Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Lizinq haqqında çox danışılsa da, onun konkret mexanizmlərini bilən azdır.
Banco.az lizinqlə bağlı bilinməli olan vacib detalları təqdim edir:
Lizinq bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Müqavilə müddəti bitdikdən sonra avadanlıq (əmlak) lizinq şirkətinin razılığı ilə qalıq dəyəri ödənilməklə lizinqalanın mülkiyyətinə keçir. Bu zaman icarə müddəti əmlakın tam amortizasiya müddətinə bərabər və ya ondan az olmalıdır.
Lizinqin 3 əsas iştirakçısı var – lizinq alan, lizinq verən və satıcı.
Müddətindən asılı olaraq 3 növ icarə müqaviləsi mövcuddur:
Qısamüddətli icarə (rentinq, ing: renting) – 1 gündən 1 ilə qədər müddətə;
Ortamüddətli icarə (hayrinq, ing: hiring) – 1 ildən 3 ilə qədər müddətə;
Uzunmüddətli icarə (lizinq, ing: leasing) – 3 ildən 20 ilə qədər.
Lizinqi kreditdən fərqləndirən cəhətlərindən biri sənədlərin və girovun tələb olunmamasıdır.
Lizinq vasitəsilə isə hər hansı bir avadanlıq aldığınız zaman sizdən bankla müqayisədə bir çox sənədlər tələb olunmur. Səbəbi isə aldığınız əşyanın sənədləri şirkətin adına qalacağı ilə bağlıdır. Yalnız borcunuzu ödədiyiniz təqdirdə həmin avadanlıq şəxsi mülkiyyətiniz hesab oluna bilər:
Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır.
Lizinq vasitəsilə əldə edə biləcəyiniz əmlaklar:
İstehsalat və emal avadanlıqları;
Yük və minik avtomobilləri, avtobuslar, xüsusi texnikalar;
Soyuducu və saxlanc anbarları, anbar avadanlıqları;
Tibb və kosmetoloji avadanlıqlar;
Daşınmaz əmlak (qeyri-yaşayış sahələri);
Tikinti texnikaları;
İT avadanlıqları;
Kənd təsərrüfatı texnikaları.
Qeyd edək ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz.