Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Bir çox hallarda şirkətə təyin olunan menecerlər idarə etdiyi keçmiş şirkətin qayda və qanunlarını, şəxsi təcrübələrini yeni iş yerlərinə köçürməyə tələsirlər. Bu idarəetmədə sayılan səhvlərdən biridir”.
Bunu Banco.az-a açıqlamasında Azərbaycanda bir çox tanınmış şirkətlərlə çalışan təlimçi Ahmet Kandemir deyib. O bildirib ki, yeni rəhbərlər həyata keçirdikləri idarəetməyə çox diqqətlə yanaşmalı, olduğunu iş mühitinin konfortunu pozmamalıdır:
“Hər bir şirkətin öz mədəniyyəti, iş aurası, prinsipləri var. Əgər yeni rəhbər ilk gündən öz doğrularını təlqin etməyə çalışarsan, bu şirkətdə ciddi problem yarada bilər.Həmin şirkətin də özünəməxsus qaydaları, işçilərin çalışma üsulları var. Ona görə də, ilk gündən nəyi isə dəyişmək yerinə, idarəçi olaraq əməkdaşlara diqqət göstərmək lazımdır”.
Ahmed Kandemir düşünür ki, belə məqamlarda liderlərin atacağı ən yaxşı addım kənardan müşahidə ilə bağlı olmalıdır:
“Yeni rəhbər iş prosesinə müdaxilə etmədən, əməkdaşların iş icra etmə üsullarını izləməlidir.Bu zaman balansı müəyyən edib, o şirkətdəki işçilərin iş görə bilmə qabiliyyətlərini analiz etmək lazımdır.
Şirkətin işçilərinin bacarıqlarını qiymətləndirmədən ideya, layihə və ya yeni iş yanaşmasını həyata keçirmək heç vaxt mümkün deyil. Məsləhətim odur ki, yeni rəhbər radikal qərarlar verib, şirkətdə iş prosesini kökündən dəyişdirəcək hərəkətlər etmədən öncə, heç olmasa ilk iki-üç ayda mütləq müşahidəçi olmağı bacarmalıdır”.
Bizi sosial şəbəkələrdən izləyin!!