Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Donald Tramp süni intellekt infrastrukturu üçün özəl sektora 500 milyard dollar sərmayə qoyulacağını açıqlayıb.
Banco.az xəbər verir ki, Tramp “OpenAI”nin baş direktoru Sem Altmanın, “SoftBank”ın baş direktoru Masayoşi Sonun və “Oracle”ın İdarə Heyətinin sədri Larri Ellisonun iştirakı ilə süni intellekt infrastruktur investisiyalarına dair mətbuat konfransı keçirib.
"OpenAI", "Oracle" və "SoftBank"ın "Stargate" adlı birgə layihə quracağını elan edən Tramp bu layihə çərçivəsində ABŞ-ın süni intellekt infrastrukturu üçün ən azı 500 milyard dollar sərmayə yatırılacağını bildirib.
Tarixdəki ən böyük süni intellekt infrastrukturu layihəsi
Tramp bu sərmayəni "tarixdəki ən böyük süni intellekt infrastrukturu layihəsi" kimi qiymətləndirərək 100 mindən çox amerikalı üçün iş yerləri yaradılmasının gözlənildiyini qeyd edib.
Təcili qərarlarla sərmayənin reallaşmasına kömək edəcəyini vurğulayan Trump, "Çox miqdarda elektrik enerjisi istehsal etməlidirlər və biz bu istehsalı onların müəssisələrində çox asan şəkildə həyata keçirmələrini mümkün edəcəyik", deyib.
Tramp, "”Stargate” süni intellekt sahəsindəki yeni nəsil inkişafları dəstəkləmək üçün həm fiziki, həm də virtual infrastrukturu quracaq, bu, nəhəng məlumat mərkəzlərinin tikintisini də əhatə edəcək," deyə əlavə edib.
Trampın söz verdiyi "Oracle" İdarə Heyətinin sədri Ellison isə qrupun məlumat mərkəzlərinin ilkinin Texasda inşa mərhələsində olduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!