Müəllif: Musa Əhmədov
Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində yol vergisi üzrə vergi daxilolmaları illik 78 mln. manat təşkil edəcək.
“APA-Economics”in hesablamalarına görə, bu dəyişiklik yol vergisi üzrə daxilolmaların həcminin 3,5 dəfə artmasına gətirib çıxaracaq.
Məsələ ondadır ki, 2013-cü ildən bəri ölkədə yol vergisi üzrə dövlət büdcəsinə daxilolmaların həcmi azalmağa başlayıb. Belə ki, 2012-ci il ilə müqayisədə 2013-cü ildə yol vergisi üzrə daxilolmaların həcmi 15%-ə yaxın azalaraq 24 mln. 383,5 min manat təşkil edib. Bundan başqa, azalma tendensiyası növbəti il ərzində də davam edib. Belə ki, 2013-cü il ilə müqayisədə 2014-cü ildə bu göstərici üzrə 8,5% azalaraq 22 mln. 313,9 min manat olub. Ümumiyyətlə, 2012-ci ilə nisbətən 2014-cü ildə yol vergisi üzrə azalma nə az, nə çox 22,1% və ya 6 mln. 341, 14 min manat təşkil edib.
Son 2 ildə yol vergisi üzrə daxilolmaların azalmasına 2013-cü ilin aprelin 20-dənNazirlər Kabinetinin "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərarı səbəb olub. Belə ki, bu qərara əsasən minik avtomobillərinin istehsal olunduqları vaxtdan keçən 4 il ərzində dövlət texniki baxışından azad olması, 4 ildən sonra isə iki ildə bir dəfə dövlət texniki baxışından keçməsi yol vergisinin azalmasına gətirib çıxarıb. Çünki, avtomobil sahibləri məhz texniki baxışdan keçəndə yol vergisini aşağıdakı qaydada ödəyirdi:
Vergitutma obyektinin adı
|
Yol vergisinin dərəcəsi |
Minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri:
|
20 manat
20 manat+mühərrikin həcminin 2000 sm³-dən çox hissəsi üçün hər sm³-ə görə - 0,02 manat
40 manat+ mühərrikin həcminin 3000 sm³-dən çox hissəsi üçün hər sm³-ə görə - 0,03 manat
70 manat+ mühərrikin həcminin 4000 sm³-dən çox hissəsi üçün hər sm³-ə görə - 0,04 manat
110 manat+ mühərrikin həcminin 5000 sm³-dən çox hissəsi üçün hər sm³-ə görə - 0,05 manat |
Qeyd edək ki, Tarif Şurasında müvafiq tarif tənzimləməsi belə əsaslandırılır:
Məlum olduğu kimi, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yararsız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub”.
Məlumatda o da qeyd olunub ki, yol vergisinin yanacağın qiymətinə əlavə edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur.