Köçürmələrdə aylıq 50 min manatlıq limit: Müsbət və mənfi tərəflər nələr olacaq? | Banco.az

Köçürmələrdə aylıq 50 min manatlıq limit: Müsbət və mənfi tərəflər nələr olacaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını dəyişib. Qaydaya əsasən bir elektron köçürmənin məbləği 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bundan yuxarı olduqda həmin əməliyyat barədə MMX-yə məlumat təqdim ediləcək.

Eyni zamanda, fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxslərin bir təqvim ayı ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 50 min manatı keçdikdən sonra həmin ay ərzində aparılan hər növbəti elektron köçürmə də MMX-yə təqdim olunacaq. Yeni qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bəs bu qərarın müsbət və mənfi tərəfləri nələr olacaq?

İqtisadçı Rəşad Həsənov Banco.az-a açıqlamasında bildirib ki, Maliyyə Monitorinqi Xidmətinin müvafiq qərarı elektron pul köçürmələri sahəsində nəzarətin əhatə dairəsinin daha da genişləndirilməsi və bu istiqamətdə manevr və manipulyasiya imkanlarının məhdudlaşdırılması xarakteri daşıyır:

"Artan dövriyyə və elektron pul köçürmələrinin genişlənən miqyası fonunda bu, əsas məsələlərdən biri kimi xarakterizə oluna bilər.

Burada qeyri-qanuni pul dövriyyəsinin və cinayətkarlığın qarşısının alınması, həmçinin terrorizmin dəstəklənməsi istiqamətindəki təşəbbüslərin məhdudlaşdırılması da nəzərə alınan əsas məqamlardandır.

Bu qərarın əsas dəyişikliklərindən biri elektron pul köçürmələri üzrə hesabat verilməsi üçün artıq iki indikatorun tətbiq edilməsidir. Əvvəlki dövrlərdə yalnız bir köçürmə üzrə 20 000 manatlıq limit mövcud idi. Bu isə bəzi subyektlərə daha aşağı məbləğlərlə çoxsaylı ödənişlər həyata keçirməklə həmin məhdudiyyətdən yayınmaq imkanı yaradırdı.

Bundan sonra isə 20 000 manatla yanaşı, 50 000 manat həddi də nəzərə alınacaq. Bu o deməkdir ki, bir neçə əməliyyat nəticəsində subyekt 50 000 manatlıq limiti keçdikdə, artıq Maliyyə Monitorinqi Xidmətinə müvafiq hesabatları təqdim etməlidir".

İqtisadçının sözlərinə görə, bu dəyişiklik bir tərəfdən şəffaflığın və nəzarət imkanlarının genişləndirilməsinə xidmət etsə də, digər tərəfdən bank sektoru üçün əlavə inzibati yük yarada bilər: "Ödənişlər üzrə hesabatların hazırlanması və məlumatların Maliyyə Monitorinqi Xidmətinə ötürülməsi əlavə resurs tələb edəcək.

Bundan başqa, ödəyicilərin nəzarətdən yayınmaq məqsədilə nağd ödənişlərə yönəlməsi kimi müəyyən mənfi təsirlər də yarana bilər. Qərar ödəyicilər üçün də əlavə inzibati yük formalaşdıraraq ödənişlərin həyata keçirilməsinə daha çox vaxt sərf olunmasına və nəticədə tranzaksiya xərclərinin artmasına səbəb ola bilər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram