Almaniya ötən il Avropa İttifaqının ən böyük donoru olub | Banco.az

Almaniya ötən il Avropa İttifaqının ən böyük donoru olub

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniya 2023-cü ildə Fransanı qabaqlayaraq Avropa İttifaqında (Aİ) ən böyük xalis donor olub.

Banco.az xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyatı İnstitutunun (IW) məlumatında deyilir. 

İnstitutun qiymətləndirməsinə görə, ölkə Aİ büdcəsinə ondan aldığından 17,4 milyard avro çox ödəyib. 2022-ci ildə bu rəqəm 19,7 milyard avro təşkil edib. IW-nin məlumatına görə, azalmanın səbəbi bu il də təsir göstərə biləcək zəif iqtisadi vəziyyət olub.

2023-cü ildə Fransa aldığından təxminən 9 milyard avro çox ödəyib. İtaliya təxminən 4,5 milyard avro xalis töhfə ilə üçüncü yerdədir. Əvvəlki ildə olduğu kimi, 2023-cü ildə ən böyük xalis alıcı 8,2 milyard avro ilə Polşa, daha sonra Rumıniya (6 milyard avro) və Macarıstan (4,6 milyard avro) olub.

Qeyd olunur ki, Almaniya Aİ-nin daxili bazarından ən çox faydalanan ölkədir. Ötən il Aİ-nin büdcəsi 173,1 milyard avro təşkil edib. Bunun 143,4 milyard avrosu Aİ-yə üzv ölkələrə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram