Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 2014-cü ildən sonra 6,9 faiz bəndi artıb. Bunu bu gün Bakıda işə başlayan "Infrastructure, Power & Renewable Energy Investment Conference" adlı tədbirdə çıxış edən Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Gülmira Rzayeva deyib.
Onun sözünə görə, "Şahdəniz-2" layihəsi Cənub-Şərqi Avropa ölkələrinin qaza olan tələbatının 50%-nin ödənilməsinə imkan verəcək: "Bu layihə İtaliya, Bolqarıstan və Yunanıstanın qaz idxalı bazarının 50%-ə qədərini əhatə edəcək".
SAM rəsmisi onu da deyib ki, 2030-cu ildən sonra əlavə 15 mlrd. kubmetr qaz ixracına da imkan yaranacaq: "2021-2022-ci illərdə "Abşeron" yatağından 5 mlrd. kubmetr qaz almaq imkanı olacaq. "Azəri-Çıraq-Günəşli" yataqlarının dərinsulu hissəsindən isə 2027-2028-ci illərdə 4-5 mlrd. kubmetr qaz əldə etmək imkanı yaranacaq. "Ümid" və "Babək" yataqlarından isə 2026-2027-ci illərdə 5-7 mlrd. kubmetr qaz almaq mümkün olacaq".
Mənbə: Report.az