Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Planetimizin ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi okeanlar ilə əlaqəsinin olmasından dolayı suyun səviyyəsi dəyişkən xarakter daşıyır.
Banco.az xəbər verir ki, statistikaya görə hazırda okean səviyyəsindən təqribən 28 metr aşağı olan Xəzər dənizinin su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə isə 20-25 santimetr enmə müşahidə edilib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, son 10 il ərzində Xəzər dənizinin səviyyəsi 114 sm aşağı düşüb. Nazir müavini qeyd edib ki, hazırda Xəzər dənizinin səviyyəsi Baltik dənizi ilə müqayisədə -28,78 metr təşkil edir:
"Son 5 ildə səviyyə 69 santimetr, 10 ildə isə 114 santimetr aşağı düşüb. Bu, bütün Xəzəryanı ölkələri narahat edən problemlərdən biridir. Ötən ilin oktyabrında Azərbaycanın təşəbbüsü ilə bu məsələ barədə konfrans keçirilmişdi. Noyabrın 2-də növbəti konfrans olacaq. Əməkdaşlarımız həmin konfransa hazırlaşırlar. Orada adaptasiya tədbirlərinin hazırlanması və problem ətrafında müzakirələr aparılacaq".
Ən aşağı səviyyə son 100 ildə müşahidə olunub və 1977-ci ildə qeydə alınıb. Həmin səviyyəyə çatmağa qədər hələ ki, 80 santimetr var.
Xəzərin qidalanmasında əsas yeri Volqa çayının hövzəsi tutur. Volqa çayından başqa burada Terek, Sulak, Samur, Kür, Emba, Qafqazın kiçik çayları və İran sahillərindən axan çaylar aiddir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Son 200 ildə təxminən 4 metr amplitutda mütəmadi olaraq su səviyyəsi ya qalxır, ya da düşüb.
Araşdırmalar göstərir ki, lazımi tədqiqatlar aparılmasa, Xəzər dənizi bu əsrin sonuna kimi 9-18 metr aşağı düşərək səthinin 25-30%-ni itirə bilər. Dəniz səviyyəsinin aşağı düşməsi təkcə qonşu ölkələrin ətraf mühitinə və iqtisadiyyatına deyil, həm də geosiyasi vəziyyətə dağıdıcı təsir göstərəcək.
Xəzər dənizinin səviyyəsinin enməsi gəmilərin fəaliyyətinə də təsir edir.
AMEA Coğrafiya İnstitutunun "Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası" şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev bildirib ki, Xəzərdə suyun azalması neft sənayesinə, balıqçılığa mənfi təsir etməklə yanaşı, gəmilərin limana yaxınlaşmasına da mane olur.
Bəs Xəzərin qurumasına nə səbəb olur?
Qlobal istiləşmənin mövcud templə inkişafının nəticəsi olaraq Xəzər dənizinin akvatoriyasının Rusiya hissəsi 75 ildən sonra xeyli daralacaq. BDU-nun “İqtisadi və sosial coğrafiya” kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov deyib ki, Xəzərdə suyun səviyyəsinə Günəşin fəallığı, Yerin səthində gedən texnogen və Xəzərdə baş verən tektonik proseslər, bir də insanın antropogen təsiri, sahil ərazilərin mənimsənilməsi təsir edir.
Ekoloqlar digər bir səbəb kimi, Xəzərə tökülən çaylara axıdılan çirkab sularının da neqativ təsirini göstərirlər. Xəzərə tökülən suyun təxminən 80%-ni təmin edən Volqaçayı üzərində sayı bir miyondan çox olan 8 şəhər və yüzlərlə sənaye müəssisələrinin yerləşir. Bu da problemi yaradan əsas amillər sırasındadır. Kür çayı Xəzərə axan suların cəmi 5-6%-ni təmin etsə də, ona birləşən Araz çayının qolu olan Oxçuçaya son 2-3 onillikdə Ermənistanın dağ-mədən şirkətlərinin axıtdığı çirkablar da öz neqativ təsirini göstərib.
Tədqiqatçılar hesab edir ki, proses 2030-cu ilə qədər davam edə bilər.
Politoloq Sahil İskəndərov problemdən çıxış yolu kimi bildirib ki, Xəzərin səviyyəsinin enməsinin qarşısının alınmasında ən önəmli rolu Rusiyanın oynaya bilər:
“Bunun üçün Volqa çayının və Xəzər dənizinin yaxınlığından axaraq, Rusiyanın Volqoqrad vilayətindəki Tsimlyan su anbarını dolduran Don çayının imkanlarından istifadə edilə bilər. Amma iqlimin istiləşməsi fonunda bunu etmək çətin ki, mükün olsun. Digər və daha böyük miqyaslı alternativ variant isə Azov və Xəzər dənizlərini birləşdirəcək 700 kilometrlik yeraltı və ya yerüstü su kəmərinin çəkilməsidir. Bu kəmər vasitəsilə açıq su hövzəsi olan Azov dənizindən qapalı su hövzəsi olan Xəzər dənizinə su axını təmin edilə bilər ki, bu da Xəzərin dünya okeanına çıxışı deməkdir”.
Xəzərdə suyun səviyyəsinin optimal dərəcədə yüksək qalmasından təminən 80 milyon insan faydalana bilər. Mütəxəssislər hesab edir ki, səviyyələri xeyli aşağı enmiş Aral və Ölü dənizlərindən fərqli olaraq, Xəzərin əhəmiyyəti daha böyükdür.
Qeyd edək ki,Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası 2003-cü ilin noyabrında beş Xəzəryanı ölkə: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri tərəfindən imzalanıb. Konvensiyanın məqsədi Xəzər dənizinin dəniz mühitini çirklənmədən qorumaq, o cümlədən onun bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadəsidir.
Bizi sosial şəbəkələrdən izləyin!!