“Yaşıl iqtisadiyyat əmək bazarı üçün yeni çağırışlar formalaşdırır” – Rəşad Həsənov | Banco.az

“Yaşıl iqtisadiyyat əmək bazarı üçün yeni çağırışlar formalaşdırır” – Rəşad Həsənov

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan üçün COP29, qlobal iqlim siyasətinə qoşulmaq, davamlı inkişafı təmin etmək və ekoloji baxımdan təhlükəsiz bir iqtisadiyyat qurmaq üçün böyük bir fürsətdir.

Bu tədbir ölkənin iqtisadiyyatını və ətraf mühitlə bağlı göstəricilərini yaxşılaşdırmağa, iqlim dəyişikliyi ilə mübarizədə yeni addımlar atmağa və beynəlxalq arenada daha güclü mövqe qazanmağa yardımçı ola bilər.

Bu barədə daha ətraflı Banco.az-ın suallarını iqtisadçı Rəşad Həsənov cavablandırıb:

Rəşad bəy,  COP29 tədbiri Azərbaycanın "yaşıl enerji" siyasətinə hansı töhfələri verə bilər?

COP29, digər davamlı siyasətlərlə yanaşı, yaşıl enerji siyasətini də Azərbaycan hökumətinin gündəminə gətirir. “Yaşıl enerji”yə keçidlə bağlı müəyyən addımlar artıq atılmağa başlanıb. Son illərdə alternativ və bərpa olunan enerji infrastrukturunun yaradılması istiqamətində müxtəlif layihələrə start verilib. Bu prosesə xarici ixtisaslaşmış şirkətlər də cəlb olunub. Lakin, hazırkı mərhələdə təşəbbüslər daha çox dövlət tərəfindən irəli sürülür. Gələcəkdə daha çevik təşviqedici siyasətlərlə özəl sektorun prosesdə iştirakının artırılması və enerji ilə özünütəminetmə fəaliyyətlərinin genişləndirilməsi mümkündür. Ölkənin yaşıl enerji potensialı yüksəkdir və bütün maraqlı tərəflərin prosesə cəlb olunması resurslardan səmərəli istifadə və ekologiyaya təsirlərin azaldılması baxımından böyük imkanlar yaradır.

Eyni zamanda, “yaşıl enerji” texnologiyaları yalnız enerji istehsalı deyil, enerjidən səmərəli istifadə sahəsində də inkişaf etdirilməlidir. Bu isə xərcli bir prosesdir və beynəlxalq təcrübə göstərir ki, bu sahədəki addımlar dövlət tərəfindən müxtəlif vasitələrlə dəstəklənməlidir. Belə ki, subsidiyalar, faizsiz kreditlər, vergi güzəştləri, sahibkarın istehsal etdiyi əlavə enerjinin dövlət tərəfindən alınması kimi mexanizmlər prosesin uğurla davam etməsinə kömək edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Yaşıl iqtisadiyyat” və rəqəmsal transformasiya əmək bazarına necə təsir göstərəcək?

“Yaşıl iqtisadiyyat” və rəqəmsal transformasiya əmək bazarı üçün yeni çağırışlar formalaşdırır. İlk növbədə rəqəmsal keçid əmək qüvvəsinə tələbi azaldaraq ciddi işsizlik riskləri yaradır. İkincisi əmək bazarının strukturu əhəmiyyətli səviyyədə dəyişir. Fiziki əmək tutumlu sahələrdən bilik tutumlu sahələrə transformasiya güclənir. Xüsusi ilə də rəqəmsal bacarıqlara tələbin artması ixtisassız peşə sahiblərinin iş tapmaq imkanını zəiflədəcək. Hökumətlər iki əsas istiqamətdə daha intensiv siyasətlər irəli sürməlidir. Birincisi peşə bacarıqlarının yeni çağırışlara uyğunlaşdırılması, təhsil sistemini sürətli transformasiyası,  ikincisi isə gəlir bərabərsizliyinin təsirlərini azaltmaq üçün güclü sosial müdafiə mexanizmləri qurmaqdır.

 “Yaşıl biznes”in inkişafı sahibkarlar üçün nə qədər maraqlıdır?Dövlətin "yaşıl enerji" təşəbbüslərinə hansı təşviq siyasətləri və həllər təklif etməsi vacibdir?

“Yaşıl iqtisadiyyat” , biznes üçün yeni fəaliyyət sahələrinə investisiya imkanı yaradaraq seçimləri genişləndirir. Dairəvi iqtisadiyyat çərçivəsində təkrar emal, tullantıların emalı və idarə olunması, yaşıl texnologiyaların istehsalı, davamlı mal və xidmətlərin tədarükü kimi sahələr geniş potensiala malikdir. Lakin praktikada bu imkanlardan yararlanmaq üçün sahibkarlardan daha geniş baxış, peşəkarlıq və uzunmüddətli həllərə inam tələb olunur ki, bu da Azərbaycan sahibkarları üçün çatışmazlıq yaradır.

Sahibkarlar əksər hallarda cari vəziyyətə fokuslanır və uzunmüddətli perspektiv prioritet olmur. Digər tərəfdən, yaşıl transformasiya biznes üçün əlavə xərclər yaradır ki, bu da sahibkarların qısa müddətli maraqları ilə ziddiyyət təşkil edir. Bu vəziyyətdə ya sahibkarların baxışlarının genişləndirilməsi, ya da dövlət tərəfindən təklif edilən təşviqlərin (subsidiyalar, vergi güzəştləri və digər dəstəklər) devrəyə daxil olması inkişafı dəstəkləyə bilər.