“Gələn il iqtisadi hədəflərdən biri yeni infrastruktur layihələri olacaq” | Banco.az

“Gələn il iqtisadi hədəflərdən biri yeni infrastruktur layihələri olacaq”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

 “Azərbaycan MDB məkanında xarici borcun ÜDM-dəki payına görə ən yaxşı göstəriciyə malikdir. Bu, ölkənin öhdəliklərini uğurla yerinə yetirməsi və beynəlxalq maliyyə institutlarının, o cümlədən Dünya Bankı və Asiya İnkişaf Bankının ölkəmizə kredit ayırmaqda maraqlı olmaları ilə izah edilə bilər.

Bu fikirləri Banco.az-a ekspert Nurlan Qurbanzadə deyib. O hesab edir ki, xarici borcun düzgün investisiya edilməməsi və öhdəliklərin yerinə yetirilməməsi iqtisadiyyata mənfi təsir göstərə və defolt riski yarada bilər.

2025-ci il üçün proqnozlar göstərir ki, dövlətin xarici borclanması 30 milyard manata qədər yüksələ bilər ki, bu da ÜDM-in 23%-ni təşkil edəcək. Artan borclanma əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və yeni infrastruktur layihələri üçün zəruri olacaq.”

Xarici borcun ödənilməsi üzrə müddətlərin bölgüsü belədir:

  • 42.1% – 5 ilədək,
  • 49.2% – 5 ildən 10 ilədək,
  • 8.7% – 10 ildən yuxarı.

Dövlət borcunun idarə edilməsində bir sıra əsas faktorlar mühüm rol oynadığını qeyd edən ekspert bildirib ki,  xarici ticarət dövriyyəsinin artması borcun ödənilməsində vacib mənbə hesab olunur:

Ən sərfəli kredit üçün müraciət et

“Bununla yanaşı, ixracın genişlənməsi də dövlətin maliyyə resurslarını artıraraq borc öhdəliklərini yerinə yetirməyə imkan verir. Eyni zamanda, neft qiymətlərindəki müsbət dəyişikliklər ölkənin gəlirlərini artırır və xarici borcun azaldılmasında mühüm rol oynayır. Bu faktorların birlikdə müsbət dinamika göstərməsi, dövlət borcunun ÜDM-dəki payının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur”.

Nurlan Qurbanzadə deyib ki, hökumət xarici borcun daxili borcla əvəzlənməsi strategiyasını həyata keçirir. Bu məqsədlə Maliyyə Nazirliyi manatla qiymətli kağızlar buraxaraq daxili maliyyə mənbələrindən istifadəni artırır:

“Gələcəkdə faiz dərəcələrinin aşağı və ya sabit səviyyədə saxlanılması nəzərdə tutulur. Yenidən maliyyələşmə çərçivəsində inflyasiyanı birrəqəmli səviyyədə saxlamaq hökumətin əsas hədəflərindən biridir. İşğaldan azad edilmiş ərazilərə investisiyaların davam etdirilməsi də əsas prioritetlərdən sayılır”.