Müəllif: Tamara Mustafayeva, Banco.az
Kanada Bankı (BoC) ABŞ tarifləri təhlükəsi yarandığı üçün ardıcıl altıncı dəfə faiz dərəcələrini endirib.
Banco.az xəbər verir ki, Kanada Mərkəzi Bankı ABŞ Prezidenti Donald Trampın 1 fevral tarixində 25 faizlik gömrük rüsumu tətbiq etmə planı səbəbindən faiz endirimi edib.
Bank uçot dərəcəsini 25 baza bəndi azaldaraq 3 faizə endirib.
Mərkəzi Bankın sədri Tiff Maklem avqust ayından bəri inflyasiyanın banknın 2 faizlik hədəfinə yaxın səviyyədə qalmasına və ev təsərrüfatlarının xərclərinin bərpa olunmasına baxmayaraq, ABŞ ilə yaşanan ticarət mübahisəsinin iqtisadi və inflyasiya perspektivlərini kölgələdiyini bildirib. Sədr qeyd edib ki, "Uzunmüddətli və genişmiqyaslı ticarət münaqişəsi Kanadanın iqtisadi fəaliyyətinə ciddi zərər verə bilər."
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp vəzifəyə başlamasından sonra Kanada və Meksikaya 1 fevral tarixindən etibarən 25 faizlik gömrük rüsumu tətbiq etməyi düşündüyünü açıqlamışdı.
Kanada Mərkəzi Bankı fərqli senariləri və ABŞ ilə ticarət müharibəsinin mümkün nəticələrini araşdırmağa başlayıb. Bankın monetar siyasət araşdırmasında nəzərdə tutulan senarilərdən biri göstərir ki, həm Kanada, həm də ABŞ tərəfindən tətbiq olunacaq 25 faizlik tariflər ilk il ərzində Kanadanın iqtisadi artımının 2,5 faiz, ikinci il isə 1,5 faiz azalmasına səbəb ola bilər.
Kanada və ABŞ qarşılıqlı olaraq 25 faizlik gömrük rüsumu tətbiq edərsə, hər iki ölkədə daha aşağı iqtisadi artım və daha yüksək inflyasiya proqnozlaşdırılır. Bank hesab edir ki, ticarət münaqişəsi Kanadada həm ixracata, həm də idxala mənfi təsir göstərəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!