Rəqabət Məcəlləsi iqtisadiyyatın inkişafına hansı töhfələr verəcək? | Banco.az

Rəqabət Məcəlləsi iqtisadiyyatın inkişafına hansı töhfələr verəcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Rəqabət Məcəlləsi əhalinin sosial rifahına xidmət edən, insanların məhsullara və ehtiyaclarının ödənilməsinə əlçatanlığı təmin edən, hər bir ölkənin iqtisadi qanunvericilik bazasının vacib hüquqi sənədidir”.

Bu fikirləri Banco.az açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, Rəqabət Məcəlləsi KOB-ların yaranmasına və inkişafına xidmət edir:

“Rəqabət Məcəlləsi sahibkarlıq subyektlərinin inkişafına və yenilərinin yaranmasına imkan yaradan sənəddir. Rəqabətin olması üçün rəqabəti dəstəkləyən hüquqi baza olmalıdır. Hesab edirəm ki, Rəqabət Məcəlləsi ölkədə sahibkarlığın inkişafına, yeni sahibkarlıq subyektlərinin yaranmasına, rəqabətli bazar mühitinin formalaşmasına ciddi töhfə verir”.

Həmçinin oxu: İnhisarçılığa qarşı hesablanmış addım: Rəqabət Məcəlləsi nəyi dəyişəcək?

Rəqabət mühiti olanda investorların da bazara daha çox maraq göstərdiyini bildirən ekspert deyib ki, rəqabətin olduğu yerdə biznes mühiti inkişaf edir, inhisarçılıq meylləri azalır.

“Amma bu məcəllənin işə düşərək effektiv nəticələr verməsi üçün hələ görüləcək işlər var. Bu işin ən böyük hissəsi Məcəllənin qəbul edilməsi idi ki, bu nəhayət baş verdi. Hesab edirəm ki, Rəqabət Məcəlləsi inkişaf etmək istəyən iqtisadiyyatların “olmazsa olmaz”ıdır. Onun daha təkmil mexanizmə gətirilməsi isə zaman məsələsidir”.

İqtisadçı Razi Abbasbəyli isə hesab edir ki,  Rəqabət Məcəlləsinin işləyə bilməsi üçün ilk növbədə ticarət münasibətlərində rəqabət mühiti yaradılmalıdır:

“Qəbul edilmiş Rəqabət Məcəlləsi kifayət qədər mütərəqqi  sənəddir. Bu sənəddə dünyanın bir sıra ölkələrində tətbiq edilən müasir tələblər, bazar münasibətlərində tətbiq edilən əsas məqamlar nəzərə alınıb.  Qanunun işləməsi üçün  inhisarçılıq ortadan qaldırılmalı, şəffaf mexanizmlər tətbiq edilməlidir. Əgər daxili bazarda rəqabətli mühit formalaşarsa və nəticə etibarilə də Rəqabət Məcəlləsinin işləməsi mümkün ola bilər”.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov Rəqabət Məcəlləsinin təsdiqi barədə fikirlərini bildirib. İqtisadçı qeyd edib ki, Məcəllə ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək:

“Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.

Yeni Məcəllə inhisara qarşı mübarizə, kiçik və orta sahibkarlığın daha yaxından dəstəklənməsi, qiymətlərin optimallaşdırılması və hətta bəzi məhsullar üzrə qiymətlərin azaldılması baxımından da əhəmiyyətlidir. Bu gün bütün inkişaf etmiş ölkələrdə bu istiqamətdə qanunvericilik var. Avropa İttifaqında ən vacib qanunlardan biri də rəqabət ilə bağlı qanundur. Ona görə də Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, bazarın liberallaşmasında, bazara çıxış imkanlarının artırılmasında və inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” fərman imzalayıb. Bu qanun 12 fəsil, 84 maddədən ibarətdir. Fərman 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram