Süni intellekt Qremmi mükafatına layiq görülüb | Banco.az

Süni intellekt Qremmi mükafatına layiq görülüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitlz qrupunun süni intellektlə yaradılan "Now and then" mahnısı Qremmi mükafatına layiq görülüb.

Banco.az xəbər verir ki, musiqi dünyasının əfsanəvi simasl Bitlz qrupu (“The Beatles”) 67-ci Qremmi mükafatlandırma mərasimində tarixə düşən bir uğura imza atıb. 

Qrup Con Lennonun onilliklər əvvəl yazdığı bir demo qeydinə süni intellektin dəstəyi ilə tamamlama aparılan “Now and Then” mahnısı ilə "Ən Yaxşı Rok İfaçılığı" mükafatını qazanıb.

Mükafatı Bitlz qrupunun adından qəbul edən Şon Ono Lennon atasının mirasını şərəfləndirərkən mahnının emosional dərinliyinə xüsusi diqqət çəkib.

“Now and Then” Con Lennonun 1970-ci illərin sonlarında Nyu-Yorkdakı mənzilində yazdığı bir demo idi. 1990-cı illərdə Pol Makkartni, Rinqo Star və Corc Harrison mahnını tamamlamağa çalışsalar da, o dövrün texnologiyası Lennonun vokalını arxa plandakı pianodan ayırmağa imkan vermirdi. Bu texniki maneəyə görə layihə təxirə salınmışdı.

Lakin illər sonra rejissor Piter Ceksonun “The Beatles: Get Back” sənədli filmi üçün hazırladığı maşın öyrənmə texnologiyası dövriyyəyə girib. Bu alət Lennonun səsini digər səslərdən ayıraraq Bitlz üzvlərinə mahnını tamamlamaq imkanı yaradıb. Makkartni və Star yeni instrumental səslər və vokal harmoniyaları əlavə edərək “Now and Then” mahnısını son versiyaya gətirdilər və onu qrupun son mahnısı kimi musiqi dünyasına qazandırdılar.

Mahnının süni intellektin dəstəyi ilə tamamlanması musiqi dünyasında texnologiyanın rolu ilə bağlı yeni müzakirələrə səbəb olub. Bəzi tənqidçilər süni intellektin bədii yaradıcılığa həddindən artıq müdaxilə etdiyini iddia etsələr də, Makkartni prosesin tamamilə təbii olduğunu vurğulayır:

"Düzünü desək, süni şəkildə yaradılmış heç nə yoxdur. Sadəcə mövcud olanı təmizlədik və təkmilləşdirdik."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram