Müəllif: Tamara Mustafayeva, Banco.az
Banco.az bugünkü məqalədə ilk dəfə iş müsahibəsinə getməyə hazırlaşan və ya daha çox təcrübə toplamaq istəyənlər üçün olduqca faydalı tövsiyələr təqdim edəcək.
Belə ki, adətən iş müsahibəsində İnsan Resursları şöbəsinin əməkdaşları yeni namizədlərə müvafiq suallar ünvanlayırlar. Bu suallardan bəziləri şablon xarakter daşısa da, bəzi suallar olduqca yaradıcı və düşündürücü cavablar tələb edir.
Odur ki, gəlin həmin suallardan 10-u ilə və bu suallara verilə biləcək ən doğru cavablarla tanış olaq.
1. Tutaq ki, müdiriniz sizin işdəki ildönümünüz münasibətilə tort hazırladıb. Həmin tortun üzərində sizi ən yaxşı tanıdacaq hansı beş ifadə olardı?
Sualı oxuduğunuz ilk anda çox da böyük məna kəsb etmədiyini düşünə bilərsiniz, ancaq buradakı əsas məqsəd müdirinizin sizi necə dəyərləndirdiyinə dair sizdə fikir formalaşıb formalaşmadığını öyrənməkdir. Bu suala cavab verməzdən əvvəl düşünün ki, iş yoldaşlarınız sizi necə təsvir edərdi?
Yaradıcı və özünəməxsus cavablar verməkdən çəkinməyin, ancaq uzun cümlələrdən yayının. Nəticədə tortun üzərində uzun bir abzas yazı görmək istəməzsiniz.
2. Keçmişə aid kiminlə axşam yeməyinə getmək istərdiniz və nə üçün?
Sualı cavablamazdan əvvəl keçmişdə və hazırda kimə heyranlıq duyduğunuzu düşünün. Bu insan hər hansı bir yazıçı, aktyor ya da aktrisa, elm insanı, hətta çalışdığınız sektorun qabaqcıl simalarından biri ola bilər. Daha sonra isə “Onun gördüyü hansı işləri bəyənirəm?”, “Hansı xüsusiyyətləri mənə ilham olub?”, “Yemək zamanı hansı mövzularda söhbət edə bilərik.” kimi sualları beynizində cavablandırmağa çalışın və sizə ünvanlanan müsahibə sualına cavab verin.
3. Sizi əks etdirən hər hansı bir marka adı söyləyin.
Bəli, sualı düzgün başa düşmüsünüz, burada sizin bəyəndiyiniz deyil, sizə ən uyğun olan marka soruşulur. Suala cavab verərkən sizin üçün təməl dəyərləri, məsələn ailə və etika dəyərlərini və bunlara uyğun olan markaları düşünün. Odur ki, həmin markaların adlarını çəkin və onları nə üçün seçdiyinizi əsaslandırın.
4. Nə vaxtsa kifayət qədər məlumatlı olmadığınız bir mövzuda verməli olduğunuz qərarı açıqlayın.
İş müsahibəsinə hazırlaşaraq gedəcəyinizi nəzərə alsaq, bu o deməkdir ki, keçmiş təcrübələriniz və uğurlarınızdan danışmağa hazırsınız. Yəni, bu uğurlardan birinə əsasən sözügedən sualı cavablandıra bilərsiniz. Burada əsas məqsəd bu kimi çətin vəziyyətlərin öhdəsindən necə gəldiyiniz və çətinliklərə qarşı dözümlü olub olmadığınızı öyrənməkdir.
5. Bizi hər hansı bir fikrin doğruluğuna, daha sonra da əksinə inandırın.
Bu suala cavab verməzdən əvvəl hər hansı bir fikir ətrafında düşünün. Bu, mütləq deyil ki, sizə məxsus bir fikir olsun. Hətta sualı ünvanlayanlardan onların ağlında hər hansı bir fikir olub olmadığını da soruşa bilərsiniz. Əgər sizin fikir irəli sürməyiniz tələb edilsə, o halda əvvəlki iş yerinizdə kolleqalarınızla və ya gündəlik həyatınızda dostlarınızla müzakirə etdiyiniz hər hansı bir mövzudan bəhs edə bilərsiniz.
Bu sualın əsas məqsədi fikirləriniz ətrafınızdakı insanlarınki ilə uyğunlaşmadıqda necə reaksiya verdiyinizi və doğru hesab etdiyiniz fikri necə əsaslandırdığınızı öyrənməkdir.
6. İş yoldaşlarınızın xoşunuza gəlməyən hər hansı bir xüsusiyyəti məhsuldarlığınızı azaldır. Bu problemin öhdəsindən necə gələrsiniz?
Kifayət qədər çaşdırıcı sual olsa da, bu, sizin iş yoldaşlarınızla aranızda yaranan hər hansı problemin öhdəsindən necə gəldiyinizi bilmək üçün olduqca əhəmiyyətlidir. Əgər daha əvvəl bu kimi vəziyyətlə qarşılaşmısınızsa, bu, sizin üçün bir üstünlükdür. Əks halda, “sizi nə əsəbləşdirə bilər, oxşar vəziyyətdə iş yoldaşlarınızla münasibəti korlamadan məsələni necə həll edə bilərsiniz” kimi suallara cavab tapmağa çalışmalısınız.
7. Qəzetin ilkin olaraq hansı səhifəsini oxuyursunuz? Bu, sizin xarakterinizlə bağlı bizə nə izah edir?
Bu sualın əsas məqsədi sizi fərdi olaraq daha yaxından tanımaqdır. Cavab verməzdən əvvəl adətən hansı qəzet başlıqlarının sizin diqqətinizi çəkdiyini xatırlamağa çalışın: texnologiya, moda, cari xəbərlər və s. Daha sonra isə marağınıza səbəb olan sahənin işinizlə hər hası əlaqəsinin olub olmadığını düşünün.
8. Tərcümeyi-halınızı bir kənara qoyun və kimliyinizi formalaşdıran nüansları söyləyin.
Belə bir sualla qarşılaşdığınız zaman verəcəyiniz cavabların CV-nizdə yazılanlarla üst-üstə düşməməsinə, yəni eyni məqamları təkrarlamamağa diqqət yetirin. Çünki qarşınızdakı insanlar sizin haqqınızda kifayət qədər informasiyaya sahibdirlər. Odur ki, bu suala daha fərdi aspektdən yanaşaraq ən münasib cavabları verməyə çalışın. Məsələn, nə üçün bu sektoru seçdiyinizi, sektorda sizi hansı xüsusiyyətin digərlərindən fərqləndirdiyini və s. qeyd edə bilərsiniz.
9. Keçmiş müdirinizlə aranızda hansı problem yaşanılıb?
Bu suala cavab verərkən unutmayın ki, əsla keçmiş müdirinizi və ya iş yoldaşlarınızı sərt tənqid edə bilməzsiniz. Sualın əsas məqsədi hansı səbəbdən yeni iş axtardığınızı öyrənməkdir. Cavabı isə ayrı-ayrı şəxslərdə deyil, özünüzdə axtarın.
10. Bizə birlikdə işlədiyiniz ən uğursuz müdirdən bəhs edin.
Siyahının sonuncu sualı, əslində elə ən çaşdırıcı və həlledici sualdır. Belə ki, qarşınızdakı insanın sizin tərümeyi-halınızla ətraflı tanış olduğunu və daha əvvəl birlikdə işlədiyiniz insanları bəlkə də, şəxsən tanıdığını unutmayın. Bu suala cavab vermək üçün hər hansı bir şəxsin adını çəkmək əvəzinə doğru hesab etmədiyiniz hər hansı liderlik xüsusiyyətindən bəhs edə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!