"OpenAI" həftəlik 400 milyon istifadəçiyə çatıb | Banco.az

"OpenAI" həftəlik 400 milyon istifadəçiyə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Süni intellekt şirkəti “OpenAI” həftəlik 400 milyon aktiv istifadəçiyə çatdığını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ mərkəzli süni intellekt araşdırma şirkəti “OpenAI” həftəlik 400 milyon aktiv istifadəçiyə çatdığını açıqlayıb. 2024-cü ilin dekabr ayında 300 milyon istifadəçiyə sahib olan şirkətin istifadə sürətindəki artım diqqətçəkicidir. Lakin “OpenAI” ChatGPT Plus və ya ChatGPT Pro-ya aktiv abunəliyi olan ödənişli müştərilərin sayını açıqlamayıb.

B2B sahəsində isə ChatGPT-nin korporativ planları sürətlə genişlənir: “OpenAI” hazırda 2 milyon ödənişli korporativ istifadəçiyə sahibdir və istifadə göstəricisi 2024-cü ilin sentyabr ayından bəri ikiqat artıb.

“OpenAI”ın ChatGPT-ni təqdim etməsindən sonra bir çox texnologiya şirkəti öz süni intellekt alətini istifadəyə verib. Süni intellekt alətlərinin artması ilə bazarda rəqabət mühiti formalaşıb. Süni intellektlə dəstəklənən söhbət botu qısa müddətdə dünyanın hər yerindəki insanlara çataraq geniş istifadə olunmağa başlayıb.

Xatırladaq ki, ChatGPT-nin inkişaf etdiricisi “OpenAI”ın idarə heyəti texnologiya sahibkarı İlon Maskın şirkəti satın almaq üçün verdiyi 97,4 milyard dollarlıq təklifi rədd etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram