Saziş Azərbaycanda yolların inşasına əlavə 140 mln. dolların ayrılmasını nəzərdə tutur
“Azəravtoyol” ASC ilə Dünya Bankı arasında "Azərbaycan magistral avtomobil yolu-3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi ilə bağlı görüş keçirilib. Görüşdə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankın Azərbaycan üzrə meneceri Larisa Leşçenko, Nazirlər Kabinetinin nümayəndələri, həmçinin Cəmiyyətin və bankın məsul şəxsləri iştirak ediblər.
Cəmiyyətdən "Report"a verilən məlumata görə, kredit sazişini “Azəravtoyol”un sədri S.Məmmədov və DB-nin ölkə üzrə meneceri L.Leşçenko imzalayıblar.
Bu saziş çərçivəsində Azərbaycana 140 mln. ABŞ dolları həcmində kreditin ayrılması nəzərdə tutulub. Kredit sazişinə əsasən, layihədə Azərbaycan hökumətinin payı isə 43,5 mln. dollar olacaq.
Kredit məbləğinin 3 komponentin maliyyələşdirilməsinə yönəldirilməsi nəzərdə tutulub. Bu, magistral yolların istismarı islahatlarının dəstəklənməsi, layihənin idarə edilməsi və institusional dəstək, həmçinin magistral yolların tikintisi komponentləridir.
Magistral yolların tikintisi komponentinə Bakı-Şamaxı avtomobil yolunun 15-45 və 45-91-ci km-lik hissələrinin Ib texniki dərəcəyə uyğun olaraq iki hərəkət zolağındam dörd hərəkət zolağına uyğun yenidən qurulması layihəsinin tamamlanması, həmçinin 13,3-15 və 91-107 km-lik hissələrinin Ib texniki dərəcəyə uyğun olaraq yenidən qurulması layihələri daxildir.
Qeyd edək ki, Bakı-Şamaxı avtomobil yolunun iki hərəkət zolağından dörd hərəkət zolağına uyğun yenidən qurulması layihəsi üzrə yerinə yetirilmiş fiziki işlərin həcmi 70%-dən artıqdır. Layihəyə uyğun olaraq yolun eni 27,5 metr., ayrıcı zolağın eni 5,0 metr, hərəkət hissəsinin eni 15 metr, çiyinlərin eni isə 7,5 metrdir.
Kredit sazişi çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun 13,3-15 və 91-107-ci km-lik hissələrinin də genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə tender və layihə-smeta sənədləri hazırlanır. Sözügedən layihə çərçivəsində yolun ümumi eni 29,5 metr, ayırıcı zolağın eni 1 metr, bərkidici zolaq 1,5 metr, hərəkət zolağının sayı 4 və 6 ədəd, hərəkət hissəsinin eni 9 metr və 15 metr, səkilərin eni isə 3 metr olması nəzərdə tutulub.