmaya sərf olunacaq əmək və vaxtın dəyəri onsuz da çox olmayan sığorta ödənişi həcminə yaxın olur.

Mənbə: “Sığorta terminləri lüğəti”