Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Süni intellekt (SI) texnologiyalarının inkişafı və tətbiqi dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da prioritet məsələlərdən birinə çevrilib.
Xüsusilə iqtisadiyyat, səhiyyə, təhsil, nəqliyyat və kənd təsərrüfatı kimi strateji sahələrdə bu texnologiyaların tətbiqi geniş potensiala malikdir.
Bu barədə Banco.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev, süni intellektin Azərbaycanda inkişaf perspektivlərini dəyərləndirib.
Bəhruz Əliyev qeyd edib ki, "Süni intellekt texnologiyaları Azərbaycanda iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaqla yanaşı, istehsal və xidmət sektorlarında səmərəliliyin yüksəldilməsinə şərait yaradır. Xüsusilə nəqliyyat və logistika sahələrində SI-nin tətbiqi yol hərəkəti təhlükəsizliyini artırmaqla bərabər, xərclərin optimallaşdırılmasına və xidmət keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır."
Mütəxəssis əlavə edib ki, SI-nin səhiyyədə tətbiqi də mühüm əhəmiyyət kəsb edir:
"Tibbi diaqnoz proseslərinin avtomatlaşdırılması, süni intellekt əsaslı analiz sistemləri səhvlərin minimuma endirilməsini və xəstəliklərin daha erkən mərhələdə aşkarlanmasını təmin edir. Bu, həm insanların sağlamlığının qorunması, həm də səhiyyə xərclərinin azaldılması baxımından mühüm nəticələr doğurur."
Ekspert düşünür ki, kənd təsərrüfatı sahəsində isə süni intellektin istifadəsi istehsalın optimallaşdırılmasına töhfə verə bilər:
"Aqrar sektorda resursların daha səmərəli istifadəsi, məhsul yığımı və heyvandarlığın monitorinqi üçün süni intellektdən istifadə kənd təsərrüfatında məhsuldarlığı artırır və daha dayanıqlı inkişaf üçün zəmin yaradır."
Təhsil sahəsinə toxunan mütəxəssis bildirib ki, fərdi tədris planlarının yaradılması və onlayn təhsil platformalarının genişlənməsi işçi qüvvəsinin bacarıqlarının artırılmasına xidmət edir:
"Təhsil sektorunda süni intellekt fərdiləşdirilmiş öyrənmə təcrübələri yaradaraq tələbələrin ehtiyaclarına daha uyğun yanaşmalar təmin edir. Bu, həm də ölkədə rəqabətli işçi qüvvəsinin formalaşmasına kömək edir."
Bəhruz Əliyevin fikrincə, süni intellekt texnologiyalarının Azərbaycanda daha geniş tətbiqi həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətli nəticələr verəcək:
"Bu texnologiyalar, yalnız iqtisadi məhsuldarlığı artırmaqla kifayətlənməyəcək, həm də yeni iş yerlərinin yaradılmasına və texnoloji innovasiyaların təşviqinə səbəb olacaq. Bu proses əmək bazarında dəyişikliklərə və bəzi sahələrin avtomatlaşdırılmasına səbəb ola bilər. Buna görə də dövlət və özəl sektor bu təsirləri idarə etmək üçün proaktiv strategiyalar hazırlamalıdır."