Müəllif:Ayşən İmanova/Banco.az
Yunanıstan, 10 ildən çox əvvəl ölkədə baş verən maliyyə böhranı zamanı yaranmış borcların ödənilməsini sürətləndirməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Kiriakos Misotakis bildirib.
Qeyd olunur ki, söhbət 2033-2042-ci illərdə ödəmə müddəti olan istiqrazlardan gedir.
“Biz əsas diqqəti büdcə intizamına yönəltmişik”, - deyən Misotakis, borcların vaxtından əvvəl ödənilməsinin hökumətin maliyyəsinə “etimad siqnalı” olduğunu qeyd edib.
Avropa Komissiyasının proqnozuna görə, Yunanıstanın ÜDM-i 2025-ci ildə 2,3%, 2026-cı ildə isə 2,2% artacaq. Eyni zamanda, AK 2025 və 2026-cı illərdə bütövlükdə avrozona üzrə ÜDM-in müvafiq olaraq 1,3% və 1,6% artacağını gözləyir.
Yunanıstanın avrozona üzvlüyünü təhdid edən maliyyə böhranının pik nöqtəsində, ölkədə işsizlik 30%-ə yaxın olub. Bunun 2024-cü ildə 10,5%, 2028-ci ildə isə 8,5%-ə qədər azalacağı proqnozlaşdırılır.
Böhran zamanı ölkə hökuməti tərəfindən tətbiq edilən və ya artırılan bir çox vergilər aşağı salınıb və ya ləğv edilib, minimum əmək haqqı isə 2019-cu ildəki 650 avrodan ayda 830 avroya yüksəlib.