İş müsahibəsində bu 10 ifadəni işlətmək işə qəbul şansınızı azalda bilər | Banco.az

İş müsahibəsində bu 10 ifadəni işlətmək işə qəbul şansınızı azalda bilər

Müəllif: Gülnar Əhmədli, Banco.az

İş müsahibəsi müəyyən mənada bacarıq, hazırlıq və düzgün strategiyanın sınağıdır. Namizədin verdiyi cavablar işəgötürəndə müsbət təəssürat yarada bildiyi kimi, düşünülmədən deyilən bir cümlə də onun şansını azalda bilər. Xüsusilə bəzi ifadələr özünəinamın zəifliyi, hazırlıqsızlıq və ya işə marağın az olması kimi qəbul edilə bilər. Buna görə də müsahibə zamanı yalnız nə deyəcəyinizə deyil, hansı ifadələrdən uzaq durmalı olduğunuza da diqqət yetirmək vacibdir.

1. “Bilirəm ki, kifayət qədər təcrübəm yoxdur, amma...”

Bu ifadə müsahibənin əvvəlindən özünüzə məhdudiyyət qoymaq deməkdir. Bəli, iş təcrübəniz az ola bilər, lakin bu, digər üstünlüklərinizi kölgədə qoymamalıdır. İşəgötürən artıq CV-nizdə təcrübəniz barədə məlumat əldə edib. Bunu yenidən vurğulamaq əvəzinə, öyrənməyə həvəsinizi, yeni mühitə tez uyğunlaşmaq bacarığınızı və mövcud biliklərinizi ön plana çıxarmaq daha məqsədəuyğundur.

2. “Bilmirəm”

Müsahibə zamanı çətin sualla qarşılaşmaq normaldır. Ancaq “Bilmirəm” deyərək söhbəti bitirmək namizədin çətinlik qarşısında geri çəkildiyi təəssüratını yarada bilər. İşəgötürənlər hər şeyi bilməyinizi deyil, bilmədiyiniz vəziyyətdə necə davrandığınızı da qiymətləndirirlər. Belə məqamlarda düşünmək üçün bir qədər vaxt istəmək, sualı dəqiqləşdirmək və ya məsələyə fərqli yanaşma təklif etmək daha peşəkar görünür.

3. “Hazırlaşmağa vaxtım olmadı”

Müsahibəyə bu cümlə ilə başlamaq işə kifayət qədər maraq göstərmədiyiniz təəssüratını yarada bilər. Namizəddən gözlənilən əsas məqamlardan biri vakansiya və şirkət haqqında əvvəlcədən məlumat toplamasıdır. Şirkətin fəaliyyəti, iş prinsipləri və korporativ mədəniyyəti ilə bağlı qısa araşdırma belə hazırlıqlı olduğunuzu göstərir.

4. “Öz biznesimi qurmaq istəyirəm”

Sahibkarlıq arzusu müsbət xüsusiyyət olsa da, iş müsahibəsində bunu vurğulamaq müəyyən risklər yarada bilər. İşəgötürən sizi müvəqqəti namizəd kimi qiymətləndirə və şirkətdə uzun müddət çalışmağı planlaşdırmadığınızı düşünə bilər. Uzunmüddətli hədəflərinizdən danışarkən şirkətdə necə inkişaf edə biləcəyinizə və komandaya hansı töhfəni verəcəyinizə diqqət yetirmək daha yaxşıdır.

5. “Hər işi görə bilərəm”

Bu ifadə çevik və məsuliyyətli olduğunuzu göstərmək məqsədilə işlədilsə də, əslində qeyri-müəyyənlik yarada bilər. İşəgötürənlər adətən konkret bacarıqları və peşəkar istiqaməti olan namizədlərə üstünlük verirlər. Buna görə də bütün işləri görə biləcəyinizi söyləməkdənsə, güclü tərəflərinizi, təcrübənizi və müraciət etdiyiniz vəzifəyə marağınızı vurğulamaq daha təsirli olar.

6. “Əvvəlki şirkətim çox pis idi”

Əvvəlki iş yerinizdə çətinliklərlə qarşılaşmış olsanız belə, yeni işəgötürənin yanında keçmiş rəhbərliyinizi və ya həmkarlarınızı sərt şəkildə tənqid etmək düzgün yanaşma deyil. Qarşı tərəf gələcəkdə onun şirkəti haqqında da eyni fikirləri səsləndirə biləcəyinizi düşünə bilər. Bunun əvəzinə əvvəlki təcrübənizdən nə öyrəndiyinizi və yeni iş yerində hansı məqsədlərə çatmaq istədiyinizi izah edin.

7. “CV-də qeyd etmişəm”

İşəgötürən CV-nizi oxumuş olsa da, müsahibədə təcrübəniz və bacarıqlarınız barədə əlavə məlumat almaq istəyə bilər. “CV-də var” cavabı ünsiyyətə qapalı olduğunuz təəssüratını yarada bilər. Daha yaxşı olar ki, CV-dəki məlumatları konkret nümunələrlə genişləndirəsiniz və təcrübənizin müraciət etdiyiniz vəzifə ilə əlaqəsini izah edəsiniz.

8. “Şey...”, “yəni...”, “bilirsiniz...”

Danışarkən fikirləri toparlamaq üçün tez-tez doldurucu sözlərdən istifadə etmək özünəinamın zəif olduğu təəssüratını yarada bilər. Müsahibədə aydın və ardıcıl danışmaq vacibdir. Cavab verməzdən əvvəl qısa fasilə etmək fikirlərinizi daha düzgün ifadə etməyə və lazımsız sözlərdən qaçmağa kömək edəcək.

9. Şəxsi həyatla bağlı həddindən artıq danışmaq

İş müsahibəsi şəxsi həyatınızın bütün təfərrüatlarını bölüşmək üçün uyğun məkan deyil. Söhbəti səmimiləşdirmək istəsəniz də, şəxsi mövzulara həddindən artıq vaxt ayırmaq diqqəti peşəkar keyfiyyətlərinizdən yayındıra bilər. Şəxsi təcrübənizdən nümunə gətirərkən onu iş bacarıqlarınız və peşəkar fəaliyyətinizlə əlaqələndirmək daha məqsədəuyğundur.

10. “Heç bir sualım yoxdur”

Müsahibənin sonunda sualınızın olmadığını bildirmək hazırlıqsız və ya işə maraqsız olduğunuz təəssüratını yarada bilər. Halbuki bu mərhələ şirkət və vəzifə haqqında əlavə məlumat əldə etmək üçün yaxşı fürsətdir. İş şəraiti, gündəlik öhdəliklər, komandanın fəaliyyəti və karyera imkanları ilə bağlı əvvəlcədən hazırladığınız suallar görüşü daha müsbət təəssüratla başa vurmağınıza kömək edə bilər.

Unutmayın ki, iş müsahibəsində seçdiyiniz sözlər ən azı təcrübəniz və bacarıqlarınız qədər əhəmiyyətlidir. Düşünülmüş cavablar, aydın ünsiyyət və şirkətə göstərilən maraq digər namizədlər arasında fərqlənməyinizə kömək edə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram