Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,2 faiz olub.
Banco.az Dövlət Statistika Komitəsinin saytına istinadla xəbər verir ki, 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 104,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-qida məhsulları üzrə 102,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106,3 faiz təşkil edib.
2024-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 104 faiz təşkil edib.
Qarşıdakı aylarda göstərilən xidmətlər və digər məhsulların qiymətinin dəyişməsi ilə bağlı iqtisadçı ekspert Rauf Qarayev açıqlama verib. İqtisadçı Banco.az-a bildirib ki, artım dünyada gedir:
“Əvvəla, xam malı son məhsula çevirmək üçün müəyyən xərclər tələb olunur. Bu xərclər ölkəyə gətirilən kimyəvi maddələrlə bağlıdır. Onlar yerli istehsalda mövcud olmadığı üçün məcburən xaricdən idxal edilməlidir. Xam malın son məhsula çevrilməsində qablaşdırma da mühüm rol oynayır. Qabların hazırlanması, üzərinə vurulan etiketlər və çap işləri əsas amillərdəndir. Azərbaycanda kağız istehsalı və üzərinə vurulan boyalar olmadığı üçün əlavə qablaşdırma materialları, o cümlədən bəzi qablar xaricdən gətirilir. Hesab edirəm ki, yanacaq və enerji xərcləri artıb və gələcəkdə daha da arta bilər. Bu isə daşınma xərclərinə birbaşa təsir edir”.
Ekspert qeyd edib ki, ölkədə inflyasiya var və qiymət artımı qismən manatın dəyərdən düşməsi ilə əlaqədardır:
“Rəsmi məzənnə sabit saxlanılsa da, bu sabitliyi qorumaq üçün Mərkəzi Bank böyük vəsait xərcləyir. Əgər bu xərclər edilməsə, vəziyyət nəzarətdən çıxa bilər. Bu da göstərir ki, manatın dəyərdən düşməsi hökumət üçün ziyanlıdır, əks halda, ona əlavə müdaxilə etməzdi. Qiymət artımı, xüsusilə tütün məmulatları və alkoqollu içkilərdə müşahidə oluna bilər”.