Maliyyə bazarları sahəsində lisenziyaların (icazələrin) verilməsi, verilmiş lisenziyaların (icazələrin) qüvvəsinin dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi maliyyə bazarlarını tənzimləyən qanunlara uyğun olaraq Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forma və məzmunu Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. Mərkəzi Bank maliyyə bazarlarında lisenziya (icazə) tələb edən fəaliyyətin müvafiq lisenziya (icazə) olmadan göstərilməsi faktını aşkar etdikdə belə fəaliyyətlə məşğul olan şəxslərə bu fəaliyyətin və təqdim edilən xidmətin (məhsulun) reklamının və ya hər hansı digər formada yayımlanmasının dərhal dayandırılması tələbi barədə bildiriş təqdim edir, bu barədə məlumatı özünün rəsmi internet səhifəsində və mediada açıqlayır, habelə qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir Mərkəzi Bank nəzarət subyektlərinə verdiyi lisenziya və icazələrin ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir. Reyestrə nəzarət subyektlərinin və onların filial, şöbə və nümayəndəliklərinin adları, ünvanları, rəhbər şəxslərinin adları, verilmiş lisenziya və icazələrin qeydiyyat nömrələri və tarixi, qüvvəsi məhdudlaşdırılmış, dayandırılmış və ləğv edilmiş lisenziyalar və icazələr barədə, habelə maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda digər məlumatlar daxil edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Apa
Bizi sosial şəbəkələrdən izləyin!!