Asiya ölkələrinin milli valyutaları son 17 ilin ən çətin rüblük dövrünü keçirir. Banco.az "Report"a istinadən xəbər verir ki, bu ölkələrin milli valyutaları 1997-1998-ci illərin Asiya maliyyə böhranından bu tərəfə ən yüksək rüblük zəifləmə ilə üzləşib. Milli valyutalar Çinin yuanı devalvasiya etməsi və Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmaq planları səbəbindən kəskin devalvasiyaya məruz qalıb.
Yaponiya istisna olmaqla, ən çox istifadə olunan 10 Asiya valyutasını incələyən "Bloomberg-JP Morgan Asiya Dollar" indeksi 1997-1998-ci illərin böhranından bu tərəfə ən pis dövrünü yaşayıb və indeks 4,2% geriləyib. Çindəki iqtisadi yavaşlama bölgənin ixrac potensialını azaldaraq məzənnə müharibəsini dəstəkləyir. Sidneydə yerləşən "Westpac banking" Korporasiyasının valyuta strategiyası üzrə mütəxəssisi Şon Kalou (Sean Callow) bildirib ki, 2015-ci ilin son rübündə heç bir Asiya milli valyutası güclənə bilməyəcək.
Qeyd edək ki, bu ilin III rübündə İndoneziya rupisi 9,1%, Tailand batı 7,1%, Tayvan dolları 6%, Cənubi Koreya vonu 6,4%, Çin yuanı isə 2,4% devalvasiyaya uğrayıb.