Assosiasiyanın sədri Orxan Bayramov “Marja”ya bildirdi ki, “Xalq reytinqi” müxtəlif göstəricilər əsasında tərtib edilməlidir. “Təklif edirik ki, müxtəlif göstəricilər – sığorta şirkətinin müştərilərinin sayı, ondan gələn şikayətlərin sayı, yığımının, ödənişlərinin həcmi kimi göstəricilər üzrə ballar, hər bir bala uyğun da əmsallar müəyyənləşdirilsin. Son etapda alınan rəqəm sığorta şirkətinin reytinq cədvəlində yerini göstərsin. Əgər əmsallar tətbiq edilsə, ədalətli prinsip olacaqdır”, - o deyib.
Etibarsız şirkət adi ilə bilinəcək
Orxan Bayramovun sözlərinə görə, reytinqdə müştəri şikayətlərinin sayının nəzərə alınması hansı şirkətin etibarlı və ya etibarsız olduğunu adı ilə göstərməyə imkan verəcəkdir. Həm də, bu cür reytinq əhali arasında reklamdan başqa bir göstərici olacaqdır: “Bu statistikaya, real faktlara əsaslanmış bir göstərici olacaqdır. Müştəri olaraq o reytinqə baxanda fikir formalaşacaqdır”.
ASA-nın sədri dedi ki, 26 şirkətə şikayətçlərinin sayına görə eyni baxmaq düzgün deyil: “Bir şirkətin fərdi 5000 müştərisi olduğu halda, digər bir şirkətin 200 korporativ müştərisi var. Adətən korporativ müştərilərin şikayəti az olur və onlar ilə dil tapmaq asandır. Bu baxımdan da korporativ müştərilər ilə işləyən şirkətdən şikayət yoxdur deyə onun önə çıxardılması ədalətli deyil. 5000 və daha çox fərdi müştəri ilə işləyən şirkətdən, təbii ki şikayətlər də çox olacaqdır. Və yaxud birinin yığımları 30 milyon manat, digərinki isə 1 milyon manat təşkil edir. Əlbəttə, bu vəziyyətdə şikayətçilərin sayı da müxtəlif olacaqdır. Buna uyğun məntiqi bir göstəricilər sistemi hazırlanmalıdır”.
Simalar formalaşmalıdır
Orxan Bayramov əlavə etdi ki, ASA bazarda simaların yaranmasını istəyir: “Əhali deməsin ki, sığorta insanları aldadır. Konkret adı ilə bildirilsin ki, “A” şirkəti etibarsız şirkətdir. Mənim proqnozuma görə, 2015-ci ilin sonuna qədər bazarda simalar yaranacaqdır. Hər kəs “A” şirkətinin etibarsız, “B” şirkətinin qənaətbəxş, “C” şirkətinin isə tam etibarlı olacağını biləcəkdir ”.
Orxan Bayramov qeyd etdi ki, gəlinəcək nəticədən asılı olaraq reytinq cədvəli aylıq və ya rüblük açıqlana bilər. Əgər bir şirkət reytinq cədvəlində aşağı düşəcəksə bu onun xidmətlərinin keyfiyyətinin azalmasına, yuxarı pillələrə irəliləyəcəksə xidmətlərinin keyfiyyətinin artmasına dəlalət edəcəkdir.
Mənbə: fins.az