1999-2006-cı illərdə Azərbaycanın maliyyə naziri vəzifəsində çalışmış Əvəz Ələkbərov müsahibə verib:
- Əvəz müəllim, hazırda nə işlə məşğulsuz? Türkiyədə biznes fəaliyyətinizin olduğu deyilirdi.
- Təxminən bir il bundan əvvələ qədər Türkiyənin sığorta şirkətlərindən birində pay sahibi idim. Amma son vaxtlar qardaş ölkədə də iqtisadi çətinliklər yaşanır, maliyyə bazarında problemlər yaranıb, mən də sığorta bazarındakı payımı satdım. O vaxtdan Bakıdayam. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə və maliyyə institutları Kafedrasına rəhbərlik edirəm. Bu kafedra əvvəl mövcud olmuş üç kafedra – Maliyyə, Vergiqoyma və Bank işi kafedralarının bazasında yaradılıb. Həmçinin, UNEC-in Professorlar Klubu Rəyasət Heyətinin sədriyəm.
- Sabiq maliyyə naziri kimi Azərbaycanda neftin ucuzlaşması ilə bağlı yaranmış vəziyyəti necə qiymətləndirirsiz?
- Azərbaycanın iqtisadi vəziyyəti hazırda elə də sadə deyil, mürəkkəbdir, amma bu vəziyyətdən çıxış yolları var. Ölkə rəhbərliyinin bununla bağlı fərmanları, sərəncamları, qərarları mövcuddur, yəni müəyyən proses gedir. Çıxış yolu həm də ondadır ki, bundan sonra dövlət büdcəsi vəsaitlərindən daha səmərəli, intizamlı, effektiv istifadə olunsun, büdcə kəsiri az olsun, ölkədən valyuta çıxışına nəzarət gücləndirilsin, qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı və turizm inkişaf etdirilsin.
- Azərbaycan neft gəlirlərini siz nazir təyin edildiyiniz vaxtda da əldə edirdi. O vaxt hökumət üzvlərinin qeyri-neft sektoruna yanaşması necə idi?
- Mənim vaxtımda neft 100-120 dollara satılmırdı, onun hər barelinin qiyməti 18 dollar ətrafında dəyişirdi. O vaxt neft 23-25 dollara satılanda sevinirdik. Amma hökumətdə qəti fikir ondan ibarət idi ki, neft daimi deyil, tədricən onun hasilatı azalacaq, yerini təbii qaz tutacaq, odur ki, neftdən əldə olunan gəlirlər gələcək nəsillərə saxlanılmalıdır. Beynəlxalq təşkilatlarla keçirilən müzakirələrdə, görüşlərdə həmişə qeyri-neft sektorunun inkişafı məsələsi diqqət mərkəzində olub.
- Bəzən deyirlər ki, neftin kəskin bahalaşması, Azərbaycanın böyük neft gəlirləri əldə etməsi ölkənin qeyri-neft sektorunun inkişafına zərbə oldu, iqtisadiyyatı şaxələndirmək, bu günə hazırlamaq mümkün olmadı. Bununla bağlı fikriniz necədir?
- Belə deməzdim, neftin bahalaşmasının faydası çox oldu. 1990-cı illərdə Azərbaycanın bütün ölkələrlə iqtisadi əlaqələri kəsilmişdi, zavod-fabiklərin işi dayanmışdı, ölkədə 1 600 faizlik hiperinflyasiya müşahidə olunurdu və bütün bu problemlərin qarşısı neft pulları hesabına alındı. Azərbaycanda gözəl infrastruktur quruldu, elektrik enerjisi, təbii qaz xətləri yeniləndi, abadlıq işləri görüldü. Eyni zamanda, qeyri-neft sektorunun inkişafına da pul qoyuldu. Sahibkarlığa Kömək Milli Fondu yaradılaraq iş adamlarına güzəştli kreditlər verildi. Amma görünür, neftdənkənar sektora daha çox diqqət göstərmək lazım imiş.
- Maliyyə Nazirliyinin nəzarətində olan Azərbaycan Beynəlxalq Bankı ətrafında baş vermiş maliyyə pozuntularını necə qiymətləndirirsiz? Bəzən, problemli kreditlərə görə bankın menecmentindən daha çox onun Müşahidə Şurası, yəni Nazirlik ittiham edilir.
- ABB-nin fəaliyyəti ilə bağlı narahatlıq o vaxtlar da olub. Mən nazir olanda tez-tez banka məktublar göndərirdik, iradlarımızı bildirirdik. Bu vəziyyət olmamalı idi. Bankın səlahiyyətli İdarə Heyəti olub, o, yaxşı idarə etməli idi, riskli kreditləşməyə getməməli idi, buna isə Müşahidə Şurası nəzarət etməli idi. Bəri başdan bilmək lazım idi ki, intizamsız atılan addımlara görə gec-tez haqq-hesab soruşacaqlar. İndi ABB-nin vəziyyəti yaxşı olsaydı, bütün bank sektorunda vəziyyət yaxşı olardı.
Mənbə: Report.az