Dünya Bankı (DB) 4 620 yetkin yaşlı şəxslər arasında keçirilmiş sorğusunun nəticələrinin təhlil olunduğu “Azərbaycanda maliyyə potensialı və inkluzivliyinin gücləndirilməsi Hesabatı”nı açıqlayıb.
"Report"un Bankın hesabatına istinadən verdiyi xəbərə görə, Azərbaycan maliyyə əlyetərliyi, maliyyə inkluzivliyi (bank hesabı olan şəxslərin sayı) və maliyyə infrastrukturu baxımından yüksək ortagəlirli ölkələrin orta səviyyəsindən geridədir.
Sorğuların nəticələrinə görə, Azərbaycanda yalnız 36,4% yetkin şəxs bank hesabına malikdir.
Müqayisə üçün Gürcüstanda bu göstərici 39,7%, Qazaxıstanda 53,9%, Türkiyədə 56,6%, Rumıniyada 60,8%, Serbiyada 83% təşkil edir.
"Maliyyə sabitliyinin qorunması, maliyyə xidmətləri istehlakçılarının müdafiəsinin gücləndirilməsi və keyfiyyətli maliyyə xidmətlərinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən islahatlar maliyyə sektoruna etimadın artırılması və maliyyə əlyetərliyinin və inkluzivliyinin təkmilləşdirilməsi üçün əsas zəmindir. Maliyyə xidmətlərinin daha da əlyetərliyi üçün bu xidmətlərin, xüsusilə baza maliyyə məhsullarının məsrəfləri bankların effektivliyinin artırılması, maliyyə sektorunda şəffaflığın və rəqabətin gücləndirilməsi ilə azaldılmalıdır”, - deyə DB-nin Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko qeyd edib.
Hesabatda deyilir ki, maliyyə əlyetərliyi və inkluzivliyi bir sıra amillərdən, o cümlədən gəlir səviyyəsi, məşğulluq vəziyyəti və ev təsərrüfatlarının ölçüsündən asılıdır.
Gəncə-Qazax regionunda ev təsərrüfatlarının maliyyə inkluzivliyi sahəsində ölkə üzrə ən yüksək göstərici (38,3%), Şəki-Zaqatala regionunda isə ən aşağı göstərici (32,3%) qeydə alınıb.
Həmçinin, sorğunun qənaətinə görə, işsiz yetkin şəxslər orta məşğulluqla müqayisədə maliyyə xidmətlərindən 6% az istifadə edir. Gənc qadınların iqtisadi iştirakının zəif olması nəticəsində onların maliyyə inkluzivliyinin də az olması görünür. Maliyyə potensialının zəif olması və baza maliyyə xidmətlərinin yüksək məsrəfləri maliyyə xidmətlərinin istifadəsi üçün maneələrdən biri kimi nəzərə çarpır.
Qeyd olunur ki, bununla yanaşı, maliyyə müəssisələrinin məhdud əhatə dairəsi və istehlakçıların müdafiə çərçivəsinin yetərli olmaması da maliyyə əlyetərliyi və inkluzivliyinə mane olur.
"Azərbaycanda bank şəbəkəsi (hər 1 000 yetkin şəxsə düşən bank şöbələrinin sayına görə) Avropada ən kiçiklərdən biridir, müasir maliyyə xidmətlərinin göstərilməsi (o cümlədən, filialsız banklar, rəqəmsal maliyyə) isə yetərli səviyyədə inkişaf etməyib. Kredit infrastrukturu (kredit büroları, təminatlı tranzaksiyalar çərçivəsi) formalaşma mərhələsindədir. Azərbaycan qeyri-bank maliyyə institutlarını və maliyyə xidmətləri üzrə müasir paylama platformalarını (e-bankçılıq, mobil bankçılıq) inkişaf etdirməlidir", - deyə Azərbaycanda DB-nin maliyyə sektoru üzrə fəaliyyətinə rəhbərlik edən maliyyə sektoru üzrə baş mütəxəssis xanım Anjela Priqojina qeyd edib.
Həmçinin, hesabatın təqdim olunduğu tədbirdə şikayətlərə baxılması üçün maliyyə ombudsmanı institunun yaradılmasının vacibliyi qeyd olunub.
Hesabat Azərbaycan Mərkəzi Bankının müraciəti əsasında İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən İstehlakçıların müdafiəsi və maliyyə savadlılığı Texniki yardım Layihəsi çərçivəsində hazırlanıb.