Oktyabrın 1-dən fiziki şəxslərin müflisləşməsi haqqında qanun qüvvəyə minib. Qanuna görə, arbitraj məhkəməsi 500 min rubldan ($7600) çox borcu olan və ödəniş tələbi 3 ay müddətindən yerinə yetirə bilməyən şəxslərlərin müflisləşməsi proseduruna başlayacaq. Bu haqda iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə öz fikirlərini paylaşıb:
“Yeni qanun nəinki vətəndaşları borc yükündən azad edəcək, həm də borclunun əmlak hüququnun müdafiə edə biləcək”.
Bu qanun xeyli vaxt idi müzakirə olunurdu və onun qəbulu müxtəlif səbəblərdən ləngidilirdi.
Dünyanın əksər ölkələrində bu tipli qanunlar mövcuddur. Böyük Britaniya və Fransada kredit ödənişindəki ləngimələr 120 günü keçirsə bu halda vətəndaşın müflisləşməsi proseduruna başlanır. Almaniyada bu müddət 4-6 həftə çəkir. Yaponiyada özünü müflis hesab şəxs şirkət rəhbəri, vəkil, notaius, mühasib işləmək hüququnu ömürlük itirir.
Azərbaycanda kredit bataqlığında olan insanların sayı kifayət qədərdir. Təsadüfi deyil ki, son dövrlər bankların verdikləri kreditləri geri ala bilməmək problemlərini görürük. Mətbuatda kredit borcuna görə özünə qəsd edənlər barədə məlumatlar da getdikcə çoxalır. Səbəb sadədir: hansısa problemi həll etmək və ya biznes qurmaq üçün kredit götürmüş vətəndaş müəyyən səbəblərdən onu geri qaytara bilmir. Çıxış yolunu başqa bankdan daha yüksək faizlə kredit götürüb köhnəni bağlamaqda görürür. Beləliklə də kredit zəncirində ilişir və xilas olmaq şansını birdəfəlik itirir.
Azərbaycanda da fiziki şəxslərin müflisləşməsi faktı qanunvericiliklə tənzimlənməlidir. Bunun üçün “Fiziki şəxslərin müflisləşməsi haqqında” Qanun qəbul edilməlidir. Belə qanunun qəbulu imkan verəcək vətəndaşın ödəmə qabiliyyətinin olmaması rəsmi sürətdə tanınsın və götürdüyü krediti restrukturizasiya etmək imkanı qazansın və ən nəhayət hər şeyə yenidən başlamaq şansı əldə etsin.