Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib | Banco.az

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib

6 mart 2026-cı il tarixində Rabitəbank tərəfindən Xankəndi şəhərində “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil olunub. Forumun əsas məqsədi sahibkarların və vətəndaşların maliyyə savadlılığının artırılması, bank xidmətləri və maliyyə alətlərinə çıxış imkanları barədə məlumatlandırılması, eləcə də regionda iqtisadi aktivliyin və sahibkarlığın inkişafına dəstək göstərilməsi olub.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar, iş adamları və müxtəlif sahələri təmsil edən nümayəndələr iştirak ediblər.

Forum çərçivəsində Rabitəbankın Müşahidə Şurasının üzvü, Korporativ İdarəetmə Komitəsinin sədri Rəhman Əliyev çıxış edərək Rabitəbankın fəaliyyəti, inkişaf strategiyası və ölkə iqtisadiyyatına verdiyi töhfələr barədə geniş təqdimat edib. O bildirib ki, Rabitəbank uzun illərdir ölkədə maliyyə inklüzivliyinin artırılması, sahibkarlığın inkişafı və regionların iqtisadi potensialının gücləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirir.

Forum zamanı Rabitəbankın müxtəlif istiqamətlər üzrə təqdim etdiyi bank məhsulları və maliyyə alətləri iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Xidmət şöbəsinin rəisi Orxan Ahənçi də çıxış edib. O, maliyyə savadlılığının sahibkarlıq fəaliyyətinin səmərəli təşkili, vergi öhdəliklərinin düzgün icrası və şəffaf biznes mühitinin formalaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb. Çıxış zamanı sahibkarlıq subyektləri üçün mövcud vergi mexanizmləri, dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri və biznes fəaliyyətində maliyyə intizamının əhəmiyyəti barədə fikirlərini iştirakçılarla bölüşüb.

Tədbir çərçivəsində eyni zamanda bankın biznes bankçılığı istiqaməti üzrə təqdim olunan xidmətlər barədə də iştirakçılara məlumat verilib. Çıxış zamanı İslam bankçılığı prinsipləri, beynəlxalq və yerli fondlar hesabına təqdim edilən kreditlər, sahibkarlığın inkişafına yönəlmiş maliyyə proqramları, “Güc xanımlarda” layihəsi və ticarət zəncirinin maliyyələşdirilməsi məhsulları haqqında da məlumat təqdim olunub.

Təqdimatlar zamanı debit və kredit kartları, taksit kartları, əmanət və yığım məhsulları, sığorta xidmətləri, nağd pul kreditləri, lombard kreditləri və ipoteka kreditləri haqqında məlumat verilib. Bununla yanaşı, kredit tarixçəsi və BNG əmsalının kredit qərarlarına təsiri ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.

Forum çərçivəsində mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi istiqamətində təqdim olunan kredit məhsulları haqqında da məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb, sahibkarlar üçün maliyyə imkanları və bank xidmətlərinə çıxış mexanizmləri barədə geniş müzakirələr aparılıb.

Qeyd edək ki, tədbirə Qarabağ Təlim Mərkəzi ev sahibliyi edib. Mərkəzin təsisçisi və direktoru Aytən Məmmədova çıxış edərək belə təşəbbüslərin regionda sahibkarlığın inkişafı və maliyyə savadlılığının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, maarifləndirici tədbirlər sahibkarların maliyyə alətləri və müasir bank xidmətləri barədə məlumatlılığının artırılmasına, eyni zamanda biznes mühitinin daha da inkişafına töhfə verir.Daha sonra Qarabağ Təlim Mərkəzinin təşkilatçılığı və Rabitəbankın tərəfdaşlığı ilə Xankəndi şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qarabağda regional xanımların gücü” adlı sərgi təşkil olunub. Tədbirdə ölkənin 20-yə yaxın müxtəlif regionundan olan xanım sahibkarlar iştirak edib. Sərginin keçirilməsində əsas məqsəd regionlarda fəaliyyət göstərən qadın sahibkarlara dəstək olmaq, onların məhsul və xidmətlərini Qarabağda tanıtmaq, eyni zamanda azad edilmiş ərazilərdə yeni biznes imkanlarının formalaşmasını təşviq etmək olub.Xüsusilə vurğulamaq lazımdır ki, Rabitəbank ölkədə maliyyə savadlılığının artırılması, sahibkarlığın inkişafı və regionların iqtisadi potensialının gücləndirilməsi istiqamətində müxtəlif maarifləndirici təşəbbüslər və layihələr həyata keçirməyə davam edir.

 Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.