Gənclər üçün nəzərdə tutulmuş kartlar
Müxtəlif banklar tərəfindən beynəlxalq tələbə şəxsiyyət vəsiqəsi ilə ISIC (International Student Identity Card) adlı kartlar verilir. Futbol həvəskarları üçün bəzi banklar futbol mövzusunda bank kartları təklif edirlər.
Kobrend kartlar
Əksər banklar aparıcı mobil operatorlarla müştərək kartlar təklif edirlər. Bu kartlardan istifadə zamanı sərf olunan məbləğə görə bank müştəriyə 1 bonus balı təqdim edir ki, həmin baldan mobil rabitənin ödənişi üçün istifadə etməyə icazə verilir.
Son zamanlar "Cash-back" tipli kartlar istifadəçilər arasında böyük populyarlıq qazanmışdır. Sözügedən kartlar xərclənən məbləğin bir qisminin müştərinin hesabına geri qaytarılmasını təmin edir. Qeyd edək ki, hesaba geri qayıdan məbləğ xərclənən məbləğin 1%-ni təşkil edir və əməliyyatların həyata keçirildiyi müddətdən sonra, yəni, növbəti ay müştərinin hesabına əlavə olunur.
Kart istifadəçiləri arasında aviaşirkətlərin də yer aldığı müştərək proqramlardan istifadə geniş yayılmışdır. Bu proqramların ən cəlbedici xüsusiyyəti bu kart üzrə müəyyən olunmuş minimal məbləğin sərf olunması zamanı aviaşirkət tərəfindən müştəriyə mükafat millərinin hədiyyə olunmasıdır.
Bəzi banklar yanacaqdoldurma məntəqələri ilə müştərək kartlar təqdim edirlər. Bu kartlardan istifadə zamanı sərf olunan hər məbləğə görə bal hesablanır. Sonra isə toplanmış ballar həmin yanacaqdoldurma şəbəkəsində benzinin ödənilməsi üçün istifadə olunur. Bundan əlavə, sözügedən kartlar müştərilərə müəyyən mağazalardan alış-veriş etdikləri zaman 5%-lik endirim təqdim edirlər. Bəzi banklar isə məşhur diskont proqramlar və mağazalarla müştərək kartlar hazırlayırlar.
Hədiyyə kartları və səyahətçilər üçün nəzərdə tutulmuş kartlar
Bu kartların üzərində kart sahibinin adı qeyd olunmur. Kart kimə hədiyyə olunacaqsa, həmin şəxs də onun sahibinə çevriləcək. Bu tipli kartlara şəxsin hədiyyə etmək və ya köçürmək istədiyi məbləğ daxil edilir.
Qısa müddət ərzində verilən kredit kartları
Bəzi banklar müştərilərə anında verilən kredit kartları təqdim edirlər. Belə ki, müştərinin razılığı olduğu təqdirdə, sözügedən kartları 1 saat ərzində almaq mümkündür.
Xeyriyyə fondları ilə birgə yaradılan kartlar
Sözügedən kartlardan isifadə zamanı sərf olunan məbləğin bir hissəsi bank tərəfindən həmin xeyriyyə fondunun hesabına köçürülür.
Əmanət vasitəsi qismində istifadə olunan kartlar
Hal-hazırda bazarda çoxsaylı universal kartlar mövcuddur. Bu kartlarda həm yüksək faizlərlə pul saxlamaq, həm də bu kart vasitəsilə təyin edilmiş kredit xəttindən istifadə etmək mümkündür. Daha yüksək faiz əldə etmək üçün kartın hesabında pul vəsaitlərinin minimal qalığını saxlamaq lazmdır.
Artıq Qərbdə xərclərin limitini özü idarə edən kartlardan istifadə olunur. Hər dəfə bu kartla alış-veriş etdikdən sonra kartın ön tərəfində qeyd olunan və ay ərzində sərf olunan məbləği göstərən informasiya yenilənir. Karta quraşdırılan kiçik günəş paneli onu enerji ilə təmin edir. Kart özü isə kiçik ölçülü elektron çip vasitəsilə idarə olunur.
Sevinc İbadova/Banco.az