Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti yeni pilot layihənin icrasına başlayacaq. İlk öncə Ağcəbədi, Bərdə və İmişlidə başlanılacaq layihəyə görə, kreditlər fermerlərə girov tələb edilmədən veriləcəkdir.
Banco İTV-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə bildirib.
Rüfət Rüstəmzadə qeyd edib ki, kredit vəsaitləri fermerlərə bir dəfəyə yox, mərhələli şəkildə veriləcək. Məhsul istehsalçılarına biznes-planın hazırlanmasında da köməklik göstəriləcəkdir.
Layihədə iştirak edəcək fermerlərin kreditləşməsinə gələn aydan başlanılacaq.
Bundan başqa, fermerlərin məhsullarını bazarlara çıxartmalarına dəstək veriləcək. Növbəti layihə fermerlərin kooperativləşmələrini təmin etməkdir:
“Şərti olaraq deyək ki, ay ərzində 1 marketin 1 ton məhsula ehtiyacı ver. Bir fermer isə hər ay bu qədər məhsulu təkbaşına verə bilmir. Bu səbəbdən fermer bazar ilə işini qura bilmir. Ona görə, kooperativ şəkilində iş qurulub bir brend adı altında məhsul istehsal olunarsa, marketi il boyu məhsul ilə təchiz edə bilərlər”.