Banklarda əmlakın qiymətləndirilməsində hansı yenilik tətbiq ediləcək? | Banco.az

Banklarda əmlakın qiymətləndirilməsində hansı yenilik tətbiq ediləcək?

Müəllif: Gülbəniz Hüseynli /Banco.az

Milli Məclis “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.

Banco.az xəbər verir ki, 6 fəsil 27 maddədən ibarət olan layihə qəbulu qiymətləndirmə fəaliyyəti sahəsində mövcud olan boşluqların və problemlərin aradan qaldırılması, fiziki və hüquqi şəxlərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olması ilə bağlı tələblərin müəyyən edilməsi, ümumilikdə qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edəcək.

Bu barədə danışan millət vəkili Vüqar Bayramov bildirib ki,  qanun layihəsi əmlakın daha dəqiq, ölçülə bilən və bəlli meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradacaq:

“Nəzərə almaq lazımdır ki, əvvəlki dövrdə bir sıra banklar tərəfindən əmlakın daha ucuz qiymətləndirilməsi həyata keçirilirdi və nəticədə, verilən kreditin həcmi qiymətləndirilmiş əmlakın dəyərinə uyğun olaraq müəyyənləşdirilirdi. Bu baxımdan, yeni qiymətləndirmə qaydaları həm də vətəndaşlarımıza eyni əmlakı girov qoymaqla daha çox kredit almaq imkanı verəcək. Bu baxımdan gözlənilir ki, vətəndaşların götürdüyü kreditlərin həcmində artım olsun”, - deyə deputat əlavə edib”.

Maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov Banco-az-a açıqlamasında vurğuladı ki,  “Qiymətləndirmə fəaliyyəti haqqında” hazırda mövcud olsa da, onun elə bir əhəmiyyəti yoxdur:

“Yəni qanunun olması və  yaxud olmaması heç nəyi dəyişmir. Kim istəyirsə lisenziya, icazə almadan  qiymətləndirmə sahəsində sərbəst fəaliyyət göstərə bilir.  Deyərdim ki, bu sahədə tam özbaşınalıqdır.

Məsələn, hər hansı bir şəxs girov əmlakının qiymətləndirilməsi zamanı qiymətləndiriciyə pul verir ki, onun istədiyi qiyməti diqtə etsin. Banklar isə həmin əmlakın aşağı qiymətlə qiymətləndirilməsində maraqlıdırlar. Nəticədə, həmin əmlak hərracda  dəyər dəyməzinə satılacaq. Girov qoyanlarsa əksinə əmlaklarının hərraca daha şişirdilmiş bir qiymətə  satılmasını istəyirlər.  Bu sahədə hərc-mərclik çoxdur,  xeyli korrupsiya, özbaşınalıq və  qanunsuzluq var. Ümid edirəm ki, bu qanun nəyisə dəyişərək boş qalan məqamları tənzimləyəcəkdir”.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı ekspert Xalid Kərimli də hesab edir ki, yeni qanun layihəsi vətəndaşların daha yüksək məbləğdə kredit götürməsinə imkan yaradacaq. Bu da sahibkarlar və biznes sahəsində çalışanların işini xeyli asanlaşdıracaq.

Məlumat üçün bildirək ki,  oktyabrın 6-da Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilən bu qanun Azərbaycan Respublikasında əmlakın qiymətləndirilməsi fəaliyyətinin ümumi prinsiplərini müəyyən edir, habelə bununla bağlı yaranan təşkilati, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et